Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:40

Cəlil Məmmədquluzadə. Çay dəstgahı


1) S a m a v a r.

2) P a d n o s.

3) Ç a y n i k.

4) İ s t ә k a n.

5) N ә l b ә k i.

6) Q a ş ı q.

7) M a ş a.

8) T r u b a.

9) N ö k ә r.




Әhvalat vaqe olur. Zәngәzur mahalında bәrgüşadlı Hacı Rәhimbәyin evindә. Mәclisin ortalığında qoyulub kreslo, üstә oturub Samavar. Sağ tәrәfdә stullar üstә oturub Padnos, İstәkan, Qaşıq vә Maşa. Sol tәrәfdә yenә stullar üstә oturublar Çaynik, Nәlbәki vә Truba. Padnosun qabağında stol üstә var kağız vә qәlәm. Pәrdә qalxan kimi Samavar üzünü mәclisә tutub başlayır.

S a m a v a r

Dәvәt etdim sizi bura mәn özüm.

Çünki var sizlәrә bir özgә sözüm.

Diqqәt ilә qulaq verin mәnә siz,

Ta ki, bu dәrdә bir әlac edәsiz.

Söz budur ki, dünәnki gün bu zaman

Çay içib qurtarıb xanımla xan,

Görmәyiblәr o çayda bir lәzzәt,

Elәyiblәr qulamı bihörmәt.

Söylәyiblәr ona ki, ey nadan,

Әqldәn dur, eşşәgi-Hәmәdan!

Nә çayın rәngi var, nә tәmi gәlir

Nә xoş әtri, nә lәzzәti bilinir.

Ağanın beylә pәs tutub qeyzi-–

Ki, buyurdu bu gün qırsınlar bizi.

İndi, qardaşlarım, dәxi nә edәk?

Biz bu işdә gәrәk fәnaya gedәk.

Ç a y n i k

(ağlayır)

Düşdü daş başıma, yıxıldı evim!

Heç rәvadır ki, mәn bu yaşda ölüm?

Şәkk yoxdur bizi ki, sübh olcaq,

Cümlәmizi ağa tamam qıracaq.

P a d n o s

Heç qәm etmә buna, baba Samavar,

Bәndә Padnos bu dәm әlac tapar.

Әlac odur gәrәk bu saat biz—-

Әldә insafı biz tutaq hamımız.

İttifaq eylәyәk, olaq aqil.

Ta görәk hәq nәdir, nәdir batil.

Sәbәbin kәşf edәk görәk nә üçün,

Nә çayın әtri var, nә rәngi bu gün.

Elә ki, biz bu tövr ilә bilәrik,

Sәbәbin bu işin yәqin edәrik.

Ol zaman gәr olar kömәk tari,

Verәrik ağaya günahkari.

S a m a v a r

Afәrin, afәrin, gözüm Padnos,

Kömәk olsun xuda sәnә imruz.

Sәn dağıtdın mәnim qәmimi tamam,

Kömәk olsun sәnә hәmişә imam.

Ç a y n i k

Ax, dönüm başına sәnin, Padnos,

Kömәk olsun xuda sәnә imruz.

Ürәyim sakit oldu, dincәldi.

Nә qәşәk fikr ağlına gәldi.

S a m a v a r

Elәdi indi başlayaq işi biz,

Bәlkә sabbaha qurtaraq işimiz.

Gәrәk heç olmuyaq biz avarә,

Bәlkә bir tövr ilә tapaq çarә,

Bilirәm diqqәt ilә biz indi,

Başlayaq gәr işi yәqinimdi,

Hәm günahkarı, şәkk yox, taparıq,

Hәmi dә xabi-nuş ilә yatarıq.

Sözümüz bir edib, olaq sadiq,

Başlayaq mәndәn әvvәla tәhqiq.

Әhli-mәclis, edin mәnә diqqәt,

Qoymayın, insafı yerә heç vәqt,

Cәhd ilә axtarın qüsurlәrim,

Hәmçinin xoş sifәtlәrim, hünәrim—

Ki, bu dünyada hәr neçә ev var,

Yuxarı başda әylәşir Samavar.

Günü keçmәz, mәn olmasam, xanın,

Nә gәdanın, şәhin vә dehqanın.

Hәr bir evdә nә vәqt şadlıq olar,

Ona baisdi tәk baba Samavar,

Kim odu su içindә od saxlar?

Onu saxlar genә baba Samavar.

Mәn qızanda gәr istәyә birisi,

Uzada barmağın mәnә o kәsi

"Uf", "uf" ilә çıxardıban dilini

Soxacaq ağzına bütün әlini.

Yoxdu dәrdim, bu dunyada nә qәmim,

Tula şәhri olub mәnim vәtәnim.

