Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:17

Mustafa Çəmənli "Ruhların üsyanı" (Povest)



Gözümü dan üzünə açanda Allahıma dua elədim ki, sağ-salamatam. Axı elə bu yuxu da ölüm kimi bir şeydi. Otaq buz kimi idi. Yerimdən qalxıb pəncərəyə yanaşdım, bayırda sakit-sakit, lopa-lopa qar yağırdı. Birdən yadıma pəncərəmizlə üzbəüz, yolun o biri üzündə hər il günəşə aldanıb vaxtsız çiçəkləyən şaftalı ağacı düşdü. Nigarançılıq içində tez yolun o üzünə, günəşə aldanıb vaxtından əvvəl çiçəkləmiş o şaftalı ağacına baxdım. Ağappaq qarın içində şaftalı ağacının çəhrayı çiçəkləri hələ də canlı görsənirdi.

Görəsən indi Şuşada, Ağdamda da aldanıb çiçəkləmiş ağaclar varmı? Heyif o ağaclardan. Ağac olanda nolar, axı ağaclara da insan məhəbbəti gərəkdir. Deyirlər ki, ağaclar insandan məhəbbət görməyəndə quruyurlar. Eh, indi işğal olunmuş ərazidə kimdi onlara məhəbbət göstərən. Yəqin daşnaklar hamısını qırıb-çatıblar. Qəşəng-qəşəng qapı-pəncərə düzəldiblər özləri üçün. Humanist xalq belə də olar. Görəsən İsa bulağına dəyməyiblər? Eh, kim bilir? Əşi, bu "kirvə"lərin ayaqları dəyən yerdə düz bir əsr ot bitməz. Bulağa dəyməsələr də, yəqin ki, adını dəyişiblər. Ad dəyişməkdə, "özəlləşdirməkdə" mahirdirlər. Farağat yaşamağı sevmir də bu millət, gərək özündən bir hoqqa çıxartsın. Nə deyim, o İsa bulağının başında necə məclislər qurardıq. Hanı indi o İsa bulağı, qurulan məclislər? Lopabığ, daqqapapaq, həvədiş bir şair də vardı (elə indi də var), kabab yeyib, araqdan içib pələngə dönərdi. Qarabağlıların, İsa bulağının şəninə sağlıqlar deyərdi ha... Ancaq İsa bulağı darda olanda heç cınqırını da çıxartmadı. Amma canı sağ olsun, televiziyada tez-tez vətənpərvərlik nəğməsi oxuyur... Eh, gen gündə Vətəni sevməyə nə var ki, onu dar gündə sevmək lazımdı.

Bilmirəm səhər-səhər xeyir-şər eləməmiş bu nə ovqatdı məndə. Bu Şuşa hardan yadıma düşdü (bəyəm yadımdan çıxır ki?!). Hə, xatırladım, heç nə təsadüfi deyil axı, azca qabaq televiziyada diktor hava haqqında məlumat verdi. Bir deyən yoxdur ki, a başına dönüm, sənin nəyinə gərəkdir Şuşada hava necədi, necə olacaq. Vallah, az qalıram bu televizoru vurub sındıram. Biz ki indi Şuşanın havasından uda, suyundan içə bilmirik. Qədrini bilməmişik də. Bilməmişik! Biz ora ancaq kef eləməyə, kabab yeməyə, badələri ləbaləb doldurub bəlağətli sağlıqlar söyləməyə getmişik. Ə, qardaş, dünyanın heç harasında (bizim ölkədən başqa) əlində araq dolu badə durub bir saat sağlıq deyən tapmazsan. Hələ bu harasıdı, bir də gördün həpəndin biri badə əlində qalxdı ayağa, məclisdə olmayan birisinin, məsələn, filankəs ağanın sağlığına tost deməyə, hamını o kişinin şərəfinə ayağa qaldırmağa. Di kişisən ayağa durma. Deyən yoxdur ki, ə, yerində sakit otura bilmirsən?

Yox, hamımız diplomat olmuşuq. Evdə uşaqlar acından arvadın pişiyini ağaca dırmaşdırıb, biz isə əlimizdə badə, bizi heç it yerinə də qoymayan bir şirkət rəhbərinin şərəfinə dastan danışırıq. Öl, ay kasıb, onsuz da lümlütsən də. Heç soruşan yoxdu bu şirkət rəhbəri Qarabağın yolunda nəyindən keçib? Hansı fədakarlığı göstərib?..

Hə, harda qaldıq? Yadıma düşdü, havadan danışırdıq. Şuşada hava necə olacaq? Çox yaxşı, çox əla. Əziz dədəyin o əziz başı haqqı bu saat "kirvələr" qol-qola girib Cıdır düzündə xizək sürürlər... Of, ürəyimiz partlayacaq da. Gorun çatlasın, Pənahəli xan, evin yıxılsın, İbrahimxəlil xan, görün yurdunuzda kimlər at oynadır.

Bəli, biz yurd-yuva qədrini bilməyəndə özgələr də gəlib at oynadacaq. Biz bunu gərək çoxdan, lap çoxdan dərk eləyəydik. Biz Pənahəli xanın tikdirdiyi o gözəl Şuşa qalasında onu yada salan balaca nişangah belə qoymadıq. Amma gəlmə ermənilər bizim o gözəl şəhərimizdə biz baxa-baxa gözlərimizin qabağındaca qanımızı şərab əvəzinə içən Stepan Şaumyanın dəvə boyda heykəlini qoymuşdular. İbrahimxəlil xanın kəndini də şəhər eləyib adını da Stepanakert eləmişdilər. İndi bilirəm, gözlərinizi bərəldib deyəcəksiniz ki, Rusiya bizi qoymurdu cınqırımızı çıxardaq. YOX! YOX! Biz milli heysiyyətimizi gərək hər şeydən üstün tutaydıq. Biz unutmuşduq ki, öz qalasına görə qanı qanından, dili dilindən, dini dinindən olan şah Qacarın başını kəsdirmişdi İbrahimxəlil xan. Ona xəyanət edən, rus padşahına danos yazan erməni məliklərini tutdurub Şuşa zindanına saldırmışdı o kişi. Amma deyin (söz vaxtına çəkər), düz iki yüz il bundan qabaq şəhid olmuş bu İbrahimxəlil xanın yaxasını buraxırıqmı? Axı bu kişini 1806-ci ilin iyun ayında, aylı bir gecədə o kosasaqqal, arvadsifət mayor Lisaneviç qanına qəltan eləyib, amma biz ondan yenə əl çəkmirik. Əşi, belə də iş olar. Əzizim İbrahimxəlil xan, biz öz günahımızı da yoğurub-yapıb qoymuşuq sənin üstünə. Nə yaxşı bir vaxtlar sən Qarabağ xanlığının xanı olmusan. Gözündən iraq, o günü bir teatr çıxarırdılar, sənin saraya gətirib çörək verdiyin, özünə vəzir seçdiyin, dərrakəsinə hörmət edib "Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz" dediyin "Molla Pənah" qabağında heykəl kimi durub sənə qəhrəmanlıq dərsi keçirdi. Hə, qardaş, biz qılıncı, sərkərdəni sevmirik, bizimki aşıqdı, müğənnidi, artistdi, tamadadı, şairdi...

Hələ bu yaşa çatmışam eşitməmişəm ki, filan xanın, filan şahın yubileyi keçirilir. Bizim məmləkətimizdə hamı oxuyur. Hamı yazır. O günü bir el şairi (əslində bir nəslin şairi) evini satıb, Bakıya köçüb. Balalarına kirayə ev tutub. Deyib gərək şair paytaxtda yaşasın. Kişi ətcəmətən uşaqlarının boğazından kəsib əsərlərinin birinci cildini çap elətdirib. Hələ bu harasıdı, sələminə çoxlu pul götürüb kitabının təqdimat mərasimini keçirib. Televiziyadan da operator-rejissor gətirib özünü tarixə saldırdı. Çıxışının sonunda da dedi ki, yanın-yaxılın.

Bu da sənin üçün sənətkar, imkan varsa bir iki-üç metr boş yer saxlayın, Allah qoysa bu sənətkarın orada heykəlini qoyarıq. Hə, əzizim İbrahimxəlil xan, nə yaxşı çox şeyi bilmirsən. Srağagün nəvələriyin gözü qabağında səhnədə artistlər səni ələ salırdılar, başına ip salıb səni səhnə boyu sürüyürdülər. Hələ bu harasıdı, ay qəşəng kişi, yarlı-yaraşıqlı bir komitə sədri sənin əlindən lap bərk yanıqlıymış. Bilmirəm ona neyləmisən, əlindən çox yanıqlıdı, yaxanı buraxmır. Xəbərçilik olmasın, o gün sədr "Həyat" otelində yeyib-içib ağzının qatığını silə-silə bir kəndin qiymətində olan "Mersedes"inə oturmaq istəyirdi ki, bu evi yıxılmamış telejurnalistlər kəsdilər kişinin yolunu. Bu sədr dili qurumuş da ona verilən sualları düz başa düşmədi, ya nəyə görəsə, dedi ki, əşi, bu Qarabağ xanı İbrahimxəlil xan lap yekə arvadbazın biriymiş, Şuşa qalasında fahişəxana açıbmış... Səndən nə gizlədim, İbrahimxəlil xan, əlim üzümdə qaldı, ayağımın altından yer qaçdı. Doğrusu, bu komitə sədrinin belə lapdan XXI əsrdən XVIII əsrə hoppanmağını görəndə bir balaca sümüklərim eyməndi. Fikirləşdim ki, ey gidi dünya, olmaya qan özünü göstərib. Olmaya bu İbrahimxəlil xan həzrətləri bu sədr cənablarının ulu nənəsilə iş birliyi yapıb? Hər şey ola bilər. Artıq mən bu gözəl dünyada heç nəyə şəkk gətirmirəm. Bir özünüz fikirləşin, o boyda komitənin o boyda sədri gözümüzün qabağında bir belə arvadbazı (hələ qadın alverilə məşğul olan başıpapaqlı başıboşlarımızı demirəm ha...) qoyub, iki yüz il bundan qabaq şəhid olmuş bir kişini indi deyirsiniz təsadüfənmi yada salıb? Sizi bilmirəm, mən əsla buna inanmaram...

...Gör necə yağır. Yəqin bu gecə bu vaxtsız çiçəkləmiş şaftalı ağacının çiçəkləri donacaq... Sən Allah, bir bu şaftalı ağacının yanından bizim evə tərəf gələn bu qıza bax. Elə bil bu zalım balası da indicə çiçəkləyib. Allah səni xoşbəxt eləsin, ay gözəl. Görən ürəyimdən keçənləri eşitdin? Hardan eşidəssən, mən səkkizinci mərtəbədə, soyuqdan naxışlanmış pəncərə şüşələri arxasında, sən də ki, yerlə göy arasında... Ay qız, keçmə bizim məhlədən... Amandı, birdən çaşıb o arvadbaz komitə sədrinin yanına gedərsən ha. Getmə, ağ köynəyə ləkə düşər... Eh, bu qız hardan çıxdı bu qış günündə? Bəs axı mən indicə XVIII əsrdə, İbrahimxəlil xanın yanındaydım. Hə... yox, həşəmətli xanım, mən demirəm ki, sənin ətəyində namaz qılmaq olar. Yox, sən də azacıq aşın duzu olmamısan. Ancaq doğrusu, səni o vaxtkı şəriət qanununa görə bağışlamaq da olar. Axı o zamanlar çoxarvadlılıq dəbdəydi, şəriətlə qadağan olunmamışdı. Həm də o zaman qız almaq özü də elə bir siyasət idi. Sən də bu siyasətdən ürəyincə bəhrələnmişdin. Sənin də ki, maşallah, nə az, nə çox, on üç arvadın vardı. (Bağışla ki, uşaqlarıyın sayını unutmuşam.)

...Altısı halalca kəbinli zövcələrin idi, yerdə qalanını da siğə elətdirmişdin. Səni heç qınamıram da, nöşün ki, sənin bu məsələdə bütün işlərin aşkar idi. Sənin onun-bunun qapısına at sürüb, onun-bunun halalına kəc baxmaqla işin yoxdu. Başımın üstündə Allah var, divanxanayın qapısı ağzında başını sapsarı saraltmış ənlikli-kirşanlı katibən də yox idi ki, ora-bura keçəndə əlini qoynuna salaydın, yançaqlarına çəkəydin...

Hə, bax, burada korlamısan, zati-aliləri. Heyif deyildi, ətli-əndamlı, yeriyəndə dəniz kimi ləpələnən katibə. Nə etmək, keçmiş olsun. Sənin bəxtinə bığıburma kişilərlə işləmək düşmüşdü.

Xan həzrətləri, yaxşı ki, sən çox şeydə bizim bu qəşəng komitə sədrinə oxşamamısan. Düzdü, sənin zamanında əsgərliyə getmək yoxdu. Var idi ey, amma başqa sayaq. Yekə bir dəftərin vardı ki, orada bütün Qarabağda yaşayanların hamısı siyahıya alınmışdı, ta onda kimsə sənə desin ki, Xan, başına dönüm, mənim oğlumu dəftərə yazma - elə söhbət ola bilməzdi. Ona görə də el-oba təhlükədə olanda hamı sanılı qoz kimi yerində olardı. Eh, ay gözəl kişi, indi Vətən darda olanda nazir, deputat oğlanlarının səsi Amerikadan gəlir. İndi böyüklərin balaları hamısı yad ölkələrdə oxuyurlar axı. Oxuyurlar ki, gəlib bizə rəhbərlik etsinlər. Kürsüyə çıxıb böyük-böyük salonlarda bizə vətəpərvərlik dərsi keçsinlər. Nəsə, lənət şeytana, bu hələ gələcəyin işidi. Amma nə sirdisə, Vətən darda olanda biz kasıblar qabaqda oluruq. Biz buna etiraz-zad eləmirik ha, qətiyyən! Ağzımız nədi etiraz eləyək. Nəsə, lənət şeytana... Nə qədər eləyirəm, "amma" yadımdan çıxmır. Bəli, amma! Amma bu varlıların balaları bizdən on qat artıq yeyib-içirlər axı bu Vətənin nemətindən. İndi öz aramızdı, oxuduğuma görə sən də öz dövrünə görə varlı-karlı kişi olmusan. Hörmətli vəzirin, bizim dəyərli tarixçimiz, rəhmətlik Mirzə Camal Cavanşir Qarabaği sən öləndən sonra xış-kotanını saydırıb. Zati-aliləri, sənin xış-kotanıyın sayı cəmi Qarabağ camaatınınkından artıq çıxıb. Eybi yox, istəməyənin gözü kor olsun. Mən bunu sənə bağışlayıram. Çünki sən kişi adam olmusan, bu Vətən-Vətən deyirlər ha, qorumaq lazım gələndə oğlanlarını gecənin qaranlığında Car-Balakənə qaçırdıb, kasıb-kusuba Vətən haqqında dastan oxumamısan, əksinə, düşmənin qabağına göndərmisən. Bununla da ürəyin soyumayıb, özün də vuruşmusan. Sənin qorxundan uşaqlarıyın anaları - on üç arvadıyın bircəciyi də cınqırını çıxartmayıb. Deməyiblər ki, əşi, bizi gözüyaşlı qoyma.

Əzizim İbrahimxəlil xan, elə özün də sağ ol ki, dar gündə camaatını başsız qoyub heç hara qaçmamısan. Düzdü, yadıcaların hamısı əlinə qələm alıb ən yeni tarix kitablarında yazıblar ki, Qacar ikinci dəfə Şuşaya hücum çəkəndə, guya sən əhli-əyalını başına yığıb qaçmısan. Amma hamı bilməsə də mən bilirəm ki, bu, ağ yalandır. Hərçənd bizim dünyagörmüş bığıburma babalarımız "igidlik ondu, doqquzu qaçmaq" deyib, amma çiynimdə oturub hər şeyi bitdə-bitdə yazan mələklər var, sənin qaçmağın barədə söylənənlər cəfəngiyatdır, vəssalam. Özü də o vaxt mənim ulu babam da sənin yanında olub, o da danışırmış, sonra, sağ olsunlar, fransız yazıçıları, tarixçiləri də sənin Şuşa qalasından qaçmadığını yazırlar. İşə bax da, özgələr, lap elə bu arvadbaz firənglər səni qəhrəman zənn eləyiblər, amma biz səni qorxaq sanmışıq. Amma başqa cür düşünənlər də var. Deyirlər ki, şah Qacar Şuşa qalasını mühasirəyə alanda sən də vəzir-vəkilin, sərkərdələrin, darğaların ilə Cıdır düzündə dayanıb şah Qacara acıq verirmişsən.

