Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:00

Rusiya hərbçilərinə dron təlimi keçən iranlıların öldürüldüyü deyilir


Prezident Volodimir Zelenski Ukraynada vurulmuş Şahed-136 dronunun yanında (Arxiv fotosu)
Prezident Volodimir Zelenski Ukraynada vurulmuş Şahed-136 dronunun yanında (Arxiv fotosu)

Bu barədə məlumatı Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksiy Danilov da təsdiqləyib

Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Rusiya hərbçilərinə Şahed-136 kamikadze dronlarının idarə olunmasını öyrədən İran təlimatçılarının Krımda öldürüldüklərini təsdiq edib.

Bunu Britaniyanın The Guardian qəzeti yazır.

Danilovun sözlərinə görə işğal olunmuş Ukrayna torpaqlarında Rusiyanın müdaxiləsini dəstəkləyən başqa iranlılar da hədəflənə bilər.

Danilov ölən İran təlimatçılarının sayı barədə məlumat verməyib.

Noyabrın 22-də adının çəkilməsini istəməyən Ukrayna məmuru Jerusalem Post qəzetinə demişdi ki, bir həftə ərzində Ukrayna qüvvələri rusiyalılara İran dronlarının idarə olunmasında kömək edən onlarca İran vətəndaşını məhv edə biliblər.

“Biz onları bura dəvət etməmişdik”

Bu da xəbər verilir ki, İran təlimatçıları rusiyalılara dronların buraxılmasında və Ukrayna hədəflərinə tuşlanmasında kömək edirlər.

Danilov xəbərdarlıq edib ki, Ukraynanın işğal olunmuş ərazilərindəki iranlılar daim təqib ediləcəklər.

O The Guardian qəzetinə deyib ki, iranlılar orda olmamalı idilər:

“Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişdik. Amma əgər onlar terrorçularla əməkdaşlıq edir və xalqımızın məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik”.

Kiyev Moskvanı Ukraynanın mülki və enerji obyektlərinə zərbələrdə İranın Şahed-136 dronlarından istifadədə ittiham edir.

Təsdiq olunmuş faktlar

Rusiya tərəfi İrandan dronlar almasına dair xəbərləri israrla inkar edirdi. Lakin Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndələrindən biri RBK telekanalının canlı efirində bu xəbərin doğru olduğunu ağzından qaçırmışdı.

İran noyabrın 5-də Rusiyaya Şahed dronları verdiyini təsdiqləmişdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian demişdi ki, Tehran Moskvaya az sayda dron verib, lakin bu, Ukraynaya müdaxilədən bir neçə ay əvvəl olub.

ABŞ, Avropa İttifaqı və İsveçrə İranın dron istehsalçısı Shahed Aviation Industries və Rusiyaya Ukrayna müharibəsində kömək edən başqa şirkətlərin üzərinə sanksiyalar qoyublar.

Defense Express layihəsinin eksperti İvan Kiriçevski CurrentTime televiziyasına müsahibəsində deyib:

"Təsdiq olunmuş faktlar var ki, bizim şəhərlərimizə qarşı Şahed dronlarından istifadədə ruslara İran təlimatçıları kömək edirlər. Təəssüf ki, onların Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələr endirməklə qazanılmış təcrübələri var”.

XS
SM
MD
LG