Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Qərb eksperti Putinin hədələri haqda: ‘Bu tələyə düşməməliyik’


Yakub Kalenski
Yakub Kalenski

Kalenski Putinin ötən il ruslarla ukraynalıların “tarixi birliyi” haqda çıxışının “Hitlerin dəftərindən götürüldüyünü” deyir.

Qərb illərlə Moskvadan gələ biləcək təhlükəni düzgün qiymətləndirməyib. Ancaq Rusiyanın Ukraynaya hücumuna və “nüvə şantajına” qətiyyətli cavab “iflic” vurmuş illəri qaytarmağa kömək edə bilər. Bunu tanınmış çex dezinformasiya və “hibrid təhlükə” mütəxəssisi Yakub Kalenski deyir.

Kalenski Helsinkidə yerləşən Avropa Hibrid Təhlükələrə Qarşı Keyfiyyət Mərkəzində (Hybrid CoE) çalışır. “Hybrid CoE” Avropa Birliyi və NATO-nun birgə beyin mərkəzidir.

Mütəxəssis deyir ki, Ukraynanın işğalına reaksiyaların Putinin hərəkətlərindən qaynaqlanan qorxunun təsiri altına düşməsinə imkan vermək yanlış olardı.

“Nüvə şantajı”

Kalenski bu ay AzadlıqRadiosunun gürcü xidmətinə geniş müsahibəsində belə deyib: "Bizim bu tələyə düşərək Putin nüvə silahını işlədərsə nə baş verəcəyinin müzakirəsinə başlamağımızı heç istəmirəm. Çünki inanıram ki, bu yalnız Putinin Kremlin qanunsuz, cinayətkar, soyqırım hərəkətlərinə qarşı çıxanlar arasında qorxu yaymasına kömək edir”.

Kiyev və Qərb Rusiya rəsmilərini “nüvə şantajı”nda - Ukraynadakı nüvə müəssisələrini ələ keçirməkdə və nüvə silahından istifadə ilə hədələməkdə günahlandırırlar. Ukraynada rusların ələ keçirdiyi nüvə obyektlərindən biri də Avropanın ən iri nüvə elektrik stansiyası olan Zaporojye AES-dir.

ABŞ Prezidenti Co Bayden bu ay Putinin Ukraynada nüvə silahı tətbiq edəcəyi halda “Armageddon ssenarisi” ehtimalı haqda xəbərdarlıq edib.

“Elə etməliyik ki, Rusiyanın daha kiməsə ziyan vura biləcək ordusu və ya iqtisadiyyatı olmasın. Bunu etməliyik. Daha Putinin nə edə biləcəyi sarıdan narahat olmalı deyilik”, – Kalenski AzadlıqRadiosuna deyib.

Boş hədələr

Kalenski 2015-ci ildə Krımın işğal və ilhaqından sonra Rusiyanın dezinformasiyasını önləmək üçün yaradılmış Aİ-nin “East StratCom” Operativ Qrupunun və “EUvsDisinfo” məlumat bazasının təsisçisidir. O bu yaxınlaradək Atlantika Şurasının Rəqəmsal Ekspertiza Tədqiqat Laboratoriyasının (DFRLab) baş tədqiqatçısı idi.

O, Rusiyanın on ildən artıq müddət ərzində silsilə kiberhücumlarına diqqət çəkir. 2007-ci ildə Estoniyaya Rusiya IP ünvanlarından hücum, 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı beşgünlük müharibəsi, daha sonra Krımın işğalı və Ukraynanın şərqində separatçıların qızışdırılaraq dəstəklənməsi də bunlar arasındadır.

"Dezinformasiya və təbliğat mütəxəssisi olaraq 15 il ərzində dəfələrlə işə salınan boş hədələr görmüşəm. [Moskva bu hədələrdən] sırf bizi iflic etdiyi üçün yararlanır. Ona görə də deyirəm ki, bu tələyə düşməməliyik. Çünki bu, Putinə məqsədinə çatmaqda kömək edir və Avropa və Avroatlantika dəyərlərimiz üçün döyüşən Ukraynaya ziyan vurur”, – Kalenski deyir.