- Axta xan. Ay Axta xan, - deyə sənin nökərlərin səs-səsə veribmişlər.

Bax, o nökərlərin səsi indi də qulağımdadır. Xan həzrətləri, gərək sən bu nökərləriyin ağzını yumaydın, o boyda kişini xəcil elətdirməyəydin. Məgər bu şah Qacar rus İvan Qroznıdan çoxmu əzazil olub? Yox! Qaşların çatılmasın, sənin üstünə qoşun yeritdiyinə görə mən heç o Ağaməhəmməd şah Qacar əmioğlunu da bağışlamıram. Amma sən də gərək nökərlərinə o kişiyə "Axta xan" dedirdib yarasına köz basdırmayaydın. Şah Qacar da bu hərzə-hədyan sözləri eşidib sənin atandan qalma qalanı top atəşinə tutmayaydı. Axırda sən, İbrahimxəlil xan, gözün baxa-baxa camaatıyın ölümünə, evlərin dağılmasına dözmədin. Əmr elədin ki, barıt dolu 200 kuzə, 200 nəfər də atlı hazır olsun. Deyilənlər hazır olanda özün də atlandın.

- Gedək Qacarın toplarını susduraq, - dedin.

Barıt dolu kuzələr iki yüz atlının çiynində, sən də qabaqda Qala darvazalarından ildırım sürətilə çıxdın, düz birbaş Topxana meşəsinə, Qalaya tuşlanmış topçular alayının üstünə. Doğrudu, yadındadırsa, sən hələ Qaladan çıxmamış Qalabəyi Məhəmmədxan bəy qarşına yeriyib demişdi:

- Xan sağ olsun, bəlkə siz Qalanı başsız qoyub getməyəsiniz...

Sən onda onu mənalı-mənalı süzüb demişdin:

- Məhəmmədxan bəy, Pənahabadsız mən kiməm ki?

Çox keçmədi Qalaya tuşlanmış topları susdurdunuz. Qacar eşidəndə ki, sən Qaladan çıxmısan, çiçəyi çırtladı, qoşun göndərib sənin yolunu kəsdirdi? Bəli, sən İbrahimxəlil xan onda başa düşdün ki, Qaladan çıxmaqda səhv etmisən. Doğrudur, sən düşmən toplarını susdurdun, ancaq bu şücaətin sənə çox baha oturdu, qalaya girə bilmədin. Qacarın qoşunu yolunu kəsib, sənin bu cəhdinə imkan vermədi. Çarəsiz qalıb atıyın başını Car-Balakənə, qayının Ümmə xanın yanına döndərdin. Amma sənin şaha qarşı kin dolu ürəyində bir arxayınçılıq da vardı. Axı sən Ağaməhəmməd şah Qacarın başının kəsilməsi fərmanını hələ onunla birinci döyüşün zamanı vermişdin.

Qacar sənin Qalaya girə bilməyib Car-Balakənə üz tutduğunu görüb car çəkdirdi ki, ey Qarabağ əhli, Şuşa darvazalarını üzümüzə açın, xanınız sizi başsız qoyub qaçdı! Bu sözlərə inananlar da, inanmayanlar da darvazaları Qacarın üzünə açdı (ayrı əlac yoxdu). Şah Qacar qoşunu ilə Qalaya girdi. Lənət şeytana, fakt-faktlığında qalır, durum deyim ki, bu qanı özcə qanımızdan olan şahımız qəddar deyildi? Allah başıma daş salar, deyim ağılsız idi, xalqını, vətənini sevmirdi? Bu da yalan olar. Nəsə, Qacar əmioğlumuz bir neçə gün Qalada asıb-kəsməynən məşğul oldu. Xanın vəziri Molla Pənah Vaqifi də tutdurub saldı dama. Deyirlər o da tez-tez qapını döyüb soruşurmuş ki, Qalada nə var, nə yox? Deməli, bu kişi Qacarın öldürüləcəyini əvvəlcədən bilirmiş. Doğrudan da Qacar Şuşa qalasında cəmi səkkizcə gün yaşadı. Səkkizinci günün gecəsi ay batandan sonra yatağındaca başı kəsildi. Çox adam ölən məqamda çox söz deyib, heç biri də yadda qalmayıb, amma Qacarın son nəfəsdə dediyi: "Ey evi yıxılmış, məni öldürdün, İran viran qaldı" kəlamı dillər əzbəri oldu. Qacarın kəsilmiş başını İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir xurcuna qoyub Məmmədrəfi bəyə verdi ki, aparsın əmisi İbrahimxəlil xana... Nəsə, keçmiş olsun.

Amma vəzirin Molla Pənah Vaqifi unutmadıq, kitablarını çap elədik, gözəlləri vəsf eləyən qoşmalarını əzbərlədik. Ömrünün axır çağında o kişinin də bəxti gətirmədi. Elə sənin sağlığında arvadı Qızxanımın badına getdi. Məhəmməd bəy Cavanşir - ona Batmanqılınc da deyirmişlər. Doğrusu, mən görüb-eləməmişəm, amma görənlər deyirmişlər ki, bu kişinin qılıncının ağırlığı bir batman imiş, ona görə də ona Batmanqılınc Məhəmməd bəy deyirmişlər. Nəsə, babalı deyənlərin boynuna, söyləyirlər ki, bu Məhəmməd bəyin Vaqifin arvadı Qızxanıma gözü düşübmüş (sən demə, belə nataraz işlər keçmişlərdə də olurmuş). Nə başınızı ağrıdım, arada gedib-gələn, xəbər aparıb-gətirən olur. Qızxanım da xəbər yollayır ki, a bəy, nə qədər ki şair nəfəs alır, bu sövda baş tutan deyil... Bir balaca bu yerdə adamın nəfəsi tıncıxır. Necə yəni "nə qədər ki şair nəfəs alır, bu sövda baş tutan deyil". İndiki məntiq elmilə yanaşanda belə nəticəyə gəlmək olar ki, məndən qat-qat yaşlı olan bu Molla Pənah Vaqifin nəfəsini kəs, mən də şəriətin qanunu ilə olum sənin halalca arvadın. Hə, qardaş, arvadsız ev bir qəpiyə dəyməz, amma fitnədən-feldən uzaq ola. İndi nolsun ki, sənin ərin yaşlı olub, bir cavanla bir yastığa baş qoymaq üçün gərək o kişinin qətlinə fərman verəydin? Lənət şeytana.

Nəsə, babalı deyənlərin boynuna, Batmanqılınc Məhəmməd Qızxanımın vüsalına yetişmək üçün Molla Pənahı oğlu Əliağa ilə (ona Alim də deyirlər) birgə verir cəlladın əlinə. Cəlladlar da qoca şairi qabaqlarına salıb Cıdır düzünə tərəf aparırmışlar ki, Xəzinə qayasından atsınlar dərəyə. Bir az yol getmiş Molla Pənah soruşur ki, oğul, bizi hara aparırlar? Oğlu cavab verir ki, ata, bir vaxtlar sənin adamları göndərdiyin yerə aparırlar! Eyhama bax a bir...

Deyirlər Molla Pənah oğlundan o kəlmələri eşitdikdən sonra üzüüstə torpağa düşüb deyir ki, canımı elə burda alın! İşə bax ki, bu qanlı olay da Şuşada olub. Görəsən kirvələr şairin məqbərəsinə toxunmayıblar ki? Toxunublarsa, heç nə. Daha mənim bunlara sözüm yoxdur.

Amma... Yenə bu qadasını aldığım AMMA. Batmanqılınc Məhəmməd bəy Cavanşirə də Qızxanımla uzun müddət bir yastığa baş qoymaq qismət olmadı. O da öz qiymətli başını gora salamat apara bilmədi. Ona görə ki, qolunun gücünə arxalanıb özünə xeyli düşmən qazanmışdı. Bir də əmisi İbrahimxəlil xanın Car-Balakəndə olmağından bəhrələnib hakimiyyəti ələ keçirmişdi. İbrahimxəlil xan da bunu eşidib çox pərişan olmuşdu. Çünki qardaşı oğlu ona xəyanət etmişdi. İbrahimxəlil xan öz oğlanlarından ona xəbər göndərmişdi ki, qardaşoğlu, xam xəyaldasan, şeytan səni azdırıb, mənim adamlarımı nahaqdan incitmə. Yaxın günlərdə Qaladayam. Batmanqılınc görəndə ki, tərəfdarları azdı, Qızxanımı da götürüb Qarabağdan çıxmışdı. Bu vaxt Şəki xanı kor Məhəmmədhəsən xan onun var-dövlətinə sahib çıxmaq istəmişdi. Ona xəbər göndərmişdi ki, mən kor bir kişiyəm, gəl qızımı verim sənə, kürəkənim ol, Şəki xanlığını da tapşırım sənə. Batmanqılınc işin axırını fikirləşmədən Şəkiyə — Məhəmmədhəsən xanın hüzuruna gəlmişdi. Xan da dərhal onun qollarını bağlatdırıb var-yoxunu əlindən almışdı, özünü də qanlısı şirvanlı Mustafa xanın hüzuruna göndərmişdi ki, əli qana batmasın. Mustafa xan da Batmanqılıncın bir vaxt onun atasını öldürdüyünü bildiyindən, onu görən kimi güllə ilə vurub öldürmüşdü. Qızxanım qalmışdı dul...

Aşıq Valeh qardaşımız dövrünün igid adamlarından olan Məhəmməd bəy haqqında yazmışdı ki:

Məhəmməd bəy kimi cəllad xunfəşan,

Görməmişdi hər kuzidə bir cahan.

Heyif ki, başadək sürmədi dövran,

Getdi ürəyində arzuman hanı.

Əzizim İbrahimxəlil xan, zaman keçdi, sənin bütün şücaətlərini unutduq. Çünki biz unutmağı yadda saxlamaqdan daha yaxşı bacarırıq.

... Aha, qapı döyülür, baxım görüm səhərin bu çağında kimdi. Qapını açdım, üzbəüz qonşumuz idi.

- Salam, ay qonşu.

- Əleyküm salam, səndən nə əcəb?

Qonşum qızardı, hər şey mənə əyan oldu. Qonşumuz:

- "Barmek" işıq pulu istəyir, - dedi.

Ona bir söz deməsəm də, məsələ aydın idi. Qonşumuz bu dəfə "Barmek"dən qaça bilməmişdi. Yuxulu-yuxulu qapını açanda daha geriyə yol olmayıb, əlini cibinə salıb, oradan da pul deyilən şoqərib çıxmayıb, üz tutub mənə. "Əl tutmaq Əlidən qalıb" - deyiblər, amma imkanı olana. Qabaqlar bu pul söhbətindən utanıb sıxılardıq, indi hamımızın vəziyyəti eyni olduğundan bir-birimizdən utanıb-eləmirik. Bu pul andıra qalmışın dalınca çox ora-bura qaçırıq, amma ortada bir şey yoxdu. Baş götürüb Rusiyaya gedənlərimiz də var, amma hərdən ordan pul gəlmək əvəzinə tabut da gəlir. Sağ olsunlar televiziya işçilərimiz, belənçik bəd xəbərləri isti-isti verməyi, camaatımızı məlumatlandırmağı unutmurlar.

Qonşumu yola salıb qapını örtdüm. Bah, bah, heç çölə çıxılası hava deyil. Əslində evimiz də elə çöl kimi bir şeydi, istilik sistemi neçə ildi işləmir. Yaxşı ki, bu televiziya var, adamın başını qatır... Bıy, kaş heç bu andıra qalmış televizoru açmayaydım. Bizim köhnə vətəndaşımız, komsomol işçimiz, "əziz kirvəmiz", çörəyimizə kəc baxmış, Xocalıda qanımızı axıtmış Köçəryanı görməyəydim. Zalım oğlu durub bu qarda-boranda Xankəndinə gəzməyə gəlib. İşə bax da, torpağımız o yana qalsın, adımıza da sahib çıxıblar — Köçəryan. Köçərinin axırına balaca bir "yan" artırıb olub Köçəryan. Axtarsan elə bu "yan" da bizimdi. Yan də, od tut yan! Əşi bunların işi Allaha qalıb da. A kişi, ərmənini eləyiblər erməni. Başımıza nə kül tökək bilmirəm. Ha yazırıq, ha deyirik ki, ay gözəl dünya, ay BMT, ay Avropa Şurası, ay Amerika, ay Rusiya..., vallah, billah, bu haylar — ermənilər yox ha — haylar əsrlər öncə bizim bu gözəl ölkəmizdə dərman üçün tapılarmış. Bu haylar bir vaxtlar acından ölməmək üçün qaraçılara qoşulub Hindistandan Mesopotamiyaya gəliblər. O Mesopotamiya ki, indi adına İraq deyirlər. Və ABŞ-ın hörmətli prezidenti cənab Buş müəllim oranı əməlli-başlı abıra mindirib, qurd quzuyla bir yerdə yemlik yeyir. Sağ olsun demokratiyanın baş keşikçisi Buş müəllim! İraqın o despot padşahı Səddam Hüseyn kişinin əvvəl heykəlini uçurdub, sonra özünü də taxtdan salıb, Buş müəllimin istəyiylə orta əsrlərdəki kimi dünyanın gözü qabağında asdılar. Xəbərdarlıq belə olar ey! Hə, indi bu dünyanın padşahı olmaq istəyən Buş müəllim o İraqı yaxşıca abad eləyib. Düzdür, hərdənbir şəhərlərdə partlayış-zad olur, amma heç eybi yoxdur, yaxın günlərdə bu Səddamsız ölkə bir az da abadlaşacaq. Elə ki İraqın nefti ABŞ-a çatdı, bu ölkə cır alça ağacı kimi çiçəkləyəcək.

Hə, lap yadımdan çıxmışdı, axı, mən indicə haylar haqqında düşünürdüm. Hə, bu haylar gəlib o Mesopotamiyada nökərçilik eləyirmişlər. Midiyalıların atları üçün "Midiya otu" becərməklə, əkinçiliklə, şərabçılıqla məşğul olurmuşlar. Midiyalılar bu hayları Fərat çayı vadisinə köçürüb burada üzüm bağları saldırırdılar. Yazıq midiyalılar nə biləydilər ki, bunlar harada yaşasalar oranı "özəlləşdirmək" fikrinə düşəcəklər. Midiyalılar onların yaşadıqları yerə Ərməniyyə yaylası deyirdilər. Kaş deməyəydilər. Bu Ərməniyyə yaylası deyilən yerdə səksəndən artıq "ölkə" vardı, amma yatıb yuxu görmüş haylara birdən elə gəlmişdi ki, bu ərazilərin hamısı onlara məxsusdur. Əvvəla onların yaşadıqları yerə Ərməniyyə deyirmişlər, necə ki, biz bir vaxtlar onların daha sıx yaşadıqları kiçik bir əraziyə "Ermənikənd" deyirdik — şəhər yox ha! Amandı. Mən hələ ondan qorxuram ki, dünyaya səpələnmiş bu haylar bu "Ermənikənd"ini də məhv olmuş respublika kimi dünya tarixinə salalar. Allah, sən saxla...

Nəsə, mətləbdən aralı düşdük. Sonralar bu kirvələrin başlarını doldurublar ki, elə yaşadığınız ərazi sizin dədə-baba torpaqlarınızdır. A kişi, insafınız olsun də. Ə, dünən köçüb gəlmədiniz bura? Bu rus padşahları olmasaydılar, Allah bilir indi haradaydınız. Gör o çar zamanı Rusiyanın İrandakı səfiri Qriboyedov siz kirvələrdə nə sifət görübmüşsə, götürüb imperatoruna şanlı bir məktub yazıb. Siz Allah, o məktubu oxumamısınızsa, oxuyun, nə olar. Əlbəttə, bu Qriboyedov cənabları sizi bizdən qat-qat çox istəyirdi (bizi görməyə gözü vardı ki...), amma sizdə nə görmüşdüsə, ürəyi dözməyib, vicdanı yol verməyib, götürüb çara yazıb ki, "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq, bura bizim qədim dədə-baba torpaqlarımızdır deyəcəklər".

Sən Allah, kişidəki uzaqgörənliyə bax ey bir. Amma bu rus səfiri, "Ağıldan bəla"nın müəllifi, general Paskeviçin bacısı oğlu İranda özünü heç yaxşı aparmadı. Bunun da cəzasını çəkdi. Ağa Yaqub adlı müsəlmanlığı qəbul etmiş bir erməni (yenə erməni!) — Şah hərəmxanasının bu xacəsi xəzinədən qırx min tümən oğurlayıb Qriboyedovun evinə qaçmışdı. Şah da cin atına minib xəyanətkarı ondan geri istəmişdi. Amma Qriboyedov erməni Ağa Yaqubun daz başından öpüb, onu geri qaytarmamışdı, əksinə şahın ünvanına hərzə-hədyanlar söyləmişdi. Bir gün, beş gün — xalq sonda dözmədi bu təhqirə. Qızmış kütlə üz qoydu Rusiya səfirliyinin üstünə. Kütlə səfirliyin altını üstünə çevirdi, "Ağıldan bəla" müəllifinin meyiti ayaqlar altında qaldı. Ağa Yaqubun da o qiymətli başı tağından ayrıldı. Şahın səfirliyi qorumaq üçün göndərdiyi qoşun dəstəsi hadisə yerinə yetişəndə iş işdən keçmişdi. Fətəli şah papağını qabağına qoyub çox fikirləşdi — istəmədi Rusiya ilə yenə müharibə başlasın. Qriboyedovun meyitini bir öküz arabasına qoyub Tiflisə yola saldı. Sonra Nadir şahın Hindistandan gətirdiyi dünyaca məşhur almazı nəvəsi Xosrov Mirzədən Peterburqa — çara hədiyyə göndərdi ki, əlahəzrət, olan oldu, keçən keçdi, Ağa Yaqub da öldü, Qriboyedov da, başın sağ olsun, başqa səfir göndər. Çar qiymətli almazı görəndə Qriboyedovu da unutdu, Ağa Yaqubu da. Amma hayların Azərbaycana köçürülməsini dayandırmadı, çünki müsəlmanlara zərrəcə etibarı yoxdu.

***
... Hə, gərək biz kirvələrə oxşamayaq, insafla danışaq. Bu hay qardaşların bir vaxt Van gölü ətrafında bir erməni Çarlığı olub. Xub, çox gözəl, amma, qardaş, gəl əyri oturaq, düz danışaq, Van gölü hara, Azərbaycan hara? Sonra onu da deyim ki, sizin o böyük Tiqranınızın zamanında dövlətinizin ərazisi bir az genişlənmişdi də. Qətiyyən buna da şəkk eləmirik. Amma bizim bu Qarabağın dağlıq hissəsinə ki, öz aləminizdə Arsax adını vermisiniz, ancaq vallah, o sərkərdə II Arsağın - əslində bizim o Ərsaqımızın sizə heç bir qram da dəxli yoxdur. Hələ onu da deyim ki, haman bu Ərsaq — sizin "dil"də Arsax — sizin o həşəmətli padşahınız Tiqranı da bir kərəm döyüşdə məğlub edib. Onu da yəqin bilirsiniz ki, sonra da bu Tiqran Roma sərkərdəsi Lukulla məğlub oldu. Sizin o "imperiya"nızın, dövlətinizin taleyi isə IV əsrdə Roma-Sasani müharibəsində bir kərəmlik həll olundu. Əlbəttə, mən buna heç də sevinmirəm. Ancaq siz də bir insafa gəlmirsiniz axı. Nəsə, lənət şeytana, indi bu Köçəryanların işi qalıb o bir Allaha. Qurban olduğumun bir kərəm nadinclik edən bu haylara bərk acığı tutdu: yeri beşik kimi yırğaladı ki, ədalətsizlik eləyənlərə dərs olsun. Amma heç bircə qram da dərs olmadı, əzilmiş başlarını beton divarların arasından kərtənkələ kimi çıxardıb, onlara baş çəkməyə gəlmiş "sülh carçısı", başıxallı Qorbaçov qaqaşa dedilər ki, Qarabağ bizimdi! Əgər bizi sevirsənsə, Qarabağı ver bizə. (Guya Qarabağ Qorbaçovun şəxsi əmlakı idi.) Yenidənqurma ustası xallı Qorbaçov qaqaşın matı-qutu qurudu. İstədi desin ki, indi gəl danış da bunlarnan. Amma hesabı içəri verib bir söz demədi.

... Sən Allah, texnikanın gücünə bax ey, on beş ildi Şuşaya gedə bilmirik, amma budu ha, ANS göstərir. Üzümüzə ağ olan Köçəryan kirvə də yetim-yesirinə baş çəkməyə gəlib. Bax, bax, bu da sənin Şuşa qalan! Qarabağın tacı Şuşa! Bax, bax, yaxşı bax! Eyvanlarında Sonalar, Pərilər yox, Siranuşlar, Haykanuşlar boylanışır. Bəh, bəh! Bax ey bir, kül olmuş başımda Xan oxuyur:

Saray xanım sarayından baxanda,

Ağ gərdənə həmayillər taxanda.

Bağışla, Xan əmi, o eyvanlardan indi Saray xanım baxmır. Odur ey, Saray xanım çadır şəhərciyində şalvar yamayır, ayın axırını gözləyir ki, gedib yardımını alsın. Yaxşı ki, sən bu günü görmədin, ay Xan əmi. Yoxsa bağrın çatlardı. Yadımdadı, sən eygülü günlərdə oxuyardın ki:

Gəlin gedək Xan bağına xəzələ,

Gözüm düşdü ağacdakı gözələ.

Xan əmi, xəbərin yoxdu, Xanbağında indi "zati-aliləri" Qukasyan kirvə gəzir. Uşaq vaxtı qorxa-qorxa cır armud yığmağa gələrdi. İndi bu dazbaş, eynəkli tösmərək özünü Arsax "respublikası"nın prezidenti elan eləyib. (Yəni Dağlıq Qarabağın.) Özündənbəy kimi bir seydi. Heç onu da qınamıram. İndi prezident olmaq yaman dəbdədi. Balaca bir gül dükanının da prezidenti var.

