Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:54

Rusiya və İran sanksiyalardan yan keçmək üçün Xəzər yolu qurublar


Ukraynada Rusiya və İranın hərbi əməkdaşlığına etiraz aksiyası
Ukraynada Rusiya və İranın hərbi əməkdaşlığına etiraz aksiyası

Rusiya və İran sanksiyalardan yayınmaq üçün heç bir xarici müdaxilənin mümkün olmayacağı qitələrarası ticarət marşrutu yaradırlar.

Bloomberg yazır ki, 3000 kilometrlik bu marşrut Avropanın şərqdəki qurtaracağı ilə Hind okeanını birləşdirməlidir.

Məqalədə deyilir ki, bu hadisə həm də dünyada ən çox sanksiyalanmış iki ölkənin Qərbin təzyiqlərinə necə adaptasiya olunmaq istədiklərini göstərir.

Bloomberg yazır ki, bu marşrut Xəzər dənizi və ona bitişik çaylarla yüklərin daşınmasına yol açır.

Agentliyin dəniz naviqasiyasının izlənməsi sisteminin köməyi ilə topladığı məlumatlardan bəlli olur ki, sözü gedən marşrutla hazırda Rusiya və İranın yük gəmiləri müntəzəm hərəkət edir.

Moskva və Tehranın “siçan-pişik” oyunu

Londonda mənzillənmiş Kral Strateji Araşdırmalar İnstitutunun (RUSI) sanksiyalar və Rusiyanın xarici siyasəti üzrə eksperti Mariya Şagina bu barədə deyib ki, bu, sanksiya təhlükəsi olmayan bütöv bir təchizat xəttinin yaradılması deməkdir.

Bu da qeyd olunur ki, sözü gedən marşrutun inkişafına milyardlarla dollar investisiyalar yatırılır.

Şaginanın məlumatına görə Tehran və Moskvanın bu layihəyə yatırdıqları sərmayə 25 milyard dollar civarındadır:

“Bu iki ölkə siçan-pişik oyunu oynayırlar. Onlar qadağan edilimiş malların və silahların daşınması üçün bütün dərmə-deşikləri öyrənir və istifadə etməyə çalışırlar”.

İran gəmiləri Volqa-Donda

Bu da qeyd olunur ki, Don və Volqa çayları ilə üzən gəmilərdə ənənəvi olaraq enerji və kənd təsərrüfatı malları daşınır.

İran Rusiya taxılının üçüncü ən böyük alıcısıdır. İki ölkə arasında turbinlər, polimerlər, tibb malları və ehtiyat hissələri kimi sahələr də daxil bir çox yeni biznes razılaşmaları əldə olunub.

Bloomberg xəbər verir ki, Rusiya İran gəmilərinin Volqa və Don çaylarında sərbəst üzməsi üçün yeni qaydaların üzərində işləyir.

Dünya boyunca dəniz naviqasiyasını izləyən resurslar bildirirlər ki, son aylarda Rusiyanın Xəzərdəki limanlarına onlarca İran gəmisi yan alıb.

ABŞ Rusiya və İrana kömək edənlərə sanksiyalar qoyacaq

Bloomberg yazır ki, ABŞ rəsmiləri İran və Rusiya arasında yaranmış bu yeni dəniz dəhlizinə narahatlıqla baxırlar.

Onların başlıca narahatlığı Ukraynada müharibə aparan Rusiyanın İran silahları ilə təchizatı ilə bağlıdır.

Prezident Co Bayden (Joe Biden) administrasiyasının İran üzrə xüsusi səfiri Robert Mali (Robert Malley) Rusiya və İranın bu işbirliyi barədə deyib:

“Bu, onların qəbul etdikləri son dərəcə ziyanlı və məsuliyyətsiz qərardır. Buna göz qoymaq çox mühümdür”.

Bayden administrasiyasının sanksiyalar üzrə daha bir yüksək vəzifəli məmuru, Ceyms O’Brayan isə bildirib:

“Bu bizim diqqətlə izlədiyimiz bir məsələdir. Biz həm bu marşrutu, həm də ümumilikdə İran-Rusiya əlaqələrini izləyirik”.

Rəsmi əlavə edib ki, Vaşinqton Rusiyanın sanksiyalardan yayınmaq üçün etdiyi bütün cəhdlərdən narahatdır, amma ABŞ İran və Rusiyanın məhdudiyyətlərdən yayınmasına imkan verməyəcək.

Xüsusi elçi Robert Mali isə qeyd edib ki, ABŞ-ın İran və Rusiyaya qarşı sanksiyalarını pozan üçüncü ölkələrə də sanksiyalar tətbiq olunacaq.

XS
SM
MD
LG