Lehimim tazәdir vә safdı misim,

Nәdә tüstüm olar mәnim, nә hisim.

Lülәgim gendi, kipdi hәm qapağım,

Bu mәnim qulplarım, buda papağım.

İndi, qardaşlarım, görürsüz siz,

Ola billәmmi mәn buna bais—

Ki, çayın әtri gәlmәsin vә dadı?

Götürüm üstümә bu tövr adı?

Ağarıb saqqalım, özüm ahil,

Ağamın mәn evindәyәm on üç il,

Deyil insaf onun evindә bu dәm,

Başlayım mәn ona xәyanәt edәm.

P a d n o s

(qalxır)

Padnosam, hәm özüm cәvanәm mәn,

Qab-qaşıqlar içindә xanәm mәn.

Yoxdu çirkim, nә bir lәkә, nә tozum,

Şәfәqim nur tәk, gözәldi üzüm.

Birisi diqqәt ilә baxsa mәnә.

Pәh-pәh ilә mәni alıb әlinә,

Qalacaq surәtimә mat-heyran,

Edәcәk tәrifim qoca vә cavan,

Mәnsiz olmaz nә toy, nә dә bayram,

Sәdri-mәclisdә mәn gәrәk oturam.

Qalı üstü vә miz yerimdi mәnim,

Qabağımda durur gәdә-nökәrim.

İstәkanlar vә nәlbәkilәrә mәn—

Analıq haqqını әta edәrәm,

Bәslәrәm bunları qucağımda,

Biri solda, biri dә sağımda.

Ağa, xanım edәr mәnә hörmәt,

İpәk örtük verәr mәnә zinәt.

Rәngbәrәng şir içindәdir bәdәnim,

Vardımı tәqsirim bu işdә mәnim—

Ki, çayın rәngi yox, nә tәmi gәlir,

Nә xoş әtri, nә lәzzәti bilinir?

Belә iş üz verә әgәr mәndәn,

Çürürәm tezlik ilә mәn qәmdәn.

Ağamın mәn üzünә ta qәtәn—

Baxa bilmәm dәxi xәcalәtdәn.

Böyüdübdür mәni onun әmәyi,

Kor edәr gözlәrim duzu, çörәyi.

S a m a v a r

(Padnosa)

Bizә çoxdan yәqin olub hasil:

Әqlin artıq, özün dә hәm qabil.

Qalarıq olmasan biz avarә,

Sәn taparsan çәtin işә çarә.

Razı olduq, ziyadә sәndәn biz.

Çün gedirdik fәnayә biz sәnsiz.

Ç a y n i k

(qalxır)

Çaynikin qәdrini bilәr çay içәn,

Çay büsatında ruzigarı keçәn.

Olmasam mәn, nә tövr çay dәm alar.

Çay büsatı mәgәr ki, mәnsiz olar?

İki dәfә çıxam gәrәk hәr gün,

Әrşә mәn, yәni başına babamın.

Kimdi mәndәn uca görüm ol vәqt?

Tәk xudadır, o sahibi-qüdrәt.

Çox sevәrlәr mәni ağa, xanım,

Çinidәndir tutaq mәnim canım.

Amma neylәr mәnә ya od ya alov?

Dәm alar çün içimdә çayi-Papov.

Bir neçә şәxsdәn mәnim әlbәt,

Şәnim artıq ola gәrәk qayәt.

Köynәgimdir mәnim ya şal, ya ipәk,

Tәmiz ollam lәtif mәrmәr tәk.

(ağlaya-ağlaya)

Xoş gedәrmi görüm xudaya, babam,

Ağamın qeyzinә sәbәb mәn olam?

Tәqsirim olmasın, gedim zayә,

Qırılım mәn, köçüm o dünyayә?

S a m a v a r

(Çaynikә)

Ağlama, ağlama, oğul, Çaynik,

Hamımız biz, bunu yәqin bilirik

Ki, sәnin yoxdu burda tәqsirin,

Olma sәn heç әbәs yerә qәmgin.

Sәn özünsәn hәmişә taçi-sәrim,

Sәn ilәdir mәnim tamam hünәrim.

Olmasan sәn mәnim nә hüsnüm olar,

Mәni sәnsiz mәgәr ki, yada salar

Ya xanım, ya ağa, ya özgәlәri?

Vardımı qeyrinin belә hünәri?

İ s t ә k a n

(durur)

O hünәr mәndәdi, baba Samavar!

İstәkansız nә tövr çay qoyular?

Olmasam mәn, düşәrmi çay yada?

Vardımı beylә ev bu dünyada—

Ki, o evdә mәn olmayam lazım?

Bәzi yerlәrdә görmüşәm hәm özüm—

Ki, tökürlәr suyu böyük qazana,

Yığışırlar ata, bala vә ana.

