Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08

Rusiyanın qaz kəmərlərini kim partladıb? – Qərb mediası


Şimal Axını 1 kəmərindən qazın dəniz səthinə çıxması
Şimal Axını 1 kəmərindən qazın dəniz səthinə çıxması

Almaniyanın müdafiə naziri Boris Pistorius martın 8-də deyib ki, Rusiyanın Şimal Axını qaz kəmərlərinin kim tərəfindən partladılması barədə vaxtından əvvəl fikir söylənməsi yolverilməzdir.

Bundan əvvəl ABŞ və Almaniya mediasında bu kəmərlərin partladılmasının Ukrayna ilə bağlı olduğuna dair ehtimallar yer almışdı.

Pistoriusun bu bəyanatından əvvəl The New York Times qəzeti ABŞ kəşfiyyat orqanlarının məlumatı ilə tanış olan rəsmilərə istinadla kəmərlərin ukraynayönlü qrup tərəfindən partladıla biləcəyini yazmışdı.

Rusiya qazını Avropaya nəql edən Şimal Axını 1 və Şimal Axını 2 qaz kəmərlərinin ötən il eyni vaxtda sıradan çıxarılması Rusiya və Qərb arasında gərginliyə səbəb olmuşdu.

Reuters yazır ki, qəzetin məqaləsində heç bir Ukrayna rəsmisinin adı çəkilməsə də, bu xəbərlər Kiyevin Rusiyanın hərbi müdaxiləsini dəf etmək üçün Qərb müttəfiqlərindən daha çox silah-sursat istədiyi bir vaxta təsadüf edir.

Sözü gedən kəmərlərin sıradan çıxması ilə bağlı təhqiqatlar hələ də davam edir. Qərb ölkələri kəmərlərin qəsdən partladılmasında əmin olsalar da, sabotajın arxasında kimin olması barədə nəticəyə gələ bilməyiblər.

Bundan əvvəl hadisəni terror aktı adlandıran və Qərbi ittiham edən Rusiya son xəbərlərdən fürsətlənərək təhqiqatda onun da iştirakına imkan verilməsinə dair tələblərini gücləndirib.

Bəzi detallar

Almaniyanın ARD televiziyası və Die Zeit qəzeti martın 7-də iddia ediblər ki, Almaniyanın hakimiyyət orqanları sabotaj əməliyyatında istifadə olunmuş kateri müəyyənləşdirib.

Həmin xəbərdə deyilir ki, 5 kişi (kapitan, 2 dalğıc və iki dalğıc köməkçisi) və 1 həkim qadın saxta pasportlardan istifadə edərək Polşada mənzillənmiş yaxta şirkətindən Ukrayna vətəndaşının əmlakı olan kateri kirayələyiblər.

Təhqiqatın nəticələrinə görə qrup əməliyyat üçün dənizə 2022-ci ilin 6 sentyabrında çıxıb.

Əməliyyat üçün lazım olan alət və ləvazimat Rostok limanına yük maşını ilə gətirilib.

Müstəntiqlər yaxtanın marşrutunu da müəyyənləşdirə biliblər.

Ertəsi gün, yəni sentyabrın 7-də yaxta artıq Almaniyanın Meklenburq – Ön Pomeraniya torpağındakı Vik auf Dars yarımadasında, daha sonra isə Danimarkanın Kristiansen adasında olub.

Yaxta sahibinə səliqəyə salınmamış vəziyyətdə qaytarılıb.

Bununla belə sözü gedən şəxslərin vətəndaşlığı barədə məlumat verilmir.

“Saxta bayraqlı əməliyyat”

Pistorius Stokholhmda keçirilən sammitin əsnasında bu barədə deyib:

"Biz bu məsələdə özümüz üçün aydınlaşdırmalıyıq: Bunu edən bir Ukrayna qrupudurmu, bu akta göstəriş Ukraynadanmı gəlib, yoxsa bunu ukraynayönlü bir qrup Ukrayna hökumətinin xəbəri olmadan edib? Lakin mən erkən nəticə bildirilməsinin əleyhinəyəm”.

Pistorius bundan əvvəl demişdi ki, bu, “Ukraynanın üstünə atmaq məqsədilə keçirilmiş saxta bayraqlı əməliyyat” da ola bilər.

NTV telekanalı Almaniya federal prokurorluğuna istinadən bildirmişdi ki, Almaniya müstəntiqləri ötən yanvarda sabotaj əməliyyatında istifadə olunduğu deyilən katerə reyd keçiriblər.

The New York Times qəzeti yazır ki, bu sabotaj əməliyyatında Ukrayna prezidenti Volodimir Zelenskinin və ya hər hansı başqa Ukrayna rəsmisinin əli olduğuna dair dəlillər yoxdur.

Kiyev təkzib və “zarafat” edir

Stokholmda keçirilən sammitdə Ukraynanın müdafiə naziri Oleksi Reznikov meda xəbərlərini “bir az qəribə” adlandırıb və deyib ki, bu hadisənin Ukrayna hökuməti ilə heç bir əlaqəsi yoxdur:

"Bu, həqiqət olsa idi, bizim xüsusi xidmətlərimiz üçün kompliment sayıla bilərdi, amma bu, bizim işimiz deyil”.

