Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Türkiyə və Səudiyyə Talibanın qadınlara qarşı zorakılığını pisləyib


Etirazçılar Kabil küçələrindən birində
Etirazçılar Kabil küçələrindən birində

Əfqanıstanda Talibanın təhlükəsizlik qüvvələri, qadınların universitetlərdə təhsil almasının qadağanına qarşı keçirdikləri etiraz aksiyasını zorakılıqla dağıdıb və bir neçə qadını həbs edib.

Taliban hökuməti qadınların universitetlərdə təhsil almasını qadağan etmək qərarını dekabrın 20-də elan etmişdi.

Talibanın bu addımı dərhal beynəlxalq icma və BMT tərəfindən kəskin pislənib.

Dekabrın 22-də 50-dək hicablı və maskalı qadın paytaxt Kabildə toplaşaraq sözü gedən qərara etiraz bildirmək istəyirdi.

Onların əllərində plakatlar vardı və etirazçılardan bəziləri şüarlar səsləndirirdilər.

Lakin təhlükəsizlik qüvvələri Əfqanıstanın ən prestijli təhsil müəssisəsi olan Kabil Universitetinin qarşısında toplaşmağa cəhd edən qadınlara hücum edib.

“Nə İslama uyğundur, nə də insanlığa”

Aksiyada iştirak edən Bəsirə adlı qadın AzadlıqRadiosuna deyib ki, təhlükəsizlik qüvvələri iştirakçılardan bəzilərini döyərək aparıblar.

Şahidin sözlərinə görə digər qadınlar qaça biliblər. Bəzi məlumatlara görə aksiyanı izləyən jurnalistlər də saxlanıb.

Şəhla Arefi adlı başqa bir etirazçı isə iddia edib ki, təhlükəsizlik qüvvələrinin üzvü olan qadın xəffiyələr etirazçıların arasına soxulublarmış.

Onlar qaçamağa çalışan etirazçıların saxlanmasında təhlükəsizlik qüvvələrinə kömək ediblər.

Taliban hökuməti hələki bu xəbərlə bağlı heç bir şərh verməyib.

Dekabrın 22-də Türkiyə və Səudiyyə Ərəbistanı da Talibanın universitet qadağanına kəskin etiraz edən ölkələrin sırasına qoşulublar.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yəmənli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, bu qadağan “nə İslama, nə də insanlığa uyğundur”.

Çavuşoğlu Taliban hökumətini qadağan qərarını dəyişməyə çağırıb.

Üç qızı olan ailənin üçəm qızları da doğulub: "Pampers və qidalarını çatdırmaq çətindir"
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

“Təəccüb və təəssüf”

Son vaxtlaradək qadınların azadlığına sərt məhdudiyyətlər qoyan, lakin indi onlara bir sıra azadlıqlar verən Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Talibanın qərarından “təəccüb və təəssüf” ifadə edib.

Nazirlik bildirib ki, qadınların universitet təhsili almasının qadağan olunması bütün İslam ölkələrində heyrət doğurub.

Dekabrın 21-də BMT-nin Əfqanıstandakı Yardım Missiyası Talibanı qadağan qərarını dərhal geri götürməyə çağırıb.

Taliban hökuməti ilə təmaslarını saxlayan Qətər də qadağan qərarını pisləyib.

Kriketin populyar olduğu Əfqanıstanda bir sıra məşhur kriketçilər Talibanın qərarını pisləyiblər.

Dekabrın 21-də ölkənin şərqindəki Nanqarhar Universitetində tələbə oğlanlar qızlarla həmrəylik ifadəsi olaraq imtahanlarda iştirakdan imtina ediblər.

XS
SM
MD
LG