Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Bazara atılan raket nəticəsində 17 nəfər ölüb


Ukrayna, Kostyantinovka
Ukrayna, Kostyantinovka

Blinkenin səfərinin məqsədi ABŞ-ın "Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sarsılmaz sadiqliyini” nümayiş etdirməkdir.

Rusiya Kostyantinovka şəhəridə bazara raket atıb, 17 nəfər ölüb, çoxsayda yaralı var. AzadlıqRadiosunun Ukrayna xidməti bunu Ukrayna rəsmilərinə istinadla yazır.

Reuters agentliyi ölənlər arasında bir uşağın da olduğunu bildirir.

Daxili işlər naziri İqor Klimenko (Ihor Klymenko) 17 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını bildirərək, axtarış-xilasetmə əməliyyatının başa çatdığını deyib.

Entoni Blinken
Entoni Blinken

Rusiyanın bu hücumu ABŞ-ın Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) sentyabrın 6-da Kiyevdə Ukrayna rəsmiləri ilə görüşündən sonra olub.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Blinkenin səfəri ABŞ-ın “xüsusilə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sarsılmaz sadiqliyini” nümayiş etdirmək məqsədi daşıyır.

ABŞ rəsmisi ilə birgə səfər edən, adının açıqlanmasını istəməyən rəsmilərdən biri jurnalistlərə deyib ki, Blinken 175 milyon dollardan 200 milyon dollaradək yeni hərbi yardım paketini açıqlayacaq. Daha böyük bir paketin isə bu həftənin sonuna elan ediləcəyi gözlənilir.

ABŞ-ın Dövlət katibi Rusiyanın Ukraynaya hücumundan sonra 3-cü dəfədir ki, Kiyevə səfər edir.

Səfərdən bir az əvvəl Rusiyanın Ukrayna paytaxtını kruiz raketləri ilə hədəfə aldığı bildirilir. İtki, ziyan olmadığı xəbər verilir.

Cəbhədə baş verənlər

Odessanın cənub-qərbində yerləşən İzmail limanında isə Rusiyanın üç saat çəkən dron hücumlarında azı bir nəfər öldürülüb. Region qubernatoru Telegram-da yazıb ki, limana və ona bağlı kənd təsərrüfatı infrastrukturuna ziyan dəyib.

İzmail NATO üzvü Rumıniya ilə həmsərhəddir, Ukraynadan taxıl və kənd təsərrüfatı daşımaları üçün əsas marşruta çevrilib. Rusiya iyulda Ukrayna taxılının Qara dənizlə daşınmasına imkan verən BMT sazişindən çıxıb.

Son həftələr sazişin dirçəldilməsi üçün danışıqlar getdiyi vaxtda Rusiya Ukraynanın Odessa və Mikolayev vilayətlərinə hücumları gücləndirib.

Bu həftənin əvvəlində Ukrayna rəsmiləri Rusiya dronlarının Rumıniya ərazisinə düşdüyünü desə də, Buxarest sonradan bu iddianı “qətiyyətlə təkzib edib”.

Rumıniya Prezidenti Klaus Yohannis (Klaus Iohannis) sentyabrın 5-də deyib ki, hücumlar ölkəsinin sərhədlərinə “çox, çox yaxın” baş verib.

XS
SM
MD
LG