Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

'Human Rights Watch' Tofiq Yaqublunu azad etməyə çağırır


Tofiq Yaqublu
Tofiq Yaqublu

"Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin yorulmaz tənqidçisi Tofiq Yaqublunu qondarma dələduzluq və sənəd saxtalaşdırma ittihamı ilə həbs edib. Bu, Azərbaycanda jurnalistləri və hökumətin tənqidçilərini hədəfə alan həbs dalğası çərçivəsində baş verir". Bu bəyanatla dekabrın 19-da "Human Rights Watch" insan haqları təşkilatı çıxış edib.

"Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır", -- qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

Yaqublu barəsində sənəd saxtalaşdırma və dələduzluq ittihamları ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib. "Human Rights Watch" qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.

"Azərbaycan hökumətinin tənqidçilərinə qarşı əcinnə ovu onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır", - Qoqiya vurğulayıb.

ABŞ səfirliyi Yaqublunun azad edilməsinə çağırıb

ABŞ-ın Bakıdakı səfirliyi X platformasında Tofiq Yaqublunun həbsi ilə bağlı paylaşım edib: "Biz Tofiq Yaqublunun həbsindən və saxlanmasından dərindən narahatıq. Tofiq Yaqublunun və təməl haqlarından istifadə etdiyinə görə həbs olunmuş bütün digərlərinin azad olunmasına çağırırıq".

Tofiq Yaqublu həbs edilib

Bu gün, dekabrın 15-də Nərimanov rayon Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçib.

Məhkəmənin qərarı ilə o, 4 aylıq həbs edilib.

Vəkil Nemət Kərimlinin bildirməsinə görə, T.Yaqublu bir nəfəri xaricə göndərmək üçün pul almaqda günahlandırılır. "Guya hadisə dekabrın 8-də baş verib və cinayət işi artıq ayın 11-də açılıb. Bu, absurddur".

​Tofiq Yaqubluya təqsirləndirilən şəxs kimi ittiham irəli sürülüb

Tofiq Yaqubluya artıq təqsirləndirilən şəxs kimi ittiham irəli sürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında vəkil Aqil Layıc danışıb. Onun deməsinə görə, artıq status dəyişib, T.Yaqublu əvvəl şübhəli şəxs kimi istintaqa cəlb edilmişdisə, indi təqsirləndirilən şəxs sayılır.

Vəkil vurğulayıb ki, T.Yaqublu ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə izah edir.

Vəkilin açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi təqiblərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

+++

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır. O, Nərimanov rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə istintaqa şübhəli şəxs qismində cəlb edilib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

"Biz təfərrüatları açıqlamırıq, çünki işdə müəyyən şəxslər var və ictimaiyyət gələcəkdə onlar haqqında məlumat alacaq. Növbəti günlərdə prosessual hərəkətlər davam etdiriləcək və biz istintaq sirrini açıqlamamaq şərti ilə bu barədə müəyyən məlumat verəcəyik. Amma əgər dövlət qurumları şəxsin təqsirsizlik prezumpsiyasını pozan məlumat yayarlarsa, bu halda biz onu təkzib etməyə məcbur olacağıq", - vəkil bildirib.

Qeyd edilən maddələrlə şəxsə 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Evində axtarış aparılıb

Milli Şuranın Koordinasiya Mərkəzi və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində dekabrın 14-də aparılan axtarışda xarici valyutada və manatla pul tapıldığı bildirilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi bildirib. Onun sözlərinə görə, bu pullar onlara aid deyil və evlərinə yerləşdirilib.

N.Həzi qeyd edib ki, evdən anasına aid olan mobil telefonlar və kompüter da götürülüb: "Mən özüm gəlsəm də, evimizə buraxılmamışam və axtarışda iştirak edə bilməmişəm".

Tofiq Yaqublu saxlanıb

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də saxlanıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, müxalif siyasətçinin evində axtarış da aparılıb. Amma yaxınlarına saxlanma səbəbi bəlli deyil.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı T.Yaqublunun saxlanması barədə məlumatı "Turan"a təsdiqləyib.

T.Yaqublu buna qədər bir neçə dəfə iğtişaş yaratmaq, xuliqanlıq ittihamları ilə həbsdə olub. O, həbslərini siyasi fəaliyyəti ilə izah edib və ittihamları qəbul etməyib.

Azərbaycan rəsmiləri, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

XS
SM
MD
LG