Dezinformasiya “hibrid” müharibə kimi tanınan fenomenin əsas komponenti sayılır. “Hibrid” müharibə gizli kiberhücumlar, silahlı proksi qruplar və hərbi güc nümayişi də daxil olmaqla rəqəmsal və hay-tek taktikalarından yararlanan hərbi strategiyanı bildirən XXI əsr terminidir.

Rusiyanın mövqeyinin təkrarı

Kalenski Putinin uzun zamandan bəri apardığı informasiya müharibəsinin dilinin və yayılma dairəsinin uğurlu olduğunu deyir. Krımın ilhaqından Malayziya Hava yollarının təyyarəsinin Şərqi Ukrayna üzərində vurulmasına, pandemiyadan Ukraynada keçirilən saxta referendumlaradək bir çox hadisənin Avropa mediasına çıxarılması və bu zaman istifadə olunan dil xüsusi qeyd edilməlidir.

"Təəssüf ki, Rusiyanın dezinformasiya müharibəsi çox məharətlidir və nəhəng nəticələr əldə edə bilir. Təəssüf ki, bəzən onlar bizim debatı hansı formatda aparmağımıza da təsir edə bilirlər. Söhbət ‘Ukraynanı nə qədər çox dəstəkləsəniz, problemləriniz o qədər böyük olacaq, Rusiya qəzəblənib dəhşətli şeylər edəcək’ ritorikasından gedir”, – Kalenski deyir.

Ekspert hesab edir ki, bu cür cavablar “Rusiyanın mövqeyinin təkrarı sayılaraq gözdən salınmalıdır”.

Kalenski deyir ki, son zamanlar Rusiyanın təbliğat maşını “səhvlərə yol verməyə” başlayıb və onun “işləri o qədər də yaxşı getmir”.

Təhlilçi Ukrayna uğrunda döyüşü "demokratiya ilə avtokratiya, insan haqları ilə qanunsuzluq, qanunun aliliyi ilə gücün zorbalığı arasında təmiz toqquşma” kimi gördüyünü deyir. "Əslində, dəyərlərimiz üçün vuruşanları bundan qat-qat daha qətiyyətlə dəstəkləməli idik”, - o deyir.

Müstəqillik Aktının müəlliflərindən biri danışır
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Qərb pullarının Rusiyaya axını

Ekspert hesab edir ki, demokratik hökumətlər Rusiya ilə bütün işlərini dərhal dayandırmalı və onu dünya iqtisadiyyatından qoparmalı idilər.

Bir çox Qərb ölkələri Rusiyaya qarşı misli görünməmiş ticari, iqtisadi və s. sanksiyalar tətbiq etsələr də, Avropanın xüsusən də Rusiya neft və qazından asılılığı Aİ üzvlərini yaranmış enerji böhranı fonunda həssas durumda qoyub.

2022-ci ilin martında Aİ-nin 27 üzvünün hər biri Rusiya yanacağından asılılığa “mümkün qədər tez” son qoymaq haqda Versal Bəyannaməsini qəbul edib.

Aİ ölkələri o zamandan bəri on milyardlarla dollarlıq Rusiya yanacağı idxal edib. Üstəlik, mübahisələr hələ də bloku parçalamaqdadır. "Bununla bütün problemlərin həll olunacağını demirəm. Ancaq bir strateji kommunikasiya eksperti kimi hələ də Qərb pullarının Rusiyaya getməsinin çox pis mesaj olduğunu düşünürəm. Bunu yanlış hesab edirəm”, – Kalenski deyir.

“Hitlerin dəftəri”

Kalenskinin sözlərinə görə, Putin “artıq xeyli vaxtdır ki, hitlersayağı çıxışlar edir və bu, Kremlin Ukraynanın dövlət [və millət] olmamasına dair iddialarıyla üst-üstə düşür”.

O, Putinin ötən il ruslarla ukraynalıların “tarixi birliyi” haqda çıxışının “Hitlerin dəftərindən götürüldüyünü” deyir.

Kalenski Putinin 20 illik hakimiyyəti dövründə sovet diktatoru İosif Stalinə davamlı olaraq haqq qazandırılmasını da xatırladıb. "Diktatorlar adətən, digər diktatorlardan ilham alırlar. Bu bir növ onu göstərir ki, sən gələcəkdə cinayət törətmək istəyirsənsə, keçmişdəki cinayətlərə haqq qazandırmaqdan başlamaq işinə yarayır”, – o deyir.

Bu il fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG