Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:56

Ukraynadakı Rusiya ordusunun canlı qüvvə problemi var. İndi bu, siyasi problemə çevrilir


Çerepovetsdən səfərbər olunanların xanımlarından videomüraciət
Çerepovetsdən səfərbər olunanların xanımlarından videomüraciət

Ötən ay Rusiyanın cənub-qərbində yerləşən Çerepovets şəhərində bir qrup qadın icra hakimiyyəti binasının önünə toplaşıbmış. VK rus sosial şəbəkəsində paylaşılan videoda qadınlardan biri prezident Vladimir Putinə müraciəti ucadan oxuyur və ərlərinə "qanunsuz" əmrlər verilməsindən gileylənir. Başqa qadınların əlində də üzərində "Demobilizasiya tələb edirik" və "Kişilərimizi evə qaytarın" şüarları yazılmış plakatlar var.

Bu qadınlar 347-ci motorlu piyada alayının tərkibində Ukraynaya göndərilənlərin xanımlarıdır. Dmitri Yaşnikov ötən ilin sentyabrındakı səfərbərlik elanından sonra bu alayda xidmət edib, üç ay öncə də ağır yaralanıb.

"Heç kim döyüşməyə həvəsli deyil. Hamı evinə dönmək istəyir… Hər kəs yorulub və dinc yaşama qayıtmaq istəyir", - 41 yaşlı Yaşnikov AzadlıqRadiosunun "Sever.Realii" xidmətinə belə deyib.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin məqaləsində deyilir ki, geniş yayılmış olmasa da, narazılıqlar artıq siyasi başağrısı doğurur. Rusiya ordusunun Ukraynada canlı qüvvə problemi var və ölkə rəhbərliyi bu problemlə hesablaşmaqda çətinlik çəkir.

Putinin 15 ay öncəki səfərbərlik əmri on minlərlə kişini toplayıb Ukraynaya göndərməyə imkan versə də, savaş hələ sürdüyündən daha çox canlı qüvvəyə ehtiyac var. Daha çox əsgərə ehtiyac olduğundan ikinci səfərbərliyin elan edilməsi ehtimalı artır. Di gəl, Kreml Putinin yenidən namizəd olacağı prezident seçkisindən dörd ay öncə bu addımdan yayınmaq istəyir.

Səfərbər edilmiş rezervistlər
Səfərbər edilmiş rezervistlər

"Davranışlarından aydın sezilir ki…"

"Kremlin atəşkəsə kəskin ehtiyacı var, ancaq ən pis ssenariyə də hazır olmağa çalışır - kütləvi səfərbərliyin iqtisadi səfərbərliklə eyni vaxtda baş verməsi ssenarisinə", - Rusiya ordusu üzrə mütəxəssis, Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbinin araşdırıcısı Pavel Luzinin sözləridir.

"Davranışlarından aydın sezilir ki, Kreml könüllülərə iri məbləğlərdə pul təklif etməyə, Rusiyanın həbsxana sistemində, restoran və başqa toplaşma yerlərində reyd keçirməyə daha çox üstünlük verir, nəinki daha bir səfərbərlik elanına", - Karneqi adına Beynəlxalq Sülh Fondunda Rusiya ordusu üzrə araşdırma aparan Dara Massikot (Dara Massicot) deyir.

Britaniya rəsmiləri ötən ilin fevralından bəri Rusiyanın itkilərinin – ölən və yaralananların toplam sayının təxminən 302 min nəfər olduğunu deyirlər. ABŞ rəsmiləri artıq bu yay Ukraynanın canlı qüvvə itkisinin 180 min nəfər civarında olduğunu bildiriblər.

Bəs Rusiya səfərbərlik elan etmədən daha çox əsgəri haradan toplayacaq?

Ötən ilin sentyabrında elan edilən səfərbərlik ölkə əhalisini sarsıtmışdı. O zamandan bəri Rusiyada səfərbərliklə məşğul olan qurumlar ölkənin köhnəlmiş çağırış sistemi ilə nə edəcəklərini bilmirlər.

