Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Taliban şallaq cəzasını bərpa edir


Əfqanıstanda hakim qadını şallaqlayır, 2015-ci il
Əfqanıstanda hakim qadını şallaqlayır, 2015-ci il

Noyabrın 23-də Əfqanıstanda üç qadın və doqquz kişi vilayət stadionunda, yüzlərlə insanın gözü qarşısında şallaqlanıb. “AP” dini ekstremist qrupun 1990-cı illərdəki idarəçiliyinin qəddar cəza formasını bərpa etdiyini yazır.

Paytaxt Kabildən cənubda yerləşən Logar vilayət valisinin ofisi Pul Alam şəhərindəki stadiona “fəxri alimləri, mücahidləri, ağsaqqalları, tayfa başçılarını və yerli camaatı” dəvət etmişdi. Sosial mediada tədbirin səhər 9-da keçiriləcəyi yazılmışdı.

Hərəsinə 21-39 şallaq

Yerli məhkəmənin oğurluq və zinada təqsirli bildiyi şəxslərin hərəsinə 21-39 qamçı vurulub. Vilayət valisi ofisinin rəsmisinin sözlərinə görə, tədbirə yüzlərlə insan gedib, foto-video çəkməyə qadağa qoyulub.

Bu cəzanın bərpası Talibanın şəriət qaydalarını sərt şəkildə tətbiq etmək niyyətindən xəbər verir, agentlik bildirir.

“Şəriət qanunu Əfqanıstanda problemlərin yeganə həllidir və yerinə yetirilməlidir”, – Logar valisinin müavini Enayatullah Şuca şallaq cəzası icra olunandan sonra bəyanatında deyib.

90-cı illərin cəzası

İctimai şəkildə şallaq, edam, daşlama Talibanın 1996-2001-ci illər hakimiyyəti dövründə geniş yayılıb. 2001-ci ildə ABŞ Əfqanıstanı tutaraq Talibanı devirib.

Ancaq 20 il sonra, 2021-ci ilin avqustunda ABŞ və digər xarici qüvvələr ölkədən çıxdığı bir vaxtda Taliban da hakimiyyətə qayıtdı.

Ötən il hakimiyyəti əlı keçirən Taliban daha yumşaq siyasət, qadın və azlıqların hüquqlarını təmin etməyə vəd edib. Ancaq qruplaşma hüquq və azadlıqları məhdudlaşdırır, qızların altıncı sinifdən sonra təhsil almasına qadağa qoyur.

Noyabrın 11-də Taliban ilk dəfə ictimai şəkildə şallaq cəzasını icra edib, iddia olunan oğurluq, zina, evdən qaçmağa görə 19 kişi və qadının hərəsinə 39 şallaq vurulub.

Talibanın idarəçiliyi iqtisadi böhranla müşahidə olunur, beynəlxalq ictimaiyyət onu tanımır.

XS
SM
MD
LG