Hə, görəsən İmarət yerindədi? Qarabağ xanlarının xeyir-şər yeri! İmarətdəki qəbirlər — Pənahəli xanın, İbrahimxəlil xanın, Xan qızı Natəvanın məzarları dururmu görən? Çətin.

Kanalı çevirdim, işimin adı nədir. Zavod yox, fabrik yox, hamımız oturmuşuq evdə. Baho, hörmətli Minsk qrupu yenə təşrif buyurub. Qarşılıqlı güzəştdən danışacaqlar. Görəsən o boyda Ermənistan torpağı bəsləri deyilmi, daha nə verməliyik?! Ədalətdən dəm vuran bu ədalətsizlərə baxın da bir... Bu Rusiya nümayəndəsi Merzlyakovun tox sifətini, tənbəl yerişini, hiyləgər təbəssümünü görəndə lap cin atına minirəm də. Buna bax da, sən Allah, guya ermənilərlə bizim aramızda sülh sazişi bağlamağın tərəfdarıdır. Yalansa... Bağışlayın, siz Allah. Elə bu hayları qızışdıran, torpaqlarımızı silah gücünə alıb onlara verən bunlar olmadı? Haylar bu rus generallarının əlində maşa kimi bir şeydi, lazım gələndə istədikləri yerdə sönmüş ocaqları qarışdırsınlar...

Bu rus padşahları bizim torpaqlarımızın hesabına bu haylar üçün hələ bir dövlət da yaratdı. Mollanın mıxı kimi çaldı ürəyimizin başına. Dedi evi satıram, amma mıxı satmıram... Cığallığa bax da... Evi satır, mıxı satmır ki, bazara gedəndə eşşəyini gətirib evimizin içindəki mıxa bağlasın... Lənət sənə, kor şeytan.

Telefon zəng çalır. Görüm kimdi, Allah xeyir eləsin.

- Salam, — dostumdu, Qarabağ qaçqını.

- Əleyküməsalam.

- Bu gecə Qurban kişi rəhmətə gedib.

- Allah rəhmət eləsin! Nədən?

- Ürəyindən.

- Heyif. Harda basdıracaqlar?

- Biləcəri qəbiristanlığında. Başımıza gələnləri görürsən də. Qəbirlərimiz də pərən-pərən düşüb.

- Day demə.

- Yasa gələssən?

- Hökmən.

- Sağ ol!

- Hələlik, — dəstəyi aparatın üstünə qoydum. — Çovğun elə buna görəymiş.

Evin yıxılsın, kirvə. Sizin ucbatınızdan yurd-yuvamız dağıldı. Öz vətənimizdə qaçqın olduq. A kişi, adamda bir abır-həya olar, o boyda Vedibasarı, Dərələyəzi, Göyçəni, Mehrini, Zəngəzuru, İrəvanı verdik də sizə, bəs deyil, qardaş? Əşi, Allahınıza şükür eləyin ki, ruslar heç nədən sizə dövlət yaradıb verib. Bu rus padşahları qanımızı badələrə doldurub al şərab kimi başlarına çəkəndən sonra İran şahının əziz-xələf vəliəhdi, Azərbaycanın valisi Abbas Mirzə Kürəkçayda müqavilə bağlayanda axı siz kol-kosda gizlənmişdiniz. Sizdən nə gizlədim, heç bu gün o Abbas Mirzə qardaşımızı bu müqaviləyə görə günahlandırmıram da. Axı bir vaxt o, bizim uğrumuzda vuruşa atılanda bizlərdən rus qoşununa qoşulub ona qarşı vuruşanlar da olmuşdu. Ta bundan da böyük dərd yoxdur ha, sənin özününkü düşmənə qoşulub üstünə gələ. Amma nə etmək, cidanı çuvalda gizlətmək olmaz, belə bir nataraz iş tariximizdə olub, üstünü palazla örtmək olmaz. Uzun illər adını belə çəkmək istəmədiyimiz bu Abbas Mirzə kişi rus ordusu ilə bacardığı qədər vuruşub. Amma o, geri qalmış, zəif silahlanmış ordu ilə neyləyə bilərdi?

Yazıq cavan, İran şahına — atası Fətəli şah Qacara məktub göndərib silah istəyirdi, o da sərkərdə oğluna Quran göndərdi. Əşi, bu Fətəli kişi neyləyəydi axı, öz ölkəsi silah istehsal eləmirdi, gərək silahı fransızlardan, ingilislərdən alaydı, buna da kalan pul gərək idi. (Bir də onlar bəyəm istəyərdilər İran güclü olsun? Qətiyyən yox!) Bu pul deyilən şoqərib, uzaqgörənlik, məkrli siyasət isə onda yoxdu. Amma yenə sağ olsun, məmləkətin gözəl-göyçək qızlarından seçib özünə xeyli arvad ala bilmişdi. Vallah, bu keçmiş işdi, mən saymamışam, deyirlər bu qadasın aldığım Fətəli şah Qacar nə az, nə çox — düz üç yüz arvad alıbmış. Maşallah, göz dəyməsin... Oğul-uşaq əkməkdə də fərasəti olub a. Qadasın aldığım 258 övlad dünyaya gətirib. Gərək o zaman onu yaxşı uşaq istehsalçısı kimi Avropa ölkələrinə aparaymışlar. Yaxşı döl tutmaq olarmış ondan. Təəssüf ki, aparmayıblar. Amma gərək aparaydılar, çox şey itiriblər.

davamı
XS
SM
MD
LG