Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Yeni qərar avtomobilləri bahalaşdıracaq


'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur? (Arxiv. 2017)

Milli Məclisin bir neçə komitəsinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı məqamlar da var. Utilizasiya - ekoloji və təhlükəsizlik normalarına cavab verməyən, köhnələn avtomobillərin təkrar emala göndərilməsidir. Di gəl, hökumətin nəzərdə tutduğu yeni dəyişikliklər təkcə yararsız avtomobillərlə bağlı deyil, ölkəyə gətirilən və istismar müddəti bəlli müddəti keçən avtomobillərə görə utilizasiya rüsumu alınacaq.

Dəyişikliyə görə, xaricdən gətirilən və istismar müddəti dörd ildən yeddi ilədək olan avtomobillərdən 400 manat, yeddi ili aşan avtomobillərdən 700 manat əlavə rüsum alınması nəzərdə tutulur. Bu o deməkdir ki, ölkəyə gətirilən və istismar müddəti üç ili aşan avtomobillər üçün mövcud ödənişlərdən əlavə də pul tutulacaq. Ancaq bu rüsumun məbləği hələ tam dəqiqləşdirilməyib. Milli Məclisin komitə iclasında çıxış edən "Təmiz Şəhər" ASC-nin nümayəndəsi bildirib ki, bu rəqəmlər hələ dəqiq deyil, müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər.

Avtomobil parkı köhnəlir

Son zamanlar Azərbaycanda avtomobil bazarına təsir göstərən bir neçə qərar qəbul edilib. Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb. Həmin qərar da daxili bazarda istifadə edilən və istismar müddəti 10 ili aşan avtomobilləri bahalandırmışdı, axı artıq ölkəyə bu tip avtomobillər gətirmək mümkün deyil.

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, ölkədə bir milyon 300 min şəxsi minik avtomobili var. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycandakı avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır. Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi qədərdir. Bu baxımdan, doğrudan da, ölkədə avtoparkın köhnəlməsi problem var.

Ancaq hökumət bir məqamı gözardı edir: insanlar heç də rahatlıq üçün bu avtomobillərə yönəlmir. İstismar müddəti çox olan avtomobillərə tələbin çox olması əhalinin gəlirlərinin yeni avtomobillərə yetərsizliyindən və avtomobil idxalı ilə bağlı rüsumların yüksək olmasından qaynaqlanır. Bu üzdən, xaricdən gətirilən avtomobillərlə bağlı güzəşt mexanizmləri hazırlanmalıdır. Köhnə avtomobillərə qadağaların tətbiqi ölkədə avtoparkın köhnəlməsi problemini çözə bilməz.

Hökumət nə təklif edir?

Düzdür, son zamanlar hökumət ölkəyə yeni avtomobillərin gətirilməsini stimullaşdırmaq üçün bəzi mexanizmlər qəbul edib. Məsələn, mühərrik həcmi 2500 kubsantimetrədək olan və istehsal müddəti 3 ili aşmayan hibrid avtomobillərin ölkəyə gətirilməsi və satışı ƏDV-dən azad edilib. Ancaq beynəlxalq təcrübədə beş yaşı aşmayan avtomobillər "köhnə" sayılmır. Bu baxımdan, müstəqil ekspertlərin fikrincə, üçillik güzəşt dövrü, ən azı, beş ilə çatdırılmalıdır.

Digər tərəfdən, istismar müddəti üç ilədək olan hibrid avtomobillər 18 faizlik ƏDV-dən azad edilsə də, 15 faizlik idxal rüsumu və mühərrik ölçüsünə görə aksiz vergisi ödənməlidir. Bu baxımdan, istismar müddəti beş ilədək olan hibrid avtomobillərin də gömrük vergi və rüsumlarından azad edilməsi məsələyə çözüm gətirə bilər. Elektromobillər və hibrid avtomobillərlə yanaşı, benzinlə çalışan kiçik mühərrikli (1600 kub/sm-dək) avtomobillər də yaxın üç ildə bütün gömrük vergi və rüsumlarından azad edilsə, yaxşı olar.

Di gəl, görünən odur ki, hökumət yüksək vergi və gömrük rüsumlarını azaltmaqla yeni avtomobillərin idxalını stimullaşdırmaq fikrindən uzaqdır. Hökumətin yanaşması daha çox köhnə avtomobillərin idxalını daha da çətinləşdirməklə məsələyə çözüm gətirməkdir.

Hökumətin tətbiqinə hazırlaşdığı digər bir yenilik Azərbaycanda istehsal edilən avtomobillərə görə 10 il ƏDV-nin alınmamasıdır. Ancaq bu qərarın da ölkənin avtomobil bazarında ciddi dəyişikliklərə yol açacağı gözlənilmir, axı rəqabət çox güclü olduğundan avtomobil istehsalı xeyli maliyyə və insan resursları tələb edir. Azərbaycanda avtomobil istehsalının sayca ciddi rəqəmlərə çatmaması bu avtomobillərin rəqabətə dayanıqlı olmadığını göstərir. Ölkənin özünün yüksək keyfiyyətli avtomobillər istehsal etməsindən ötrü istər mütəxəssis resursu, istərsə texniki imkanlar yetərsizdir. Bu üzdən, Azərbaycanda istehsal edildiyi deyilən avtomobillərlə bağlı durum İran və Çinin tanınmayan avtomobil firmalarının istehsal etdiyi hissələrin ölkədə birləşdirilməsindən ötəyə keçə bilmir.

XS
SM
MD
LG