Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:47

Gələn il minimum maaş artırılmayacaq, bəs qiymətlər?


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır' (2021)

Hesablama Palatasının "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyindən aydın olur ki, minimum əməkhaqqı gələn il dəyişməyəcək, elə 345 manat qalacaq. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı sonuncu rəqəmlərə görə, 2023-cü ilin ilk doqquz ayında ölkədə inflyasiya 10.9 faiz olub. Bu, Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəfindən (2-6 faiz) iki dəfəyə yaxın yüksək göstəricidir. Deməli, hətta rəsmi rəqəmlər də son bir ildə manatın alıcılıq qabiliyyətinin 10 faiz azaldığını göstərir. Azərbaycanda inflyasiyanın necə hesablanması ilə bağlı mübahisəli məqamların olduğu nəzərə alınsa, gerçək azalma daha yüksək həddədir.

Belə yüksək inflyasiya səviyyəsində ölkədə minimum əməkhaqqının artırılmaması o deməkdir ki, bahalaşmanın əhalinin rifahına təsiri aradan qaldırılmayacaq. Unutmaq olmaz ki, Azərbaycanda yetərincə çox şəxsin aylıq maaşı elə minimum əməkhaqqı qədərdir. Öncəki illərdə minimum maaşın artımı ilə bağlı açıqlamalarda bildirilirdi ki, bu artımlar ölkədə 600 minə yaxın işçinin gəlirinə təsir göstərəcək. Bu rəqəm ölkədə rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərin təxminən üçdə biri anlamına gəlir.

Minimum maaş yaşayış minimumuna bərabərləşir

Gələn ilə dair açıqlanan göstəricilərdən daha biri yaşayış minimumu ilə bağlıdır. Hesablama Palatasının rəyindən anlaşılır ki, gələn il ölkə üzrə yaşayış minimumu 270 manat olacaq. Bu, 2023-cü ildəki göstərici ilə (246 manat) müqayisədə 10 faiz artım deməkdir. Uyğun qanunvericiliyə görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən oluşan sosial normadır. Bu həddən az gəlir əldə edənlər yoxsul sayılırlar. Yaşayış minimumunun dəyərinin artması o deməkdir ki, minimum istehlak səbətinin də dəyəri artıb. Bu səbətsə insanların yaşayışı üçün ən minimal ehtiyaclardan ibarətdir. Başqa deyimlə, hökumət yaşayış minimumunu artırmaqla insanların hətta ən minimal ehtiyaclarını ödəməyə gərəkən vəsaitin də artdığını qəbul etmiş olur. Di gəl, bunu qəbul etsə də, minimum maaş alanların gəlirini artırmır.

Gələn il ölkədə yaşayış minimumu 270 manat nəzərdə tutulsa da, əməkqabiliyyətli əhali qrupunun yaşayış minimumu 287 manat olacaq. Onu da unutmaq olmaz ki, 345 manat minimum maaşdan vergi və sosial ödənişlər də tutulur. Deməli, Azərbaycanda minimum əməkhaqqı səviyyəsində (345 manat) maaş alan işçi özəl sektorda çalışırsa, 316 manat, dövlət sektorunda çalışırsa, 306 manat net gəlir qazanır. Bu da, az qala, yaşayış minimumuna bərabər göstərici deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yaşayış minimumunun real minimum ehtiyacları ödəməsi məsələsini müstəqil ekspertlər birmənalı qarşılamırlar. Axı yaşayış minimumunun hesablanmasında istifadə edilən minimum istehlak səbətinin tərkibi beynəlxalq standartlara cavab vermir. Bu baxımdan, indi ölkədə minimum maaş səviyyəsində gəlir əldə edən insanların öz real minimum ehtiyaclarını qarşılaması mümkün deyil.

Xatırlamağa dəyər ki, hökumət hələ 2012-ci ildə qəbul etdiyi "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf konsepsiyası adlı sənəddə 2020-ci ilədək Azərbaycanda minimum əməkhaqqının orta aylıq maaşın 60 faizinə çatdırılacağını vəd etmişdi. Ancaq nə 2020-ci ildə, nə də indiyədək hökumət bu vədinə yaxın düşə bilməyib. Hazırda ölkədə orta aylıq əməkhaqqı səviyyəsi 923 manatdır. Başqa deyimlə, indi minimum maaş orta aylıq maaşın cəmi 37 faizi qədərdir. Hökumət 60 faiz vədini gerçəkləşdirə bilsəydi, ölkədə minimum əməkhaqqı 550 manata yaxın olmalıydı.

Ötən illərin təcrübəsi nə göstərir?

Onu da nəzərə almaq lazımdır ki, bəzi hallarda Azərbaycan hökuməti minimum əməkhaqqının artırılmasına dair qərarını il başladıqdan sonra açıqlayır. Məsələn, 2023-cü ildə minimum maaşın artımı ilə bağlı qərar yanvarın 5-də elan edilmişdi. Ancaq minimum əməkhaqqına belə yanaşma tam anlaşılan deyil, axı onun öncədən bilinməsi çox vacibdir. Söhbət büdcə sənədlərinin hazırlanmasından, özəl sektorun növbəti ilə əməkhaqqı fondunu planlamasından gedir. Təəssüf ki, Azərbaycanda qərar qəbulu zamanı belə hallara rast gəlinir və bu tip məqamlar nəzərə alınmır. Müstəqil ekspertlər də Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılabilən olmamasını vurğulayırlar.

Bu halın yaranmasının əsas səbəblərindən biri ölkədə qərar qəbulunda iştirakçılığın olmamasıdır. Axı bir çox ölkənin təcrübəsində minimum maaşın müəyyənləşdirilməsi yetərincə ciddi proses sayılır. Bəzi ölkələrdə minimum əməkhaqqı hökumətlə, işçi və işəgötürənlərin nümayəndələrindən ibarət komissiyaların müzakirələri nəticəsində bilinir. Digər qrup ölkələrdə bu məbləğ qızğın parlament müzakirələrində dəqiqləşdirilir. Azərbaycanda isə minimum əməkhaqqı yalnız prezident sərəncamı ilə açıqlanır və prosesdə iştirakçılıq təmin edilmir. Bu baxımdan, işçi hüquqlarının qorunduğu ölkələrdə ilboyu 10 faizdən yüksək inflyasiya qeydə alınarsa, minimum maaşın artırılmaması böyük narazılıq doğurur və tətillərə səbəb olur.

Gələn illə bağlı bir məqam da diqqət çəkir. Ölkədə seçkilər gözlənilir. Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin iki dəfədən çox artırılması bu gözləntiləri daha da artırıb. Ötən illərin təcrübəsi göstərir ki, hökumət seçki illərində seçkilərə az zaman qalmış maaş və pensiyaları artırmaqla seçicilərin qərarına təsir göstərməyə çalışır. Bu baxımdan, 2024-cü ilin əvvəlindən minimum maaş və minimum pensiya məbləğinin artırılmamasının səbəblərindən biri də həmin artımı seçkiyə az müddət qalmış açıqlamaq ola bilər.

XS
SM
MD
LG