Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 11-ci paketini razılaşdırıb


Belçikada Rusiya neftinə embarqo tələb edən plakatlar
Belçikada Rusiya neftinə embarqo tələb edən plakatlar

Avropa İttifaqına daxil ölkələrin səfirləri Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinə görə Moskvanın üzərinə qoyulacaq sanksiyaların 11-ci paketi barədə razılığa gəliblər.

Bu barədə məlumatı AzadlıqRadiosunun Brüsseldəki müxbiri verib.

Xəbərdə deyilənə görə yeni məhdudiyyətlər 70 fiziki və 30 hüquqi şəxsi əhatə edəcək.

Avropa İttifaqında Polşanın daimi nümayəndəsi Andjey Sabod bildirib ki, sanksiyalara Drujba neft kəmərinin şimal qolu da daxil edilib.

Bloomberg agentliyinin verdiyi məlumata görə Drujba kəmərinin şimal qolu ilə neftin nəqli dayandırılacaq.

Agentlik bildirir ki, səfirlərin razılaşmasından sonra sanksiyalar paketini Aİ-yə daxil ölkələrin başçıları da təsdiq etməlidirlər.

Bu mərhələdə sanksiya paketinə müəyyən dəyişikliklər edilə bilər.

Sanksiyalar üçüncü ölkələrə tətbiq olunacaq

Drujba kəmərinin şimal qolu ilə Avropaya Qazaxıstan nefti, cənub qolu ilə isə Macarıstana, Çexiya və Slovakiyaya Rusiya nefti nəql olunur.

Bloomberg diqqəti belə bir məqama çəkir ki, sanksiyaların yeni paketi əsasən Rusiyanın sanksiyalardan yayınmasına yönəlib.

Söhbət ilk növbədə sanksiyalara baxmayaraq Rusiyanın Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan və Mərkəzi Asiya ölkələri vasitəsilə sanksiyalanmış texnologiyaların alınmasını davam etdirməsindən gedir.

Avropa İttifaqının yeni sanksiya paketi Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən üçüncü ölkələrə ixrac üzərinə məhdudiyyətlər nəzərdə tutur.

Qanuni yol hələ tapılmayıb

Rusiyaya qarşı 10-cu sanksiya paketi ötən fevralda qəbul edilmişdi.

O vaxt sanksiya siyahısına Rusiyanın Alfabank, Rosbank və Tinkoff bankları daxil olunmuşdu.

Bu sanksiyalar 67 fiziki şəxsi və 34 hüquqi şəxsi hədəfləyirdi.

Son məlumatlara görə Avropa İttifaqında Rusiyanın 300 milyard dollarlıq aktivləri bloklanıb.

Avropa İttifaqı hazırda bu vəsaitin Ukraynanın bərpası işlərinə yönəldilməsi mexanizmi üzərində işləyir.

Amma hələ ki, aktivlərin qanuni müsadirəsi yolları tapılmayıb.

XS
SM
MD
LG