Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:19

İlkin Süleymanova verilən 18 illik həbs cəzası qüvvədə qaldı. Vəkil narazıdır


İlkin Süleymanov məhkəmədə (Arxiv fotosu)
İlkin Süleymanov məhkəmədə (Arxiv fotosu)

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunaraq, 4 il yarımdır həbsdə saxlanılan İlkin Süleymanov haqqında 18 illik həbs hökmü qüvvədə saxlanılıb. İyulun 31-də Gəncə Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qərardan öncə son sözünü deyən İ.Süleymanov bildirib ki, azyaşlı Nərminə qarşı cinayət törədən şəxs və ya şəxslər məsuliyyətdən kənarda saxlanılıb və o, canilərin əvəzinə cəza çəkir:

“Hansısa cinayətin açılmaması yaxşı hal deyil. Amma günahsız bir adamı həbsdə saxlayıb, ona aidiyyəti olmayan cinayəti boynuna qoymaq dövlət adına ikiqat ləkədir. Mən 5-ci ildir ki, nahaqdan cəza çəkirəm”.

“Göstərişlə barəmdə vicdansız hökm çıxarıldı…”

İ. Süleymanov vurğulayıb ki, ona bəraət verilməsi üçün özünün və vəkillərinin məhkəmədə ortaya qoyduğu onlarla faktın 2-3-nü nəzərə almaq yetərdi:

“Amma təəssüf ki, tapşırıqla, göstərişlə barəmdə vicdansız hökm çıxarıldı…”

İ.Süleymanovun vəkili Əlibaba Rzayev deyir ki, müvəkkili 2020-ci il yanvarın 6-da saxlandığı halda, hadisə yanvarın 10-da rəsmiləşdirilib və o bu müddətdə işgəncəyə məruz qalıb. Onun 4 gün Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanmasını hətta məhkəmə də etiraf etmək məcburiyyətində qalıb. Bu, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə yer alıb.

Vəkilin sözlərinə görə, 2020-ci il yanvarın 23-də İ.Süleymanov haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılarkən, onun üzərindəki işgəncə izlərini hakim Teyyub Muxtarovun şəxsən özü də görmüşdü. Amma o zaman hakim işgəncə faktının araşdırılması üçün heç bir addım atmayıb.

“Meyitdən 50 qram qan götürülüb, ekspertə 80 qram verilib”

İ.Süleymanov haqqında 18 illik həbs hökmündən verilmiş apellyasiya şikayəti də Gəncə Apellyasiya Məhkəməsində öncə Teyyub Muxtarovun icraatında idi. Onun sədrliyilə bir neçə məhkəmə iclası da keçirilmişdi. Ancaq o, bir neçə ay öncə Ali Məhkəməyə hakim göndərildiyindən, bu iş başqa bir hakimə - Rafiq Cəfərova verildi.

"Başqa sübut tapmadıqlarına görə yalnız İlkinin işgəncə altında verdiyi ifadələrə istinad edirlər. Necə ola bilər ki, Nərminin 47 gün saxlanıldığı iddia olunan otaqdan bir dənə də sübut tapılmasın? Ya bir saç, ya paltarının lifi... Meyitdən 50 qram qan götürülüb, ekspertə 80 qram verilib. Qalan 30 qram kimin qanı olub ki, ora əlavə ediblər?" - vəkilin sözləridir.

Müdafiəçi əlavə edib ki, Gəncə Apellyasiya Məhkəməsindən ədalətli nəticə gözləntisi yoxdur, axı məhkəmədə qaldırdıqları ziddiyyətli halların heç biri araşdırılmadı.

Məhkəmədən sonra vəkil Ə.Rzayev AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcək.

XS
SM
MD
LG