Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

'Oğlumu hərbi xidmətdən saxlatdırmaq üçün 6 min manat verdim'


'Dövlət hansı haqla məndən 3 əsgər istəyəcək?'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

'Dövlət hansı haqla məndən 3 əsgər istəyəcək?'

Adının anonim qalmasını istəyən valideyn AzadlıqRadiosuna danışır ki, bir övladını hərbi xidmətdən saxlatdırmaq üçün 2 sot torpağını satmalı olub.

"2021-ci ilin ilk çağırışı zamanı övladıma xəbər gəldi ki, ay sonuna hərbi xidmətə aparılacaq. Uşağımı əsgərlikdən saxlatdırmaq üçün aidiyyəti üzrə yerli idarə ilə əlaqə saxladım. Dedilər, "gələrsən oturub danışarıq". İdarəyə yaxınlaşanda məni qəbul edən şəxs dedi ki, "pəncəsi düz adı ilə yararsız bileti ala bilərik, ancaq əlinizi cibinizə atmalı olacaqsınız". Mən razılaşanda isə hərbi həkim komissiyasından bir nəfər ilə danışdı, onun yanına getdim və iki həftə içində məsələni bağladıq", – valideyn deyir.

6 min manat necə bölüşdürülüb

Azərbaycanın mövcud qanunvericiliyi ilə 18 yaşına çatmış şəxslər hərbi xidmətə müəyyən xəstəliklər olduğu halda getmir. Bu xəstəlikləri Nazirlər Kabineti təsdiqləyərək Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (yazıda bundan sonra "Səfərbərlik xidməti" kimi qeyd olunacaq – red.) verir.

Ölkədə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçirilir. AzadlıqRadiosunun Səfərbərlik xidmətinin Bakı üzrə altı idarəsindən əldə etdiyi məlumata görə, hər çağırışda yaşı çatanların azı 10 faizi müxtəlif səbəblərdən əsgərliyə getmir.

Övladını əsgərliyə göndərməməkdə qərarlı olduğunu deyən valideyn AzadlıqRadiosuna verdiyi rüşvətin necə bölüşdürülməsindən danışır: "2 sot torpağımı 6 min manata satdım. Onun min manatını komissiya cərrahının qovluğunun arasına qoymaq tapşırıldı. 800 manatı oğluma "hərbi xidmətə yarasızdır" cümləsini yazan digər həkimə verdim. Qalan pulu isə Səfərbərlik xidmətində məni qəbul edən adama verdim. Bir qovluq verdilər, içərisində ağ vərəqlər var idi, ortasına qoyub verdim. Mənə dedilər ki, "get sənə xəbər verəcəyik". Bir həftə sonra zəng gəldi, yaxınlaşdım və yararsız olması barədə rəsmi sənədi əldə etdim".

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

"Rüşvət verərəm..."

Valideyn övladını hərbi xidmətdən yayındırmasını 2020-ci ilin 44 günlük müharibəsindən sonra cəbhədə hələ də gərginliyin qalması ilə izah edir. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Ermənistanla sərhəd delimitasiya olunmayıb, sülh sazişi imzalanmayıb. Sonuncu dəfə sentyabrın ortasında sərhəd toqquşmalarında Azərbaycan 80, Ermənistan azı 205 hərbçisinin öldürüldüyünü bildirib.

"Sual edərsiniz ki, "niyə oğlunu əsgər göndərmədin". Çünki kasıbın balasını müharibədə qabağa verir, varlılar, məmurlar uşaqlarını göndərmir. Vəziyyət gərgin idi, elə indi də sərhəddə yaxşı deyil, buna görə də rüşvət verərəm, övladımı qurban vermərəm", – valideyn əlavə edib.

Özəlliklə İkinci Qarabağ müharibəsindən sonra sosial şəbəkələrdə müharibə qurbanlarının, əsasən, aztəminatlı ailələrdən olması qızğın müzakirə edilib. Son müharibədən bəri bu sahədə korrupsiyanın gücləndiyi iddiaları səslənir.

'Niyə biz döyüşdük, şikəst qaldıq, varlı balaları qaçıb gizləndi?'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Tanışlıq...

