Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:14

Rusiya ilə sərhəddə beş gündür gözləyən sürücü: 'Hər günü ziyandır'


Rusiya sərhədində 10 gün: 400 AZN əlavə xərc, kilolarla xarab məhsul
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Rusiya sərhədində 10 gün: 400 AZN əlavə xərc, kilolarla xarab məhsul (Arxiv. 2021)

Oktyabrın 24-dən Azərbaycanın Qusar rayonunun "Samur" gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.

AZƏRTAC-ın xəbərinə görə, "Samur" gömrük keçid məntəqəsindən bildirilib ki, onlar tərəfdən ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Əlavə edilib ki, orada qarşı tərəfin buraxılış sayına uyğun yük nəqliyyat vasitələrinin keçidi təmin edilir: "Yaranan sıxlıqla əlaqədar "Samur" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

Rusiya tərəfdən isə jurnalistlərə bildirilib ki, Azərbaycandan gələn yük avtomobillərinin yoxlanılması gücləndirilib.

Azərbaycan və Rusiya heyətləri görüşüb

Oktyabrın 27-də hər iki ölkənin nümayəndə heyətləri Rusiyanın dövlət sərhədində "Yaraq-Qazmalar", "Tahirkənd-Qazmalar", həmçinin Azərbaycan tərəfdə "Samur", "Xanoba" sərhəd-keçid məntəqələrinə baxış keçirib, mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.

"Samur" keçid məntəqəsində sürücülərdən biri AzadlıqRadiosuna deyib ki, gözlədikcə ziyanı artır: "Beş gündür gömrük postunda dayanmışam. Onun hər günü ziyandır. Yanacağımız boşuna xərclənir, mallarımız xarab olur. Gecikdirən isə Rusiya tərəfidir".

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Mən bunun bir texniki problem kimi…"

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı "Turan"a bildirib ki, Cənubi Qafqaz regionu geosiyasi baxımdan hər zaman gərgin olub: "Sirr deyil ki, burada tərəflərin həmişə iştirakçılıq istəyi olub, başqa subyektlər arasında maraq toqquşmaları olub. Yəni bu, region üçün adi bir vəziyyətdir".

Amma o bu məsələyə siyasi rəng verilməsinin tərəfdarı deyil: "Azərbaycanla Rusiya arasında gömrük keçid məntəqəsində tıxacın yaranmasına siyasi rəng vermək istəməzdim".

Deputat vurğulayıb ki, mahiyyət etibarilə tərəflərin biri-birinə münasibətdə hansısa xarakterli sanksiya tətbiq etmək üçün əsas görmür: "Düzdür, hazırda müəyyən bir geosiyasi dinamiklik müşahidə olunmaqdadır. Ona görə də Azərbaycan-Rusiya gömrük-keçid məntəqəsində hansısa bir hal yaranırsa, ona daha çox diqqət ayrılır. Amma nəzərə almaq lazımdır ki, bundan əvvəl də dəfələrlə gömrük-keçid məntəqəsində oxşar hallar baş verib və sonra da aradan qaldırılıb. Mən bunun bir texniki problem kimi dəyərlənməsinin tərəfdarıyam".

"Rusiya... təzə heç nə icad etməyib"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, sözügedən hadisə məhz siyasi səbəblərlə bağlıdır: "Rusiya siyasi təzyiq elementlərində təzə heç nə icad etməyib. Hansısa qonşu dövlətlə problemi olursa, dərhal sərhədi qapadır, miqrantlara problem yaradır".

Ekspert Qazaxıstanı misal çəkərək vurğulayıb ki, Rusiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən narazı qalan kimi neft boru xəttini təmir adı ilə dayandırdı: "Qazaxıstan ağır vəziyyətə sürükləndi və nefti Xəzər üzərindən daşımağa məcbur oldu. Gürcüstanla müharibə edəndən sonra gürcüləri Moskvada toplayıb təyyarə ilə Gürcüstana yolladılar".

E.Şahinoğlu
E.Şahinoğlu

"Gah deyir ki, pomidorda nəsə tapmışıq…"

Politoloqun sözlərinə görə, Azərbaycana qarşı da eyni üsullardan istifadə edirlər: "Düzdür, Rusiyada azərbaycanlılara sıxıntı yarada bilmirlər, çünki onlar orada işləyib Rusiya iqtisadiyyatına xeyir verirlər. Amma sərhəddə bizə problem yaradırlar, çünki bilirlər ki, bizim kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiyadır".

Siyasi şərhçisi deyir ki, Rusiya bu amildən istifadə edir: "Gah deyir ki, pomidorda nəsə tapmışıq, gah da sərhəddə belə uzun növbə yaradırlar. Deməli, nəsə siyasi narazılıq var".

Ekspert sonda da fikrini belə ümumiləşdirib: "Rusiya televiziya kanallarında Azərbaycanı hədələyirlər, separatçılara dəstəkdən danışırlar, biz də narazılığımızı bildirdik, Rusiyaya nota verdik. Bütün bunların fonunda görünür ki, Rusiyada müəyyən dairələr Azərbaycanı cəzalandırmaq üçün yenə sərhədləri qapatmaq siyasətinə üstünlük verdi".

Səslənən fikirlərə Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG