Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Bayramqabağı ət də bahalaşıb, balıq da: '...Bayram bəhanədir'


Kütüm balığı əvvəlki aylara nisbətən 5 manat bahalaşıb
Kütüm balığı əvvəlki aylara nisbətən 5 manat bahalaşıb

Novruz bayramı (martın 21-i) ərəfəsində rayonların mərkəzi bazarlarında mal əti və balığın bahalaşdığı müşahidə olunur. Mal ətinin 1 kiloqramı son iki həftədə 11 manatdan 12-13 manata qalxıb. 1 kiloqramlıq kütüm balığının qiyməti isə əvvəlki aylara nisbətən təqribən 5 manat bahalaşaraq 20-25 manat olub.

"Dəniz kənarında yaşayırıq, balığa həsrətik"

Lənkəran bazarında bir müştəri deyirdi ki, ət və balıq bahalaşdığından heç birini ala bilməyib: "Adətə görə, bayram süfrəsində kütüm balığı olmalıdır. Dəniz kənarında yaşayırıq, balığa həsrətik. Bayramda həmişə qiyməti qaldırırlar. Ala bilmədim, ətə yaxın düşmək olmur. Bir az göy-göyərti almışam. Hər yerdə qiyməti qaldırıblar. Bayramdan sonra da qiymət düşməyəcək. Bayram bəhanədir".

"Balıq onlarla maneələrdən sonra bazara çıxır"

Balıq satışı ilə məşğul olan bir nəfərin dediyinə görə, bir həftə bundan əvvəl balığın qiyməti daha yuxarı olub: "İndi qiymət bir az düşüb. Balıqçının xərci çox çıxır. Ov alətlərinin qiyməti bahadır. Bu balıq onlarla maneələrdən sonra gəlib bazara çıxır. Amma dənizdə balıq var. Keçən ilə nisbətən qiymət yaxşıdır".

Ət bahalaşdığı üçün alıcı da azalıb.
Ət bahalaşdığı üçün alıcı da azalıb.

Astara rayonunun mərkəzi bazarında adının çəkilməsini istəməyən qəssabın sözlərinə görə, ətin bahalaşması onlardan asılı deyil: "Biz əhalidən ətin 1 kiloqramını 10 manat alıb 11 manata satırdıq. İndi bizə 11 manatdan verirlər. Biz də məcbur olub 1 manat üstünə qoyuruq. Kələ əti 13 manat, qoyun əti 14 manatadır. Bakıda ətin qiyməti qalxanda bizdə qalxmamışdı. Orada ət bizə nisbətən bahadır. Kələ yoxdur. Ən çox kələ əti istəyirlər. Bazarda dörd yerdə ət satırlar, bu gün cəmi bir yerdə təzə ət var. Ət bahalaşdıqca əhali ala bilmir. Qiymət məsələsi bizlik deyil".

"Vəzifə sahibləri örüş yerlərini ələ keçirdiblər"

Heyvandarlıqla məşğul olan Astara rayonu Seləkəran kənd sakini Mikayıl Əhmədov ətin bahalaşmasının səbəblərini belə izah edir: "Vəzifə sahibləri örüş yerlərini ələ keçirdiblər. Otunu biçib satırlar, örüş yerlərində ev tikiblər. Digər səbəb isə otun bahalaşmasıdır. Otun bir bağlaması 5-6 manatadır. Əvvəllər həmin otun bir bağlamasını 2-3 manata alırdıq. 15 kiloqramlıq kəpək kisəsi 7 manatadır, onu alırdıq 3-4 manata. Arpanın 1 kiloqramı 60 qəpikdir. Ətlik heyvanı 300 kiloqrama çatdırmaq üçün bir neçə il qulluq edilməlidir. Əvvəllər 30 baş mal saxlayırdım, indi 10 baş malı saxlaya bilmirəm".

Mikayıl Əhmədov
Mikayıl Əhmədov

Sahibkarin sözlərinə görə, ətin bu qiyməti son hədd deyil: "Belə getsə, ətin qiyməti hələ qalxacaq, 1 kiloqramı 20 manata olacaq. Hər kəs ət ala bilməyəcək. Əhalinin vəziyyəti də yaxşı deyil. Ailə tanıyıram dillərinə aylarla ət dəymir".

"Yanacaq baha, gübrə baha..."

O, indiki vəziyyəti ötən illə müqayisə edir: "Qazancı var idi. İndi mal saxlayanın qazancı cüzidir. Bunlar biri- birinə bağlıdır. Heyvandarlıq üçün əkin sahələri olmalıdır. Qarğıdalı, arpa əkib mala verməlidirlər. Yanacaq baha, dərmanlar baha, gübrə baha, hər şey bahadır".

"İndi kəndlərdə inək saxlayanı barmaqla göstərirlər"

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi isə mal ətinin qiymətinin qalxmasının bir səbəbini də xarici amildə görür: "Əvvəllər Rusiyadan, Ukraynadan ət gələrdi. Bu ölkələrdən cins inək gətirirdilər. Həmin ölkələrdə indi müharibədir. Yem yox dərəcəsindədir. Belə şəraitdə sahibkar mal saxlaya bilmir, kəsib satır. Nəticədə rayonlarda inəklərin sayı azalır. İndi kəndlərdə inək saxlayanı barmaqla göstərirlər. Heyvandarlıq həmişə çətin sahə olub. Kəndlərdə mal-qaranı əkilməmiş sahələrin hesabına saxlayırlar. Kifayət qədər örüş yerləri yoxdur".

"Azərbaycanda yem zavodları çoxdur"

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə şikayətlərlə, əsasən, razılaşmır: "Azərbaycanda yem zavodları çoxdur. Ot bahalaşdığına görə ətin qiyməti də bahalaşır. İndi tədarük edilmiş otun tükənən vaxtıdır. Bir azdan yaşıl ot qalxacaq, yem problemi aradan götürüləcək. Mal-qaranın sayının azalması söhbəti yoxdur. Əksinə, mal-qaranın sayı artır".

Balıqçıların şikayətləri ilə isə bağlı aidiyyəti qurumlarla danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG