Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:37

'Azərbaycanın enerji rolunu artırması insan hüquqlarını ikinci plana keçirir'


İctimai fəallar Bakıya gəlib-gedən Avropa rəsmilərindən gileylənir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

İctimai fəallar Bakıya gəlib-gedən Avropa rəsmilərindən gileylənir

Bu gün, yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Yanvarın 27-dək Strasburqda davam edəcək sessiyada Rusiya-Ukrayna münaqişəsinə dair hüquqi məsələlər, insan hüquqlarının pozulması ilə bağlı təcili debatlar, həmçinin, İslandiyanın Baş naziri və Almaniya xarici işlər nazirinin çıxışları olmalıdır. Sessiyada qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair İstanbul Konvensiyası və başqa bu kimi məsələlər də müzakirə edilməlidir.

Ötən il AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsində Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə təhdidlər mövzusu müzakirə edilmişdi. Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli (Hannah Bardell) məruzəçi təyin etmişdi.

Z.Oruc
Z.Oruc

"Bizə indekslər gərəkdir, yoxsa torpaqlarımız?"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanı demokratiya səviyyəsinə görə ön yerlərdən birinə qoyan dövlətlər həmin illərdə ərazilərinin işğalı faktını sükutla qarşılayırdılar: "Yəni, biz demokratiya şkalalarında yuxarıda idik, amma ərazilərimizi itirməkdə idik. 2020-ci il reallığında müxtəlif beynəlxalq hesabatlarda çox aşağı yerlərə qoyulmaqda idik, amma ərazilərimizi azad etdik. Buna görə də xalqımızın qarşısında sadə bir sual dayanır: bizə indekslər gərəkdir, yoxsa torpaqlarımız? Bundan əsla belə nəticə çıxmır ki, biz demokratiya əleyhinə addımlar atmalıyıq, insan hüquqları pozmalıyıq".

Z.Orucun fikrincə, dövlət orqanları bu illər ərzində vətəndaşların mühüm konstitusion hüquqlarının gerçəkləşməsi üçün çox ciddi addımlar atırlar: "Əksər hallarda bu beynəlxalq qurumların hesabatlarında özünü göstərmir".

"Soyuq müharibədəki kimi…"

Deputatın sözlərinə görə, beynəlxalq dairələr dövlətin genişmiqyaslı tədbirlərini uğur kimi qiymətləndirsəydi, müəyyən həbs olunmuş şəxslərlə bağlı hökumətlə kommunikasiya qurub danışıqlar apara bilərdilər: ""Human Rights Whatch", "Amnesty International", "Freedom House" və digər beynəlxalq təşkilatlar Azərbaycanla münasibətləri yeni bir mərhələyə daşımaq üçün cəhd göstərsinlər. Yoxsa soyuq müharibədəki kimi, ideoloji dava aparmağın heç bir faydası yoxdur".

O qeyd edib ki, bütövlükdə götürəndə 2022-ci il ərzində əvvəlki illərə baxanda insan haqları təminatında irəliləyiş var.

"İnsan hüquqlarının durumu son dövrlər pisləşib"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda insan hüquqlarının durumu son dövrlər pisləşib: "Həm yeni media qanunvericiliyinin qəbul olunması, həm siyasi partiyalarla bağlı qanunun sərtləşdirilməsi, siyasi həbslərin yenidən davam etməsi yeni bir dalğanın başlamasından xəbər verir".

B.Süleymanlı
B.Süleymanlı

O xatırladıb ki, Avropa Şurası bu tip məsələlərlə bağlı zaman-zaman məsələ qaldırır, qətnamələr qəbul edir: "Bəzi hallarda hökumət hansısa bir addımlar atır, amma adətən hökumət beynəlxalq təşkilatlardan gələn qətnamələrin, qaldırılan məsələlərin həllində maraqlı olmur".

"İnsan haqları ilə bağlı gözləmə mövqeyində qalırlar"

Hüquq müdafiəçisi bir sıra amillərdən bəhs edir: "Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırması insan hüquqları məsələsini ikinci plana keçirir. Həmin Avropa dövlətlərinin nümayəndələri Avropa Şurasında təmsil olunur. Onlar hesab edir ki, Azərbaycana ehtiyac olan vaxtda insan haqları ilə bağlı və ya sanksiya məsələsini qaldırmaq məqsədəuyğun deyil. Ona görə də onlar insan haqları ilə bağlı gözləmə mövqeyində qalırlar".

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə bu quruma üzv olarkən demokratiya, insan hüquqları və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan hələ də monitorinq altındadır.

XS
SM
MD
LG