Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:47

'Prezidentə sübut edəcəm ki, mən oğru deyiləm'


Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Rasim Məmmədov kimdir? Müttəhim kürsüsünə hansı kreslodan gəlib? ARXİVƏ NƏZƏR

"Baku Steel Company" MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, prokurorun 15 il həbs cəzası istədiyi Rasim Məmmədov da, vəkilləri də onunla bağlı məhkəmə araşdırmalarından narazıdır. İşadamı deyir ki, istintaq dövründə ona əmlaklarını, hətta atasının evini satdırıb 22 milyon manat ödətdiriblər. Amma o, 22 milyonu niyə ödədiyini hələ də bilmədiyini söyləyir.

"Prokuror deyir ki, guya, 185 milyon pul yemişəm. Bu, mümkün deyil. İnsanı onun çəkisinə uyğun ittiham edərlər. Yazırlar ki, xarici satışdan 60 milyon pul qazanmışam. Olmayıb axı... Siz bu rəqəmləri təsəvvür edirsiz? Məni bu dərəcəyə gətirməkdə məqsəd nədir?", – Məmmədov noyabrın 28-də öz məhkəməsində belə deyib.

Müdafiə tərəfi narazıdır

Onun işinə üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Noyabrın 21-də məhkəmə araşdırmaları yekunlaşıb, prokuror Məmmədovun 15 il azadlıqdan məhrum edilməsini, özünə və yaxınlarına məxsus təxminən 70 milyonluq əmlakın, o cümlədən Bakı Oksford Məktəbinin binasının müsadirə olunmasını təklif edib.

İşadamının özü də, vəkilləri də məhkəmə istintaqının yekunlaşmasına etiraz edir. Onlar hesab edir ki, bir çox vacib məsələlər araşdırılmayıb, belə halda məhkəmə istintaqını yekunlaşdırmaq olmaz.

Müdafiəçilər iş materiallarında olan iki flaşkarta, Məmmədovun özünün qeyd dəftərcəsinə məhkəmədə baxış keçirilməməsini vurğulayıb. Onlar bildirib ki, istər flaşkartlarda, istərsə də qeyd dəftərcəsində çox vacib məlumatlar var. Məsələn, "Baku Steel Company"nin gəlirlərinin hara və kimlərə verilməsi haqda qeydlər orada əksini tapıb. Bundan başqa, Məmmədov hələ 2021-ci il yanvarın 6-da qeyd dəftərcəsində yazıb ki, onu həbs etmək istəyiblər. Az sonra - yanvarın 28-də həbs edilib. Sözügedən dəftərcə də cinayət işinin materiallarına əlavə olunub.

Vəkillər məhkəmə istintaqının yenilənməsini istəyiblər, bu haqda vəsatət qaldırıblar. Amma məhkəmə vəsatəti təmin etməyib.

"Yaxşı ki, belə cəza yoxdur..."

Məmmədov gileylənir ki, onu nə istintaqda dindirib dinləyən oldu, nə də məhkəmədə təqdim etdiyi sübutlar qəbul olundu.

"Məni niyə cənab prezidentin gözündən salmalıdırlar? Tez-gec hər şey açılacaq. Prezidentə sübut eləyəcəm ki, mən oğru deyiləm. Nə vaxtsa sənədlər ortaya çıxanda cənab prezident hər şeyi biləcək. Vəsatətlərimizi, sənədlərimizi qəbul etmirsiz, bəs mən günahsızlığımı necə sübut edim? Hər şeyim satılıb, özümə də 15 il həbs cəzası verilsin... Əcəb ədalətdir. Yaxşı ki, belə cəza yoxdur, yoxsa dərimi soyub asardılar...", – Məmmədovun sözləridir.

Vəkillər həm də müdafiə çıxışına hazırlaşmaq üçün onlara kifayət qədər vaxt verilməməsindən narazılıq ediblər. Onlar iki həftə vaxt, məhkəmə protokolları ilə tanış olmağa şərait yaradılmasını xahiş ediblər. Protokollar məsələsində onlara "yox" deyilsə də, hazırlaşmağa bir həftə vaxt verilib.

"Baku Steel Company"nin keçmiş rəhbərinin məhkəməsi dekabrın 5-də davam edəcək.

Xatırlatma

1976-cı il təvəllüdlü Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla zavoda ziyan vurub və s.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, 2011-ci ildə "Baku Steel Company"də işə başlayarkən Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə edib, razılaşıblar.

"Baku Steel Company" təsis olunandan az sonra onun səhmlərinin 50 faizi "Politon"a satılıb. "Politon"un əsl sahibi barədə məlumat olmasa da, onun hüquqi ünvanı ilə "AtaHoldinq", "Synergy Group" kimi şirkətlərlə bağlılığı olan şirkətlərin hüquqi ünvanı eyni eynidir.

XS
SM
MD
LG