Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:06

Putinin səfərindən sonra… Dövlətə xəyanət ittihamı ilə həbslər


Vladimir Putin və İlham Əliyevin Bakıda qeyri-rəsmi görüşü
Vladimir Putin və İlham Əliyevin Bakıda qeyri-rəsmi görüşü

Hər həftəsonu həftə boyunca ölkədə baş verənlərə nəzər salır, AzadlıqRadiosunun işıqlandırdığı mövzuları diqqətinizə çatdırırıq.

Bu həftənin ən diqqətçəkən hadisələri sırasında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən, həm də hökumətin Qarabağ siyasətini tənqid edən Bəhruz Səmədovun saxlanmasından danışacağıq.

Avqustun 18-19-da Rusiya prezidenti ikigünlüyə Bakıya gəldi. Səfərin ictimaiyyətə açıqlanan tərəfləri onun azərbaycanlı həmkarı İlham Əliyevlə birgə bəyanatları, Bakıda qonağın şərəfinə verilən ziyafətin menyusu oldu.

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera bu səfərin Putinin bölgədəki nüfuzunun azaldığını göstərdiyini, Bakının ikitərəfli münasibətlərdə üstünlüyü ələ aldığını yazır.

Ancaq Putinlə birlikdə Bakıda olan xarici işlər naziri Sergey Lavrovun Ermənistanın ünvanına tənqidləri də diqqətdən kənar qalmadı. O, Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçladı. Azərbaycan bir müddət öncə Ermənistanın Sünik bölgəsindən keçməsi nəzərdə tutulan, Bakının "Zəngəzur dəhlizi" adlandırdığı marşrutla bağlı bəndin ikitərəfli sülh sazişi layihəsindən çıxarıldığını bildirmişdi. Ermənistan bu bəyanata kəskin reaksiya verib, Lavrovun Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı "konstruktiv" rolunu sual altında qoyduğunu bildirib.

Digər tərəfdən, Rusiya XİN-in departament direktoru "RİA Novosti"yə deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir, indiki məqamda Ermənistanda sabitliyin KTMT-dən alternativ təminatçısı yoxdur.

Vladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan

Bəzi təhlilçilər Ermənistan-Rusiya münasibətlərində son ayların gərginliyi fonunda regionda daha bir eskalasiya ehtimalından danışırlar. Beynəlxalq Böhran Qrupu isə AzadlıqRadiosuna şərhində Bakının ötən il Qarabağda hərbi əməliyyatından sonra Azərbaycanla Ermənistanın hərbi mövqeləri arasında vəziyyətin nisbətən sakit qalmasına, təkəm-seyrək insidentləri çıxmaqla böyük eskalasiya baş verməməsinə diqqət çəkir.

"Dekabrın 7-də Yerevan Bakının COP29 sammitinə ev sahibliyini dəstəkləyəndən sonra bu sakitlik daha qabarıq formada özünü büruzə verib. Böyük beynəlxalq tədbirlərə ev sahibliyi ilə bağlı belə razılaşmalar və planlar yaxın gələcəkdə cəbhə xətlərində nisbi sakitliyə töhfə verməlidir", - qurumun açıqlamasında deyilir.

Azərbaycanda COP29 bu ilin noyabrında keçiriləcək. Amma bu ərəfədə ölkədə tənqidçilərin həbsi səngimir. Elə bu həftə də daha bir tənqidçi həbs olunub. 20-yə yaxın jurnalist, fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbsədir. Onlar ittihamı rədd edirlər.

Putinin səfərinin ertəsi günü Azərbaycan Rusiyanın, Çinin üzv olduğu BRICS təşkilatına üzvlük niyyətini rəsmiləşdirdi. Bunu bəzi tənqidçilər məhz Bakının Qərbdən uzaqlaşmasının dahi bir təzahürü kimi dəyərləndirirlər. İqtisadçı Natiq Cəfərli Azərbaycan iqtisadiyyatının daha çox Qərblə bağlı olduğunu, amma BRICS-ə üzvlüyün yeni iqtisadi fürsətlər yaratdığını deyir. N.Cəfərlinin fikrincə, Azərbaycanın BRICS-ə üzv olması, əsasən, loqistika məsələləri ilə bağlıdır.

Bəhruz Səmədov
Bəhruz Səmədov

Dövlətə xəyanət ittihamı ilə həbslər silsiləsi?