Mövcud hərbi çağırış sisteminə görə, yaşı 18-27 arasında olan bütün kişilər bir il orduda xidmət etməlidir. İldə iki dəfə baş verən çağırış mövsümündə yüz minlərlə kişi orduya çağrılır. Yaşı onilliklərlə ölçülən və tarixi sovet dönəminə uzanan bu sistem səmərəsizliyi və korrupsiyaya bulaşması ilə də ad çıxarıb.

Ancaq mövcud qanuna görə, çağırışçılar Rusiya sərhədləri xaricində, yaxud döyüş meydanında xidmət edə bilməzlər.

Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan sərhədində növbələr
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Müharibədə ölmək əsgər ailəsi üçün ələdüşməz fürsətdir?

Bununla yanaşı, hökumət canlı qüvvə ehtiyacını ödəmək üçün yeni üsullar axtarıb tapmağa çalışır. Məsələn, xidmət müddətini tamamlamaq ərəfəsində olanlara təzyiq edərək orduya könüllü yazılmaq haqda kontraktlar imzalatmağa çalışırlar. Bu zaman onları yüksək maaşla şirnikləndirmək də planın bir bölümüdür. Səfərbər olunan əsgər və könüllülər müqaviləli peşəkar ordu heyəti ilə eyni məbləğdə maaş və güzəştlər almalıdırlar. Minimal aylıq maaş 195 min rubldur (2 min 115 dollar). Bu, ölkədəki orta aylıq maaşın üç mislinə yaxındır və Rusiyanın daha yoxsul bölgələrindən ötrü çox cəlbedici təklifdir.

Kreml döyüşdə ölən əsgərlərin ailələrinə də iri məbləğdə kompensasiya ödəyir: 140 min dollar olan bu ödəmə ortastatistik Rusiya vətəndaşının ömürlük qazancından çoxdur. Bir hesablamaya görə, əsgərin yaxınlarına verilən bütün ödəmələrin, subsidiya və güzəştlərin toplam məbləği 170 min dolları keçir.

"…Rusiya hökuməti müharibədə ölməyi əsgərin ailəsi üçün göydəndüşmə bir fürsətə çevirib", - hazırda İsveçdə yaşayan veteran hərbi jurnalist Aleksandr Qolts bu yaxınlarda qələmə aldığı təhlil yazısında belə deyir.

Rusiyada nə qədər adamın ordu ilə könüllü müqavilə bağladığı dəqiq bilinmir.

Bu ay keçmiş prezident, indi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev yanvardan bəri 410 min nəfərin orduya könüllü yazıldığını deyib. Ekspertlər bu sayın böyük ehtimalla məhbusları və başqa ölkələrdən gələn miqrant işçiləri də əhatə etdiyini söyləyirlər.

Əsgərlərin müqavilələrini özlərindən soruşmadan uzatmaq təcrübəsinə də əl atılır. Bu ilin sentyabrında çox sayda könüllü və xalq arasında "mobik" kimi tanınan səfərbər olunmuş əsgərin kontraktı belə uzadılıb.

Artıq bəzi deputatlar "mobik"lərin müharibə bitənədək xidmət etməyə borclu olduğunu deyiblər. Jurnalistlərlə söhbətində Putin də həmin fikri təkrarlayıb.

"Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmutda əsgərlərinin qarşısında əlində Rusiya bayrağı ilə.
"Vaqner" hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmutda əsgərlərinin qarşısında əlində Rusiya bayrağı ilə.

Daha kiçik qruplar müxtəlif mənbələrdən maliyyələşdirilir

Ötən il Müdafiə Nazirliyi döyüşləri bir neçə yerdə "Vaqner" özəl muzdlu döyüşçü şirkətinə həvalə etmişdi. Qrupun yaxşı maaş alan və yaxşı təlim görən döyüşçüləri daha bacarıqlı sayılırdı.

"Vaqner"in qurucusu Yevgeni Priqojinə həbsxanalardan minlərlə dustağı toplamaq üçün yaşıl işıq yandırılmışdı. Bu məhbus birliklərindən, əsasən, "top yemi" kimi - sadəcə atəşin önünə düzmək, canlı qüvvəni artırmaq üçün istifadə edilirdi. Onlara yetərli təlim vermir, çox vaxt Ukrayna mövqelərinin üstünə gedəcək piyada dəstələrinin tərkibinə daxil edirdilər.

