Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:15

NATO Ukrayna ilə uzunmüddətli müqavilə bağlamaq istəyir


"NATO kursu" - Kiyevdəki Sofiya meydanında plakat
"NATO kursu" - Kiyevdəki Sofiya meydanında plakat

NATO-ya üzv ölkələr Ukrayna ilə uzunmüddətli müqavilə bağlanması məsələsinə baxırlar.

Polşa prezidenti Andjey Duda The Wall Street Journal qəzetinə müsahibəsində deyib ki, bu müqavilə çərçivəsində Kiyev Qərbdən silahlar və hərbi texnologiyalar almaqda davam edəcək.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və başqa Qərb liderləri deyirdilər ki, NATO-Ukrayna münasibətləri ABŞ-İsrail münasibətləri modeli ilə qurula bilər.

Hazırda ABŞ və İsrail arasında qarşıdan gələn 10 il ərzində İsrailə milyardlarla dollarlıq ABŞ silahlarının verilməsini nəzərdə tutan müqavilə mövcuddur.

Bununla belə ABŞ-ın İsrailə hücum təqdirində onu müdafiə edəcəyinə dair rəsmi öhdəliyi yoxdur.

Kremlin ümidini kəsəcək müqavilə

The Wall Street Journal Ağ Evin nümayəndəsinə istinadla yazır ki, Qərb müttəfiqləri Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyinin verilməsini təmin edəcək formul üzərində işləyirlər.

Qəzetin yazdığına görə bu, belə bir tezislə bağlıdır ki, Ukrayna yaxın illərdə NATO üzvü ola bilməyəcək.

Buna baxmayaraq, bu sənəd Kremlin belə bir ümidini kəsəcək ki, müharibənin uzadılması onun xeyrinədir və Qərb müəyyən bir mərhələdə Kiyevə hərbi yardımını azalda bilər.

Andjey Duda müsahibədə deyib:

"Rusiya bugün başa düşməlidir ki, Ukrayna təhlükəsizlik qarantiyaları alıb və bu qarantiyalar zaman keçdikcə qüvvədən düşməyəcək”.

NATO-Ukrayna Şurası

Bundan başqa NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində “NATO-Ukrayna Şurasının” yaradılmasının elan ediləcəyi gözlənilir.

Bu razılaşma Kiyevə Şuranın iclaslarını çağırmaq və yardım üçün üzv ölkələrə müraciət etmək səlahiyyəti verəcək.

Ukraynaya təhlükəsizlik qarantiyaları verəcək razılaşmanın əsas zəmanətçiləri ABŞ, Britaniya, Fransa və Almaniya olacaq.

Təhlilçilər bildirirlər ki, Kiyevin onun NATO üzvlüyü üçün prosesin başlanmasına dair çağırışlarına baxmayaraq, Qərb paytaxtlarında bunun yaxın illərdə baş verməyəcəyini gizlətmirlər.

The Wall Street Journal qəzetinə müsahibəsində Polşa prezidenti də etiraf edib ki, ərazisində müharibə getdiyi müddətdə Ukraynanın alyansa üzvlüyü qeyri-mümkündür. Lakin o əlavə edib ki, Rusiyanın təcavüzü Ukraynanın alyansa üzvlük üçün yolunu açıb.

XS
SM
MD
LG