Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:57

Lavrov BMT-də şiddətli tənqid atəşinə tutuldu


Aprelin 24-də Nyu Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edirdi
Aprelin 24-də Nyu Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edirdi

ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqının bir neçə ölkəsi BMT Təhlükəsizlik Şurasının islahatına çağırıblar.

Aprelin 24-də Nyu Yorkda BMT Təhlükəszilik Şurasında keçirilən iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edirdi.

Hazırda Təhlükəsizlik Şurasına rotasiya qaydasında Rusiya sədrlik edir.

İclası giriş sözü ilə açan Lavrov deyib ki, dünya Soyuq müharibə illərində olduğu kimi təhlükəli xəttə çatır.

Nazir qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında Qərb ölkələri həddən artıq çox, başqa regionların ölkələri isə azdır.

Lavrovun fikrincə bu, beynəlxalq münasibətlərin çoxtərəfli olmasına imkan vermir.

Lavrov habelə Rusiyanın Ukrayna üzərinə hücumuna görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edib. O iddia edib ki, guya Rusiya qoşunlarının məqsədi “adamların Kiyev rejimi tərəfindən qırılmasına son qoymaq və NATO-nun yaratdığı təhlükənin qarşısını almaqdır”.

Lavrov eyni zamanda onu BMT Təhlükəsizlik Şurasına səfərdə müşayiət edəcək jurnalistlərə vizaların verilməsinin ləngidilməsini pisləyib. Onun sözlərinə görə ABŞ səfirliyi jurnalistlərə viza verəndə artıq nümayəndə heyətini aparan təyyarə havaya qalxmışdı.

“Bizim iclasımızın riyakar sədri Rusiya...”

ABŞ-ın Təhlükəsizlik Şurasındakı nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, bu ay bu quruma sədrlik edən Rusiya qəsbkar müharibə aparmaqla, taxıl razılaşmasını pozmaqla və nüvə silahlarına nəzarət üzrə müqavilədən çıxmaqla BMT-nin Nizamnaməsini kobud şəkildə pozub:

"Bizim bugünkü iclasımızın riyakar sədri Rusiya qonşusu Ukraynaya müdaxilə edib və BMT Nizamnaməsinin və əziz bildiyimiz bütün dəyərlərin ürəyinə zərbə endirib. Bu qanunsuz, səbəbsiz və lüzumsuz müharibə bölüşdüyümüz ümumi dəyərlərə birbaşa ziddir. Təcavüzkar müharibə və ərazi qəsbkarlığı heç bir vəchlə məqbul sayıla bilməz. Bizim burda oturduğumuz bir vaxtda Rusiya qüvvələri Ukrayna mülkilərini öldürməkdə və şikəst etməkdə davam edir”.

Xanım Tomas-Qrinfild Rusiyada həbs olunmuş ABŞ vətəndaşları, casusluqda ittiham olunan Pol UilanEvan Gerşkoviçin məsələsini xatırladıb və onların dərhal azad olunmasını tələb edib.

ABŞ səfirinin sözlərinə görə BMT hazırda “etimad böhranı” yaşayır. O deyib ki, “təcavüz və ərazilərin qəsb olunması beynəlxalq hüquq baxımından yolverilməzdir”.

Tomas-Qrinfild çıxışında BMT sistemində islahatların keçirilməsinə çağırıb. Onun bu mövqeyi ilə Britaniya və Fransa səfirləri də razılaşıblar.

Veto hüququndan könüllü imtina

Britaniyanın BMT-dəki səfiri Barbara Vudford deyib:

"Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalılara təsəvvürolunmaz iztirablar gətirib və Rusiyanın özü üçün də fəlakətə çevrilib. Rusiyada hazırkı nəsil gələcəyindən məhrum edilib və hökumət bunun səbəbini izah da etmir”.

Fransa səfiri Nikolya de Rivyer deyib ki, Rusiya bundan əvvəl də beynəlxalq hüququn aliliyi prinsipini pozub.

Onun sözlərinə görə Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsini, 2014-cü ildən bəri Donbas separatçılarına dəstəyini və İrana qarşı silah embarqosunu pozmasını yalnız bununla izah etmək olar.

Rivyer bildirib ki, Fransa və Meksika təşəbbüslə çıxış ediblər. Bu təşəbbüsə uyğun olaraq Təhlükəsizlik Şurasının daimi üzvlərinə söhbətin kütləvi vəhşiliklərdən getdiyi vaxtlarda özlərinin veto hüququndan çəkinmələri tövsiyə edilir.

Çin Təhlükəsizlik Şurasında islahata qarşıdır

Yaponiyanın BMT-dəki səfiri İsikane Kimihiro da Rusiyanı öz veto hüququndan Təhlükəsizlik Şurasının qərarlarını iflic etmək məqsədilə istifadədə ittiham edib.

Kimihiro Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edib:

"Rusiya ilk növbədə bütün qoşunlarını və texnikasını Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri içərisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Bu həm kinayəli və hətta faciəli vəziyyətdir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyası burada BMT Nizamnaməsinin müdafiəsi üçün səmərəli çoxtərəflilik barədə debatlar açdığı bir vaxtda onun Ukraynaya qarşı birtərəfli təcavüzü davam edir”.

Yaponiya nümayəndəsi də Təlükəsizlik Şurasında islahat aparılmasına çağırıb.

Təhlükəsizlik Şurası yanında Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Olaf Skuq deyib:

"Rusiya özünü BMT Nizamnaməsinin və çoxtərəfliyin müdafiəçisi kimi təqdim etməyə çalışır. Heç nə həqiqətdən bu qədər uzaq ola bilməz. Bu, sadəcə olaraq arsızlıqdır”.

Lakin BMT-dəki Çin diplomatik missiyasının rəhbəri Çjan Tszyun Təhlükəsizik Şurasında islahatların aparılması təşəbbüsünə qarşı çıxıb. O deyib ki, nizamnaməni islah etməkdənsə, hərənin özündən başlaması lazımdır:

"Biz bəzi ölkələrin öz iradəsini beynəlxalq birliyə zorla qəbul etdirməsinin əleyhinəyik”.

Çin səfiri konkret ölkə adı çəkməsə ölkələri birtərəfli sanksiyalar qoymaqdan çəkinməyə çağırıb.

XS
SM
MD
LG