Reznikov əlavə edib ki, o bu cür xəbərlərə görə Qərbin Ukraynaya dəstəyinin azalacağını düşünmür.

Ukrayna prezidenti administrasiyasının müşaviri Mixaylo Podolyak Twitter-də yazıb ki, “onun Ukrayna hökuməti barədə qəsd nəzəriyyələrindən xoşu gəlsə də” rəsmi Kiyevin bu hadisə ilə heç bir əlaqəsi yoxdur:

“Şimal Axını? Rusiyanın özündə bu kəmərlərin batdığını deyirlər”.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, o bu koordinasiyalı xəbərlərin yayındırıcı akt olduğunu düşünür.

Peskov sual edib ki, ABŞ rəsmiləri təhqiqat başa çatmadan necə hər hansı nəticəyə gələ bilərdilər:

"İndi ən azı Şimal Axını üzrə səhmdar ölkələr və BMT bu məsələyə aydınlıq gətirə biləcək bütün tərəflərin iştirakilə təcili və şəffaf təhqiqatın keçirilməsini tələb etməlidirlər”.

The New York Times qəzeti ABŞ kəşfiyyatına istinadla yazırdı ki, kəmərlərə qarşı sabotaj həyata keçirənlər Vladimir Putinin əleyhinə olanlardır.

Bir ukraynalının şəxsi təşəbbüsü

Bununla belə xəbərdə əməliyyat üçün kimin göstəriş verdiyi və bunu kimin maliyyələşdirdiyi barədə məlumat yoxdur.

Məqalədə deyilirdi:

"Kəşfiyyat məlumatlarını öyrənən rəsmilər inanırlar ki, sabotajçılar ya Ukrayna, ya Rusiya, ya da hər iki ölkənin vətəndaşları ola bilərdilər. Bu hadisədə ABŞ və ya Britaniya vətəndaşlarının heç bir rolu olmayıb”.

ARD və Die Zeit qəzetinin xəbərinə görə müstəntiqlər sabotajçıların sentyabrın 6-da Almaniyanın Rostok limanından götürdükləri yaxtada partladıcı maddənin izlərini tapıblar.

Şimal Axını 1 və Şimal Axını 2 kəmərlərinin xəritəsi
Şimal Axını 1 və Şimal Axını 2 kəmərlərinin xəritəsi

Bu da xəbər verilir ki, müstəntiqlər sabotajın arxasında ukraynayönlü qrupun dayandığına inanırlar. Lakin Almaniya hökuməti bunu göstərən hər hansı dəlillərə malik olmadığını bildirib.

The New York Times bunu da qeyd edir ki, diversiya aktı bir ukraynalının şəxsi təşəbbüsü olub.

Yaxtanın, elit dalğıcların kirayəsi, saxta pasportların, partladıcılar üçün yalnız neft və qaz sənayesində istifadə olunan materialların xərcini də məhz həmin şəxs çəkib.

Konkret olaraq heç bir ölkə

The Times iddia edir ki, Qərb ölkələrinin xüsusi xidmətləri guya həmin ukraynalını tanıyırlar, amma Kiyevə silah verilməsi ilə bağlı Almaniya və Ukrayna arasında gedən danışıqların pozulmaması üçün onun adını çəkmirlər.

The Washington Post qəzeti də Avropa və ABŞ kəşfiyyat xidmətlərinə istinadla kəmərlərin Ukrayna hökuməti ilə bağlılığı olmayan ukraynayönlü qrup tərəfindən sıradan çıxarıldığını yazır.

Qəzetin mənbələri bunu da bildiriblər ki, sabotaj konkret olaraq heç bir ölkə ilə bağlı deyil.

2022-ci ilin sentyabrında Rusiyanın Baltik dənizindəki Şimal Axını 1 və Şimal Axını 2 kəmərlərinin 4 boru xəttindən üçü partlayışla sıradan çıxarılıb.

O vaxt Şimal Axını 1 kəməri ilə qazın nəqli azaldılmışdı, Şimal Axını 2 isə üzərinə qoyulmuş Qərb sanksiyalarına görə ümumiyyətlə istifadəyə verilməmişdi.

İsveç, Danimarka və Almaniyanın ayrı-ayrılıqda apardıqları təhqiqat kəmərlərin sabotaj nəticəsində sıradan çıxarılması nəticəsinə gəlib, amma diversiyanın kim tərəfindən törədilməsi barədə heç nə deyilmir.

ABŞ, Britaniya və Avropa İttifaqı da kəmərlərin məqsədyönlü şəkildə sıradan çıxarılmasını bildiriblər.

Rusiya rəsmiləri isə deyirlər ki, kəmərlərin partladılmasında ABŞ və onun müttəfiqləri maraqlı ola bilərdilər.

XS
SM
MD
LG