Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:39

Rusiya səfərbərləri əmrlərə itaət etmirlər


Tatarıstanın Kazan şəhərindən səfərbərliyiə alınanlar (Arxiv fotosu)
Tatarıstanın Kazan şəhərindən səfərbərliyiə alınanlar (Arxiv fotosu)

Rusiyanın Belqorod vilayətində ərazi müdafiəsi üzrə səfərbərliyə alınmış şəxslər komandirlərin əmrlərini icra etməkdən boyun qaçırıblar.

Səfərbər olunanlar bildirirlər ki, onları qondarma DXR-in “həmlə briqadasına” daxil edərək, heç bir döyüş hazırlığı keçmədən ön cəbhəyə göndərirlər.

Bu barədə "Осторожно, новости" teleqram kanalı məlumat yayıb.

Teleqram kanalı bugünlərdə səfərbərlərin qohumlarından videomüraciət aldığını bildirir.

Hərbçilər deyirlər ki, onların hərbi hissəsi Belqorod vilayətinin sərhədyanı Şebekino şəhərində yerləşirdi.

Onları heç bir əmr və izahat vermədən Rusiyanın işğalı altında olan qondarma “Donetsk xalq respublikasının” ordusuna qoşublar.

Bu da qeyd olunur ki, burada “DXR silahlıları” onların hərbi biletlərini əllərindən alıblar.

Bundan dərhal sonra səfərbərləri “hansısa kəndə” hücum etməyə aparıblar. Videodakı hərbçilər onların taqımında artıq ağır itkilərin olduğunu bildirirlər.

Səfərbərlər deyirlər ki, onlar qarşıya qoyulan vəzifələri icra etməkdən boyun qaçırmırlar, amma nizami Rusiya silahlı qüvvələrinin tərkibində olmaq istəyirlər.

Rusiya Müdafiə Nazirliyi və Belqorod vilayətinin rəhbərliyi hələ ki, bu müraciətlə bağlı şərh verməyiblər.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu, Ukraynaya qarşı müharibəyə göndərilən səfərbərlərin ilk şikayəti deyil.

Rusiyalı səfərbərlər indiyədək dəfələrlə pis xidmət şəraitindən, sursat çatışmazlığından və komandirlər tərəfindən zorakılıqdan şikayət ediblər.

Onlardan bəziləri Ukraynadakı döyüş əməliyyatlarında iştirakdan imtina ediblər.

Fevralın axırlarında İrkutsk şəhərindən səfərbərliyə alınmış hərbçilər prezident Vladimir Putinə üçüncü videomüraciət göndərmişdilər.

Onlar Putindən “həmlə briqadalarından” öz ərazi müdafiəsi birləşmələrinə qaytarılmalarını xahiş edirdilər.

Bundan əvvəl buna bənzər video ilə Tuva səfərbərləri müraciət etmişdilər.

Onlar da “DXR” hərbçiləri tərəfindən alçaldıcı rəftar və zorakılıqla üzləşdiklərini bildirirdilər.

Daha əvvəl BBC-nin Rus xidməti yazırdı ki, son üç ayda Ukraynada həlak olanların əksəriyyətini səfərbərlər, könüllülər və məhkumlar təşkil edir.

Müharibə başlanandan bəri jurnalistlər Ukraynada həlak olmuş 15 min rusiyalını adbaad qeydə ala biliblər.

Bunların min nəfərdən çoxu səfərbərlərdir.

XS
SM
MD
LG