2 min manata hərbi xidmətdən möhlət aldığını deyən, kimliyini gizlətmək istəyən şəxs iddia edir ki, dövlət idarələrində tanışı olanlara məbləğdə güzəşt olıunur. O, hərbi komissarlıqda ona deyilən qiymətləri açıqlayır. "Birillik möhlət üçün 2 min, sənədə "məhdud yararlı" yazılması üçün 4 min manat verilməlidir. Komissarlıqda sənədləri götürüb digərlərindən ayırdılar və yoxlanışa getmədim. Yoxlanışın sonuncu gününə kimi deyilən məbləği verməlisən. Pulu verdikdən sonra yanına göndərildiyim həkim artıq xəstəliyimi, diaqnozu bilirdi. Mənə də uyğun diaqnoz yazıldı, həkimə pul vermədim, çünki komissarlıqda ona o pulun çatacağı deyilmişdi. Bundan sonra həmin ili hərbi xidmətə getmədim. Tapşırdılar ki, "həmin sənədi saxla, məhdud yararlısan, beş aydan bir gələrsən yenidən Bakıya yoxlanışa. Yoxlanış zamanı da 300, 500 manat hörmətini eləsən, istədiyin günə kimi sənin hərbi xidmətə getməyin əngəllənəcək"", – 2021-ci ildə hərbi xidmətdən yayınan şəxs deyir.

Qiymətlər artır

2022-ci ilin ilk çağırışı zamanı hərbi xidmətə getməmək üçün rüşvətin məbləği ilə maraqlanan E.Ş. ötən illərlə müqayisədə bu il qiymətlərin od tutub yandığını deyir. Amma o, rüşvət verməyə imkanı çatmadığından ideoloji baxışlarına zidd olsa da, məcburi hərbi xidmətə yollandığını söyləyir.

Müdafiə Nazirliyi əsgər yeməyinə ayrılan pulları necə xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"Bir ilə kimi ən azı 2-3 min manat, il artdıqca isə minliklərin sayı artırdı. Belə ki, mənim 10 il əsgərlikdən saxlanmaq, yararsız hesab edilməm üçün 20 min manatdan çox xərcim çıxacaqdı. Məcburi hərbi xidmətin əleyhinə olsam da, kasıbçılıqdan o pulu ödəyə bilmədim. Hazırda hərbi xidmətdəyəm. Burada xəstəliyi olub, pulu olmadığı üçün xidmət edənlər var", – o, bildirib.

İşdən çıxarılma, həbs

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇX) çağırışda rüşvət iddiaları barədə AzadlıqRadiosunun iki həftə öncə göndərdiyi sorğusunu cavabsız qoyub. AzadlıqRadiosu dövlət xidmətinin bu iddialara cavabını dərc etməyə hazırdır.

Cinayət Məcəlləsinə görə, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətdir. Rüşvət almaya görə vətəndaş 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə; rüşvət verməyə görə isə 8 min manatdan 12 min manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vaqonda yaşayan əsgər anası
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Səfərbərlik xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi polkovnik Vüsal Babayev ötən il rüşvətə görə işdən çıxarılıb, amma rüşvətin harada və necə aşkarlandığı açıqlanmayıb.

2019-cu ildə xidmətin sabiq əməkdaşı Hafiz Ağamalıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34.312-ci (rüşvət verməyə təhrik) maddəsi ilə 5 illik həbs edilib. O, xəstəliyi olan gəncləri hərbi xidmətdən saxlatdırmaq üçün rüşvət almaqda təqsirləndirilib. İttihama görə, təxminən 10 nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb və deyib ki, bu pullar daha yuxarı vəzifəli şəxslərə çatacaq.

Zərərçəkənlərdən biri AzadlıqRadiosuna danışıb ki, oğlunun ürəyində problem olsa da, sənədinə "yararsız" yazmaq üçün rüşvət verib.

"Hər üç ildən bir hərbi biletə möhür vurulmalıdır. Sonuncu dəfə hərbi komissarlığa çağırılanda Hafiz Ağamalıyevə 400 manat verdim, amma istintaqdan sonra pulu qaytardılar. Dələduzluq yolu ilə pulu aldığı bildirildi", – adının rüşvət faktı ilə hallanmasını istəmədiyi üçün anonim qalmasını istəyən qadın deyib.

S.Məmməd
S.Məmməd

"Dəyişən qiymətlərdir"

Hərbi jurnalist Səxavət Məmməd AzadlıqRadiosuna deyir ki, nadir hallarda səfərbərlikdə rüşvət faktı ilə bir-iki insan həbs olunur, ancaq bu həbslər məsələni həll etmək əvəzinə ortadakı qiymətləri artırır.

