Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

Azərbaycan üçtərəfli siyasi məsləhətləşmələri vacib sayır


İ.Əliyev və İ.Qaribaşvili "Qarabağ xanlığının irsi" sərgisinə baş çəkiblər.
İ.Əliyev və İ.Qaribaşvili "Qarabağ xanlığının irsi" sərgisinə baş çəkiblər.

Azərbaycan Bakı, Yerevan və Tbilisi arasında üçtərəfli siyasi məsləhətləşmələrin fəallaşdırılmasının tərəfdarıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Tbilisidə bildirib.

"Bu gün bizim həm də Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var. Ermənistan hazır olarsa, biz bu formata bu gün başlamağa hazırıq", - Əliyev Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, Bakı və Yerevan arasında sülh sazişinin imzalanması bütün Cənubi Qafqazda sülhün zəmanəti və yeni əməkdaşlıq imkanları üçün bir pəncərədir.

"Qarabağ müharibəsindən sonra yeni vəziyyət yaranıb. Yekun həll üçün Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Biz artıq beş təməl prinsipi Ermənistanla bölüşmüşük. Ümid edirik ki, Ermənistan siyasi iradə nümayiş etdirib sülh danışıqlarına başlayacaq və Azərbaycanla sülh sazişi imzalayacaq", - "Novosti-Qruziya" Əliyevdən sitat gətirir.

Əliyev Tbilisidə işgüzar səfərdədir. O, səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisinə baş çəkib.

Sülh danışıqları

Ötən ilin dekabrından Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Bu formatda artıq dörd görüş keçirilib.

Azərbaycan beş təməl prinsip deyəndə dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı olduğunu açıqlayıb. Ermənistan bu prinsiplərin qəbul olunan olduğunu bildirib. Amma əlavə ediblər ki, Dağlıq Qarabağın təhlükəsizliyi məsələsi də müzakirə edilməlidir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG