Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:52

Fermer: 'Meyvə Rusiyaya gedirdi, indi getmir'


Naringi məhsulu
Naringi məhsulu

Astara rayonunun "Sitrus" bazarında fermerlər naringi, limon kimi məhsullarını sata bilmədiklərindən gileylənirdilər. Bazarın girəcəyində iki nəfər qiymət üstündə çək-çevir edirdi. Alıcı naringinin bir kiloqramını 30 qəpiyə almaq istəyir, satıcı isə ondan heç olmasa 5 qəpik də artırmasını xahiş edirdi. Sonda razılaşırlar.

"Bankdan kredit götürmüşəm, nə ilə verim?"

Adının çəkilməsini istəməyən satıcı deyir ki, 20 ton naringi tədarük edib. Amma onun sözlərinə görə, məhsulun cəmi 5-6 tonunu saxlamağa yeri var: "Qalanını harada saxlayım? Anbara vurduğum məhsulun yarısı da çürüyüb. Məhsulun bir kiloqramı 25-30 qəpiyə başa gəlib. İl ərzində ağaclara qulluq edirik, sonda da belə. Bankdan kredit götürmüşəm, nə ilə verim? Burada naringi emalı sexi açmaq olmazmı? Elə fermerlər var ki, məhsulu ağacdan dərməyib. Nə üçün dərsin, hara aparsın? Dərib saxlamaq ondan da təhlükəlidir".

Bəxtiyar Nurəliyev
Bəxtiyar Nurəliyev

"Heç maşının yanacaq pulu çıxmır"

Bazarda alıcı elə də çox deyil. Fermerlər deyir ki, bazara gələn alıcı da az miqdarda məhsul alır. "Niva" markalı maşınla satışa məhsul gətirən Astara rayonunun Marzəsə kənd sakini Bəxtiyar Nurəliyev deyir ki, bazardan onların kəndinə 12-13 kilometrdir: "Dağlıq ərazidir. Kənddə təbii qaz yoxdur. İşıq fasilələrlə verilir. Yol bərbaddır. Kənddə olan təsərrüfatların hamısı naringi, limon ağacları əkib. Keçən il məhsullarımızı sata bildik. Bu il vəziyyət yaxşı deyil. Gəlmişik bazara, 1-2 kiloqram satıb geri qayıdırıq. Heç maşının yanacaq pulu çıxmır. Kəndimiz ucqar yerdə olduğuna görə diqqətdən kənarda qalıb".

O, bu il ziyana düşəcəklərindən narahatdır: "Bizdə qar yağanda rayon mərkəzi ilə əlaqələr kəsilir, qapalı vəziyyətdə yaşayırıq. Kənddə yaşayan ailələr məhsulunu satıb, 7-8 kisə un alırlar, qışa tədarük görürlər. Məhsul satılmadığına görə un tədarük edə bilməmişik. Çətinliyə dözməyib kənddən gedənlərin sayı ildən-ilə artır".

Vüqar Abdullayev
Vüqar Abdullayev

"Meyvəmiz ağacda qalıb"

Onun yaxınlığında limon satan Vüqar Abdullayev isə təsərrüfatında yetişdirdiyi sitrus məhsullarının bir hissəsini ağaclardan dərmədiyini deyir: "Alan yoxdur, nə üçün tədarük edək? Alıcı gələrdi, 10-15 ton alıb yükləyərdi maşına, aparardı. Bu il həmin alıcıları görmədik. Deyirlər ki, daxili bazar sitrus meyvələri ilə doludur. Ona görə almırlar. Gərək satıla ki, alsınlar. Meyvəmiz ağacda qalıb".

"Rusiyaya gedirdi"

Astara rayonunda sitrus meyvələri, əsasən, dağətəyi ərazilərdə yerləşən kəndlərdə əkilir. Rayonun Kijəbə qəsəbəsi də dağətəyi ərazidə yerləşir. Bu qəsəbənin sakini Nadir Gənciyevin sözlərinə görə, problem məhsulun satışındadır: "Eşidəndə ki, hansısa fermer 5 ton məhsul satıb, sevinirik. Meyvə Rusiyaya gedirdi, qiymət sabit idi. İndi getmir. Bizim əhali də pulu çörəyə verir. Qalmışıq ortada. Mənim məhsulum azdır, ümid edirəm ki, satacağam. Tonlarla məhsulu olanlar var. Məhsullarımız satılmasa, yaşayışımıza pis təsir göstərəcək".

"Sitrus" bazarı
"Sitrus" bazarı

Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasovun sözlərinə görə, mövcud vəziyyətlə bağlı lazimi yerlərə məlumat verilib. Onun vurğulamasına görə, həm Ukrayna, Rusiya bazarlarına müharibə təsir edib, həm də Rusiyaya İran malları daxil olur: "Bugünə olan məlumata əsasən, təsərrüfatlardan 44 min ton naringi tədarük edilib. Yığım davam edir".

İran sərhədinin bağlı olması mandarin bağlarına da təsir edib
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

XS
SM
MD
LG