Avqustda - Priqojinin ölümündən sonra "Vaqner" xeyli dərəcədə Müdafiə Nazirliyi və Milli Qvardiya, yaxud "Axmat" çeçen dəstəsi kimi digər silahlı qurumlar tərəfindən "udulmuşdu".

Orduya "BARS" və "Redut" kimi tanınan qeyri-rəsmi sistemlər vasitəsilə də könüllülər toplanır.

Çoxu Müdafiə Nazirliyinin qapalı qurumları tərəfindən təşkil edilən bu birliklər də "Vaqner" kimi özəl hərbi qruplardır. Amma onlar daha kiçik, daha dağınıq və pərakəndədir və müxtəlif mənbələrdən maliyyələşir.

Ordu rəhbərlərinin əl atdığı daha bir vasitə - yorulub taqətdən düşmüş birlikləri yeniləri ilə əvəzləməmək, yaxud əsgərlərə uzunmüddətli məzuniyyət verməmək də onların həyat yoldaşlarını və analarını qəzəbləndirir.

Sentyabrın əvvəllərində 400-dək abunəçisi olan "Evə dönüş" adlı Telegram kanalında insanların seçkili vəzifələr tutan siyasətçilərə (məsələn, deputatlara) məktub yazaraq oğul və ərlərinin başqa əsgərlərlə əvəzlənməsini tələb edə bilmələri üçün təlimatlar dərc edilib. Bundan sonra kanalın populyarlığı qəfildən qat-qat artıb. Noyabrın 12-də kanal "tam demobilizasiya, siyasi sabitlik və Rusiyanın hər bir vətəndaşı üçün ləyaqətli həyat" tələb edən manifest dərc edib.

Kanalın kim tərəfindən işlədildiyi bilinmir. AzadlıqRadiosu açıqlama xahiş etmək üçün təşkilatçılarla əlaqə yarada bilməyib.

O zamandan bəri Çerepovetsdəkinə bənzər etiraz və ictimai müraciətlər artmaqdadır.

Voloqda vilayətinin Velikiy Ustyuq şəhərindən səfərbər olunanların xanımlarından videomüraciət
Voloqda vilayətinin Velikiy Ustyuq şəhərindən səfərbər olunanların xanımlarından videomüraciət

"Səfərbər edilən əsgərlərin evə dönmək vaxtıdır"

Bu ay Moskvada nümayiş keçirilməsi üçün müraciəti hökumət rədd etmişdi. Buna cavab olaraq onlarla qadın Kommunist Partiyasının icazəli mitinqinin yanında spontan yürüşə çıxıb. Onlardan bəzisi üzərində "Səfərbər edilən əsgərlərin evə dönmək vaxtıdır" sözləri yazılmış plakatlar daşıyıb. Polis beşcə dəqiqənin içində qrupu mühasirəyə alıb.

Hökumət Krasnoyarsk şəhərində də noyabrın 11-də nümayiş keçirmək istəyən daha bir qrupun müraciətini COVID-19 virusu ilə bağlı narahatlığı bəhanə gətirərək rədd edib. Sankt-Peterburq rəsmiləri də noyabrın 26-da keçirilməsi planlaşdırılan nümayişə icazə verməyiblər.

Belə etirazlar, əsasən, əsgərlərin Ukraynadan geri qaytarılması tələbi ilə baş verir. Bilavasitə müharibənin özünə qarşı çıxan aksiyalarsa, demək olar, yoxdur.

Özünü Nina kimi tanıdan bir qadın Telegram-dakı "Evə dönüş" kanalında paylaşdığı videoda müharibəni dəstəklədiyini və hətta Kremlin yanlış ritorikasını təkrarlayaraq Rusiyanın faşizmlə mübarizə apardığını deyir.

"Şəxsən mən xüsusi hərbi əməliyyata qarşı deyiləm. Mən faşizmlə barışmaq fikrini dəstəkləmirəm. Ancaq onların artıq 14-cü aydır peşəkar hərbi heyətin vəzifələrini sonsuzluğadək, daim və qul kimi davam etdirməsi …ədalətsizlikdir", - həmin qadının sözləridir.

Hökumət narazılığın böyüyərək daha mütəşəkkil hala gəlməsinin önünü kəsməyə çalışır.

XS
SM
MD
LG