Ancaq fərqli fikirdə olanda da var. "Azərbaycanın Rusiya ilə, 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda əməliyyatı zamanı Rusiya sülhməramlı missiyasının hərəkətsizliyindən sonra gözlənən yaxınlaşması Azərbaycanı BRICS-ə doğru sürüklədi. Beləliklə də, Çinlə Rusiyaya iltifat göstərən Azərbaycan demokratiya və insan haqları məsələsindən həmişəkindən daha çox uzaqlaşır". Bunu gənc politoloq Bəhruz Səmədov bir müddət öncə "IPS" dərgisində yazırdı.

B.Səmədov bu həftə Bakıda saxlanılıb və onun barəsində dövlətə xəyanət ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədə özünü təqsirli bilməyən Səmədov ona qarşı təzyiqlərin olduğunu bildirib.

Səmədov xarici media orqanlarında dərc olunan məqalələrində, müsahibələrində Azərbaycanın Qərbdən uzaqlaşmasına diqqət çəkir. Onun Azərbaycanın Qarabağ münaqişəsini "zorakılıqla, qeyri-inklüziv dialoqla" həll etməsi, digər avtokratların da buna əl ata biləcəyi barədə dedikləri sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.

Bəzi müxalifət qüvvələrini birləşdirən Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında Səmədovun həbsini Stalin dövrü ilə müqayisə edir: ""Dövlətə xəyanət" ittihamını ötən əsrin 30-cu illərində daha çox adam tutmaq məqsədi ilə Sovet hüquq sisteminə Stalin gətirmişdi. 50-60 il Sovet KQB-si ayrı cür düşünənlərə qarşı məhz bu anonim ittihamdan istifadə edib. Və 30-40-cı illərdə bu ittihamlarla adamları tutanlar, insanları güllələyənlər, sürgünə göndərənlər özləri də məhz bu ittihamla tutuldular".

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid "Eurasianet"ə açıqlamasında B.Səmədovun dövlətə xəyanət ittihamı ilə saxlanmasından narahatlıq bildirib.

"Səmədovun hazırladığı tənqidi hesabatlar və dərin təhlil xəyanətə bərabər tutula bilməz, hakimiyyət ya bu iddialarını əsaslandıracaq dəlil gətirməlidir, ya da Səmədovu azad etməlidir", - Səid deyib.

İqbal Əbilov
İqbal Əbilov

İyulun sonunda saxlanan 'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru İqbal Əbilov həm dövlətə xəyanətdə, həm də milli ədavəti qızışdırmaqda ittiham olunmuşdu. Onun ermənistanlı professorla gizli danışıqlar apardığı iddia edilsə də, yaxınları və həmkarları bu əməkdaşlığın elmi fəaliyyətlə bağlı olduğunu deyirlər.

Bu yazı hazırlananda daha bir fəal Səməd Şıxının Bakı Hava Limanında saxlanması barədə xəbər gəldi.

Hazırda 20-yə yaxın jurnalist, fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbsədir. Onlar ittihamı rədd edirlər. Beynəlxalq insan haqları təşkilatları hakimiyyətin bu yolla tənqidçiləri susdurmağa çalışdığını deyir. Qaçaqmalçılıq ittihamları ilə silsilə həbslərdən sonra indi də "dövlətə xəyanət" ittihamı iləmi tənqidçilərin həbsləri davam edəcək? Bunu yaxın günlər göstərəcək. Sosial şəbəkələrdə "novorçu", yəni müharibəyə qarşı fikirləri ilə tanınan fəallardan Qiyas İbrahim yazır ki, "Məni tutub eləsəz, onsuz da ayrı bəhanə getməyəcək, çox var-gəl eləmədən "vətənə xəyanət"də ittiham edin".

Gələn həftə

Gələn bazar günü - sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Tənqidçilər ölkədə seçki ab-havasının duyulmadığını deyirlər. Parlamentə bəzi namizədlər sosial şəbəkələrin imkanlarından istifadə edir, seçicilərlə görüşlərdən foto-videolar paylaşırlar.

Seçki kampaniyasının sönüklüyü fonunda artıq bir neçə həftədir Bakıda bir məhkəmə qarşısına onlarla müxalifətçi yığışır. Növbədənkənar parlament seçkilərini boykot edən AXCP sədri Əli Kərimliyə qarşı ittihamlar üzrə məhkəmənin hazırlıq iclası üçüncü dəfə təxirə salınıb, avqustun 26-na təyin olunan məhkəmə yenidən qeyri-müəyyən vaxta keçirilib.

Partiyanın keçmiş üzvü Ə.Kərimlini böhtan və təhqirdə ittiham olunmasını tələb edir. AXCP bunu birbaşa dövlət başçısının sifarişi sayır.

AzadlıqRadiosu seçki debatlarını davam etdirir.

XS
SM
MD
LG