Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:57

Prezidentin kürəkənində 2 milyon dollarlıq saat haradandır?


Otabek Umarov
Otabek Umarov

Sosial şəbəkələrin Özbəkistan seqmentində bu ölkənin prezidenti Şavkat Mirziyoyevin kürəkəni Otabek Umarovun fotosu qızğın müzakirə olunur. Bloqer Sanсar Xoсanın yerləşdirdiyi fotoda prezidentin təhlükəsizlik xidmətinin rəis müavini "Richard Mille RM UP-01 Ferrari" saatı taxmış şəkildə təsvir olunub. Onun dəyəri 1.8 milyondan 2 milyon dollara qədərdir. Şəbəkə istifadəçiləri dövlət qulluqçusu Umarovun hansı pula özünə bir neçə milyon dəyərində saat aldığını müzakirə edirlər.

"Maaşını adi vergi ödəyiciləri ödəyən dövlət qulluqçusu Otabek Umarovun saatı. Saatın qiyməti 1 milyon 880 min dollardır. Bu, dolanışığını çətinliklə təmin edən 32 min 932 pensiyaçının aylıq pensiyasıdır. Vergi ödəyicilərindən aldığı maaşla yaşayan dövlət işçisi belə saatı necə ala bilərdi", –bloqer Xoсa soruşur.

"Richard Mille UP-01 Ferrari" saatı məhdud buraxılışlı modeldir. Ümumilikdə 150 nüsxə istehsal edilib.

"Prezidentin kürəkəni hansı vəsaitlə alıb, gəlir bəyannaməsi varmı, vergilər ödənilibmi", - bloqer sual edir.

Nə Umarovun özü, nə də administrasiyanın digər rəsmi nümayəndələri, hələlik, Xocanın paylaşımına münasibət bildirib.

AzadlıqRadiosunun özbək xidmətinin əvvəlki araşdırmalarına görə, Umarovun ətrafındakı insanlar, o cümlədən qardaşı Mirziyoyev hökumətinin dəstəyi ilə çoxlu sərvət toplayıblar, çox vaxt benefisiarları gizlətmək üçün mürəkkəb korporativ strukturlardan istifadə olunub.

Umarovu tez-tez ölkənin siyasi və iqtisadi elitasının "boz kardinal"ı adlandırırlar. "Özbəkistan korrupsiyanın yüksək səviyyəsi, qohumbazlıq və hakimiyyətdən sui-istifadə ilə xarakterizə olunan avtoritar dövlət olaraq qalır", - "Transparency International" təşkilatının son hesabatında vurğulanır. Qeyd olunur ki, bununla belə, Mirziyoyev dövründə siyasi və iqtisadi islahatlarda müəyyən irəliləyişlər əldə edilib.

Son illərdə Umarov Özbəkistanda məşhurlaşsa da, formal olaraq sadəcə orta səviyyəli məmurdur. O, yüksək səviyyəli qonaqlar və ərəb şeyxləri ilə oturub-durur, Özbəkistan idmanının himayədarı kimi imicini fəal inkişaf etdirməyə çalışdığı bildirilir.

Umarov prezidentin kiçik qızı Şahnoza Mirziyoyeva ilə evlidir. Şahnoza Milli Sosial Təminat Agentliyinin direktorunun birinci müavini vəzifəsində çalışır.

Umarovun imicinin inkişafında əsas element ölkənin milli olimpiya komandası üçün forma istehsal edən "7Saber" şəxsi brendi sayılır. 2021-ci ildə bazara çıxarılan brend birbaşa "Ultima Group"un şirkətləri və tərəfdaşları şəbəkəsinə bağlıdır. "Ultima Group" üç il əvvəl gözlənilmədən Özbəkistanda qaz müqavilələrində vasitəçi olduqdan sonra tanınıb.

Bütün bu qəfil maliyyə uğurları ilə "Ultimo Group" korporativ fantom (kabus) sayılır. Şirkətin işlək vebsaytı və ya digər ictimai təqdimatı yoxdur. Onun rəsmi ortaqlarından biri isə heç vaxt bizneslə məşğul olmayan pensioner qadındır.

XS
SM
MD
LG