Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:22

Müdafiə Nazirliyində 100 milyonluq yeyinti məhkəməsi: Nəcməddin Sadıqovun adı hallanır 


Nəcməddin Sadıqov
Nəcməddin Sadıqov

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, həbsdə olan general-mayor Nizami Məmmədov məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

100 milyon manata yaxın yeyintidə ittiham olunan general məhkəmə qarşısında tək deyil. O, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinə rəhbərlik etmiş Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə ilə birlikdə mühakimə olunur.

Generalın işinə jurnalistlər buraxılmadı...

Bu cinayət işində ölkənin müdafiə sektorunda 100 milyonluq yeyintidən bəhs olunduğunu nəzərə alaraq, məhkəmə prosesini izləməyə bir sıra media orqanlarının nümayəndələri gəlib. Lakin onların heç biri məhkəmə zalına buraxılmayıb. Onlara deyilib ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin göstərişi var, bu prosesə media nümayəndələri daxil ola bilməz.

Məhkəmənin hazırlıq iclasında isə təqsirləndirilən şəxslərdən Bayram Bayramovun vəkili deyib ki, müdafiə prosesinə yeni qoşulub, cinayət işinin materiallarıyla tanış ola bilməyib. Bu üzdən vaxt istəyir. Vəkilin istəyi nəzərə alınıb, general və digərlərinin məhkəməsi bir həftəlik təxirə salınıb.

General Məmmədov və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məlumata görə, mənimsənildiyi iddia olunan 100 milyon manata yaxın vəsaitin bir hissəsi (təxminən 40 milyon manat) istintaq dövründə ödənilib.

Keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqları...

Adları çəkilən təqsirləndirilən şəxslərdən əlavə, Müdafiə Nazirliyinin bir sıra başqa vəzifəliləri də həbs olunmuşdu. Onların arasında nazirliyin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov və ondan əvvəl bu vəzifədə çalışmış Mahir Şirvanov var. Adları çəkilən üç nəfərin məhkəməsi avqustun 31-də başlayıb. Onlar da külli miqdarda mənimsəmədə ittiham olunurlar.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən polkovniklər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər.

Məhkəmənin hazırlıq iclasında vəkillərdən biri də bu məsələyə toxunub:

“İttihamda göstərilib ki, hüquqlarını müdafiə etdiyim şəxs digərlərilə əlbir olub, keçmiş Baş Qərargah rəisinin qanunsuz tapşırıqlarını yerinə yetirib. Amma həmin şəxs nə istintaqa cəlb edilib, nə də ifadəsi alınıb....”

Hakim isə bu məsələyə münasibət bildirməyib. Deyib ki, bu, məhkəmənin hazırlıq iclasında baxılıb münasibət bildiriləsi məsələ deyil.

XS
SM
MD
LG