"Pul alan şəxslərdən birinin həbsi sadəcə onların xeyrinə olur, çünki məsələnin üstü bir müddətlik ört-basdır edilir. Biznesin əsas idarəedici qüvvələri tapşırıq verir ki, "qiymətləri qaldırın, bəhanə edin ki, nəzarət var". 20 il əvvəl hərbi xidmətdən saxlatdırmaq üçün 200 manat verirdilərsə, 10 il əvvəl min manata qalxdı. Beş il əvvəl 2 min - 3 min manat verərək övladını hərbi xidmətə göndərməyə süni maneə yaradanlar indi 7, 8, hətta 10 min manatlarından keçməli olurlar. Fərq odur ki, indi, əsasən, tanış əlaqə tapırlar. Əvvəl isə xüsusən bölgələrdə bu rahat şəkildə edilirdi, pulun varsa, oğlun xidmətə yararsız sayılırdı", – o deyib.

Jurnalistin sözlərinə görə, bəzən səhhətində ciddi problemlər olan gənclər də hərbi xidmətə aparılır. Möhlət verilməyən belə gənclərdən birinin vəziyyəti hərbi xidmətə gedəndən bir müddət sonra ağırlaşıb və Mərkəzi Hərbi Klinik Hospitala gətirilib.

Ü.Cəfərov
Ü.Cəfərov

"Ödəniş qanuniləşdirilməlidir"

Ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun fikrincə, hərbi xidmətdən saxlatdırma Türkiyə təcrübəsinə uyğun şəkildə, ödənişli təşkil edilməlidir.

"Azərbaycan parlamenti alternativ xidmət barədə qanun qəbul etməlidir. Hər hansı insan ideologiyasına, yaxud digər səbəbdən əlinə silah almaq istəmirsə, bədəlli əsgərliyə getmir. Türkiyədə bu məbləğ 18 min lirədir, 27 yaşına qədər şəxslər bu hüquqdan yararlana bilərlər. Azərbaycanda da hərbi xidmətə getmək istəməyən şəxs dövlətin 1 il və ya 1 il 6 ay ərzində çəkəcəyi xərci ödəyərək əsgərliyə getməyə bilər. Sadəcə qısa müddətli hərbi elementar bilgilər öyrədilə bilər", – Cəfərov bildirir.

Azərbaycan indiyədək alternativ xidmət haqqında qanun qəbul etməyib. Rəsmilər bunu ölkənin müharibə vəziyyətində olması ilə əlaqələndiriblər. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev münaqişənin artıq həll olunduğunu bildirib.

ABŞ Dövlət Departamenti din azadlığına dair son hesabatında Azərbaycanı dini, yaxud digər baxışlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət öhdəliyini icra etməyə çağırıb.

H.Babaoğlu
H.Babaoğlu

"Bu neqativ hallar tarixə qovuşub"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə son illər hərbi xidmətdən rüşvət qarşılığında yayınmaqla bağlı ona şikayət daxil olmadığını söyləyir. Onun sözlərinə görə, müraciət olmadığı üçün bu barədə parlamentdə hər hansı müzakirə aparılmır.

"Bu gün sosial şəbəkələr imkan verir ki, neqativ hallar qısa müddətdə ictimailəşsin. Əvvəllər hərbi xidmətə getməmək üçün rüşvət verən, ya da alanların olması barədə məlumatlar var idisə, hazırda, demək olar ki, bu barədə heç nə eşitmirik. Şükürlər olsun ki, bu barədə neqativ hallar tarixə qovuşub, yaxud da qovuşmaqdadır. Əgər konkret faktlar olarsa, bununla bağlı vətəndaşlar müraciət etsin, araşdırılıb hüquqi qiymət verilsin", – deputat söyləyib.

Ancaq rüşvət qarşılığında hərbi xidmətdən yayınma, imkanlı şəxslərin, yüksək vəzifəli məmurların övladlarının nüharibəyə getməməsi təkcə sosial şəbəkələrdə müzakirə olunmur. Azərbaycanın Milli Qəhrəmanı, 2020-ci ilin iyul döyüşlərində həlak olmuş general Polad Həşimovun anası Səmayə Həşimova da bu məsələni dəfələrlə dilə gətirib. O, Fəxri Xiyabanda dəfn edilmiş müharibə qurbanlarının əksəriyyətinin aztəminatlı ailələrdən olmasına diqqət çəkir.

"Varlıların, məmurların uşaqları gecə ilə təyyarə tutub ölkədən çıxıb getdilər. Müharibə qurtarandan sonra gəldilər, qələbəni bayram etdilər. Müharibədə döyüşən, ölən bir məmur övladı yox idi. Hamısı kasıblar idi", – general anası bu il sentyabrın 27-də - Anım günündə oğlunun məzarı başında gileylənirdi.

XS
SM
MD
LG