Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

Ermənistan KTMT-nin daha bir tədbirini boykot etdi


KTMT təlimlərindən birində
KTMT təlimlərindən birində

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münabətlərinin “dönüşü mümkün olmayan nöqtəyə” yaxınlaşmasını bəyan edəndən bir həftə sonra Yerevan təşkilatın daha bir mühüm tədbirini - KTMT xarici işlər nazirlərinin görüşünü boykot edib. Ermənistan kontingenti KTMT-nin son təlimlərinə da qatılmayıb.

Bu təlimlərə sentyabrın 26-da Qazaxıstanın ən böyük şəhəri Almatı yaxınlığında başlanıb.

Təlimdə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistan hərbi kontingentləri iştirak edirlər.

Bu təlimlər ötən ilin oktyabrından bəri Ermənistanın boykot etdiyi azı üçüncü tədbirdir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu Yorkda Baş Assambleya əsnasında keçirilən KTMT nazirlərinin iclasına qatılmayıb.

İxtilaf

Rusiya-Ermənistan münasibətləri iki il bundan əvvəl Qarabağda və onun ətrafında yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri Azərbaycan hərbiyyəsinin keçirdiyi əməliyyatın qarşısını almayandan və Qarabağın erməni əhalisinin kütləvi köçünə yol verəndən sonra korlanmağa başlayıb.

Azərbaycan hərbçiləri həmin əməliyyatla ölkənin Qarabağ üzərindəki suverenliyini bərpa ediblər.

Ötən ildən bəri Paşinyan dəfələrlə bəyan edib ki, ölkəsinin təhlükəsizlik məsələlərində Rusiyadan tam asılılığı səhv olub.

O bildirir ki, ölkənin xarici siyasətini Qərbə doğru reoriyentasiya edir və başqa ölkələrlə hərbi əməkdaşlığa can atır.

Ötən il Ermənistanda birgə ABŞ-Ermənistan hərbi təlimləri keçirilib.

Bundan sonra Yerevan və Moskva arasında münasibətlər pisləşməkdə davam edir.

“Dönüşü mümkün olmayan nöqtə”

Paşinyan ötən həftə keçirilən II Qlobal Erməni Sammitindəki çıxışında demişdi ki, “dönüşü mümkün olmayan nöqtə” anlayışı var.

“Biz bu nöqtəni hələ keçməmişik, amma hazırda belə bir hadisənin baş verməsinin böyük ehtimalı var”.

Ötən may ayından bəri Ermənistan KTMT—nin maliyyələşdirilməsini dayandırıb.

Elə həmin ay Rusiya prezidenti Vladimir Putin və baş nazir Nikol Paşinyan razılığa gəliblər ki, Rusiyanın sərhəd qoşunları yalnız Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədində xidməti davam etdirəcək, başqa yerlərdən isə çıxarılacaqlar.

Paşinyan və Ermənistan rəsmiləri bildirirlər ki, Yerevan özünün xarici siyasət oriyentasiyasını dəyişir, çünki Rusiya Ermənistan qarşısında öhdəliklərinə əməl etməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG