Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Ukrayna Putinin birgünlük atəşkəsini rədd edir


Türkiyə prezidenti Recep Tayyip Ərdoğan (sağda) və Vladimir Putin
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan (sağda) və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-a qədər Ukraynada bütün cəbhə boyu atəşkəs elan edilməsini tapşırıb.

Putinin bu barədə bəyanatında deyilir:

"Müqəddəs patriarx Kirillin müraciətini nəzərə alaraq Rusiya Federasiyasının müdafiə nazirinə Ukraynada tərəflərin bütün döyüş təmas xətti boyunca yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-a qədər atəşkəs rejiminin tətbiqini tapşırıram”.

RIA Novosti xəbər agentliyinin məlumatına görə Kreml döyüş əməliyyatları zonasında çox sayda pravoslav xristianın yaşadığını nəzərə alır.

Bundan başqa Rusiya tərəfi Ukraynanı bu adamların İsanın doğum gününü qeyd etmələrinə imkan verməyə çağırıb.

Bundan əvvəl yanvarın 5-də Moskva və bütün Rusiyanın patriarxı Kirill İsanın doğum günündə Milad barışığı təklif etmişdi.

Bayden: Putin oksigen axtarır

ABŞ prezidenti Co Bayden deyib ki, Vladimir Putinin Ukraynada 10 ay davam edən müharibədən, minlərlə insan itkisindən sonra 36 saatlıq atəşkəs təklif etməsi onun “bir az oksigen axtardığını göstərir”.

Yanvarın 5-də axşam Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twitter-də yazıb ki, Kremlin təklifi ciddi qəbul oluna bilməz və olunmamalıdır:

"Prezident Volodimir Zelenski 10 addımdan ibarət şəffaf sülh formulu təklif edib. Rusiya bu planı görməzliyə vurur və Milad axşamı Xersonu atəşə tutur, Yeni il gecəsi kütləvi raket və dron zərbələri endirir”.

Yanvarın 6-da özünün ənənəvi gecə müraciətində prezident Zelenski deyib ki, Putin ikigünlük atəşkəsdən Ukrayna ordusunun Donbasdakı irəliləyişini “qısa müddətdə də olsa” dayandırmaq üçün istifadə etmək istəyir.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak bu xəbərin ardınca Twitter-də yazıb ki, Rusiya əvvəlcə işğal etdiyi bütün ərazilərdən çıxmalıdır.

Onun sözlərinə görə, yalnız bundan sonra müvəqqəti atəşkəs ola bilər. Podolyak “bicliyinizi özünüzə saxlayın” yazıb.

Prezident müşaviri qeyd edib ki, Ukrayna Rusiyadan fərqli olaraq xarici ölkəyə hücum edərək onun vətəndaşlarını öldürmür və yalnız “öz ərazisindəki işğalçı ordunun əsgərlərini qırır”.

Reuters yazır ki, Podolyak bu tvitdən əvvəl Rusiya Pravoslav Kilsəsinin (RPK) başçısı Kirillin atəşkəs çağırışını “həyasızcasına qurulmuş tələ və təbliğat”, RPK-nı isə “müharibə təbliğatçısı” adlandırmışdı.

Ukrayna rəsmiləri bundan əvvəl bildirmişdilər ki, Rusiyanın atəşkəsə hər hansı çağırışının arxasında onun öz qüvvələrini yenidən cəmləşdirmək niyyəti durur.

Ərdoğan Putini Ukraynada ‘birtərəfli’ atəşkəsə çağırıb

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan yanvarın 5-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində deyib ki, Rusiya-Ukrayna müharibəsi məsələsində göstərilən sülh səyləri “birtərəfli atəşkəs və ədalətli çözüm perspektivinə baxışla” dəstəklənməlidir.

Reuters agentliyi yazır ki, beləliklə Türkiyə lideri Putini Ukraynada birtərəfli atəşkəsin elan olunmasına çağırıb.

Moskva Ukraynaya qarşı səbəbsiz və əsassız tammiqyaslı müharibəyə başlayandan bəri Ərdoğan və Putin dəfələrlə telefonla danışıblar.

Türkiyə BMT ilə birlikdə Ukrayna taxılının ixracı üçün Ukrayna portlarının blokadadan çıxarılması danışıqlarında vasitəçilik edib.

Ərdoğanın Putinlə telefon söhbəti barədə rəsmi Ankaranın məlumatında deyilir ki, Türkiyə lideri sülh səylərinin birtəfəli atəşkəslə dəstəklənməsinin zərurətini diqqətə çatdırarkən taxıl razılaşmasını bir daha yada salıb.

Putinin ürəyincə?

Ukrayna qlobal taxıl istehsalçısı və ixracatçılarından biridir, lakin Rusiyanın müdaxiləsi nəticəsində Ukraynanın ixracat imkanları ciddi əngəllənib.

Şərhçilər bildirirlər ki, Moskva son aylarda Ukraynadakı hərbi əməliyyatların müvəqqəti olsa da dayandırılmasına meylli görünür.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl dəfələrlə, xüsusilə də Ukraynadakı son hərbi uğursuzluqlardan sonra Moskvanın danışıqlara açıq olduğunu bəyan edib.

Amma o əlavə edib ki, danışıqların başlanması üçün Kiyev indiyədək itirdiyi torpaqlardan imtina etməlidir.

Rəsmi Kiyev isə qətiyyətlə bildirib ki, Rusiya qoşunları Krım da daxil bütün Ukrayna ərazilərindən çıxarılmadan heç bir danışıqlardan söhbət gedə bilməz.

Suriya məsələsi

İki lider söhbət zamanı habelə Suriya məsələsini müzakirə ediblər.

Ərdoğan Putinə deyib ki, Suriyanın sərhəd bölgəsinin kürd silahlılardan təmizlənməsi üçün konkret addımlar atılmalıdır.

Ankaranın rəsmi məlumatında deyilir:

"Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə ilə həmsərhəd regionun, xüsusilə də Tel Rifat və Mənbijin PKK/PYD/YPG terror təşkilatından təmizlənməsi üçün konkret addımlar atılmalıdır”.

XS
SM
MD
LG