Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Rusiya rəsmilərinin həbsinə orderlərin hazırlandığı deyilir


Kramatorsk şəhərində raketin düşdüyü bina
Kramatorsk şəhərində raketin düşdüyü bina

Ukraynanın şərqindəki Baxmut şəhəri ətrafında qanlı döyüşlərin davam etdiyi bir vaxtda Rusiya Kramatorsk şəhərinə ağır raket zərbəsi endirib.

Martın 14-də raketin Kramatorskdakı yaşayış binalarından birinə düşməsi nəticəsində 1 nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Xəbər verilir ki, daha 6 yaşayış binasına ziyan dəyib və axtarış-xilasetmə işləri davam etdirilir.

Baxmutun 50 kilometrliyində yerləşən Kramatorsk şəhərinin ötən il baş vermiş bombardmanı Ukrayna müharibəsində mülkilər üzərinə ən ağır hücumlardan biri sayılır.

Ötən ilin aprelində şəhərin dəmir yolu vağzalına endirilən zərbələr 58 nəfərin həyatına son qoymuşdu.

Human Rights Watch təşkilatı bu hücumu müharibə cinayəti kimi qiymətləndirmişdi.

Rusiya ağır itkilərə baxmayaraq...

Ukrayna hərbiyyəsinin 14 mart tarixli gündəlik məlumatında deyilir ki, Rusiya qüvvələri “əhəmiyyətli” itkilərə baxmayaraq Baxmut və Donbasın başqa şəhərləri üzərinə hücum “dalğalarını” davam etdirir.

Ukrayna silahlı qüvvələri baş qərargahının məlumatında deyilir:

"Son bir gün ərzində qüvvələrimiz düşmənin 102 hücumunu dəf edib. Düşmən Baxmutu ələ keçirmək cəhdlərini dayandırmır”.

Məlumatda deyilir kii, Liman, Avdiyivka, Maryinka və Şaxtarsk şəhərləri ətrafında da döyüşlər gedir.

Rusiya rəsmilərinin həbsinə order

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ölkənin taleyi şərq cəbhəsində həll olunur:

"Şərqdə vəziyyət çətindir, ağrılıdır. Biz düşmənin hərbi gücünü məhv etməliyik və biz bunu edəcəyik. Belohoryivka, Maryinka, Avdiyivka, Baxmut, Vuhledar, Kamyianka və ərazidəki başqa şəhərlər gələcəyimizin həll olunduğu yerlərdir”.

Prezident bu döyüşlərdə həyatını risk qarşısında qoyan hər bir döyüşçüyə minnətdar olduğunu deyib.

Ukrayna qüvvələrinin Baxmut şəhərinin qərb hissəsində Wagner özəl şirkəti muzdlularının ardı-arası kəsilməyən həmlələrini dəf etdiyi xəbər verilir.

Kreml martın 14-də bəyan edib ki, Rusiya Ukraynadakı məqsədlərinə yalnız hərbi yolla çata bilər.

Bu arada Reuters və The New York Times mənbələrə istinadən xəbər verirlər ki, Beynəlxalq Ədalət Məhkəməsi (International Criminal Court - ICC) Ukrayna uşaqlarının zorla deportasiya olunmasına və Ukraynanın mülki infrastrukturuna zərbələr endirilməsinə görə Rusiya rəsmilərinin həbsləri üçün orderlər hazırlayır.

XS
SM
MD
LG