Qaynayır su, qazana çay salınır,

Yoxdu Çaynik, qazanda çay dәm alır.

Yoxdu Çaynik vә yoxdu hәm Samavar,

Nә Qaşıq, Nәlbәki, nә Padnos var.

Amma var İstәkan vә çay dәmdә,

Gәr belә evdә olmasam mәn dә

Ya gәrәk çayı nimçәyә tökәlәr,

Ya da su parçına töküb içәlәr.

İsmi- rәsmim mәnim olub mәşhur,

Badәnim dә ya şişәdir ya bülur,

Gәr mәni hörmәt ilә saxlayalar.

Mәnim ömrüm otuz vә qırx il olar.

Elә ki, verdilәr aşıq yerinә

Mәni oynatmağa uşaq әlinә,

Ya da soyuq suda mәni yuyuban

Dağ suyu üstümә tökәr nadan.

Yoxdu söz, mәn o vәdә az yaşaram.

Ola mümkün, әgәr ki mәn bacaram,

Yollaram düz Sibirә qatilimi,

Mәn itirrәm bu tövr zalimimi.

Kimdi burda otuz beş il yaşayan?

O mәnәm ağ hәmişә, saf vә cavan.

Pasım olmaz, nә tüstü, toz, nә hisim,

Şad edәr külfәti lәtif sәsim.

Gәrәk hәr gün ağa vә xanımlar

Dodağa qalxızıb mәni öpәlәr.

Әql kәsmәz ki, mәn olum naqis,

Ağamın qeyzinә olum bais.

Üstümә beylә pis adı götürüm

Vә olan ismü rәsmimi itirim.

S a m a v a r

(İstәkana)

Sәnin әslin-nәcabәtin, oğlum

Vә sifatın bizә olub mәlum

Sәnә qiymәt verәr bahalı bülur,

Yaraşarmı sәnә bir özgә qüsur?

Nә günahkar bizik, nә dә sәnsәn.

Olmarıq heç xәcil nә biz, nә dә sәn.

Ağamın qeyzinә sәbәb, әlbәt,

Ya qaşıqdır, ya Nәlbәki bәdbәxt

(İşarә edir Nәlbәki vә Qaşığa vә sonra onlara deyir).

Degilәn, Nәlbәki, bizә indi

Ağamın qeyzinә sәbәb kimdi?

Ya özün beylә fitnә sahibisәn,

Ya Qaşıqdır bu tövr cürәt edәn.

N ә l b ә k i

(barmağının ucunu göstәrir).

Mәndә gәr bircә beylә tәqsir var,

Başımı kәs mәnim, baba Samavar,

Gәr mәnim beylә bir günaha sәbәb,

Allah etsin mәnә hәmişә qәzәb.

Şahid olsun xuda, bu mәn, bu da siz,

Diqqәt ilә mәnә burada baxız.

Mәndә tapsaz ya pis qoxu, ya lәkә

Mәndә gәr nalayiq süfәt görükür

S a m a v a r

(onun sözünü kәsib deyir).

Bilirik biz sәni ki, yoxdu sәnin—

Nә qüsurun, bu işdә, nә günәhin.

Qar kimi ağ, üzün belә göyçәk,

Nә yol ilә sәni müqәssir edәk?

Q a ş ı q

(ağlaya-ağlaya)

Nә üçün mәn olum, baba, bәdbәxt?

Nәdi bilmәm bu tövr әmrә cәhәt?

S a m a v a r

(qaşığa)

Etmisәn sәn dünәn belә görükür,

Biәdәblik, hәmi günahi-kәbir.

Ağa, xanım sәni tәmiz bilibәn

İstәkana sәni salubla dünәn.

İndi bildik günah edәn kim imiş,

Ağa, xanım nәçün deyirlәrimiş.

Ki çayın rәngi yox, nә tәmi gәlir,

Nә xoş әtri, nә lәzzәti bilinir.

Q a ş ı q

İzn ver, mәn sәnә, baba Samavar,

Bir neçә söz edim bu dәm izhar.

Mәn bu işdә müqәssir olsam әgәr.

Öldürün siz mәni, edin bisәr.

Mәn cәvanәm, adım gümüş Qaşıq,

Cәmi mәxluq olub mәnә aşiq.

Çünki ömrü mәnәm edәn asan,

Var-yoxun xәrc edәr mәnә insan.

Mәnsiz heç kәs çayın dadın bilmәz,

Olmasam istәkanda, qәnd әrimәz.

Heç olar isti çaya әl vurmaq?

Kimdә var beylә bir uzun barmaq—

Ki, yetişsin Qaşıq kimi qәndә.

Bu hünәr vardı bircә tәk mәndә.

Vay o şәxsin, o yazığın halına—

Ki, uzun çöp kәsib alar әlinә.

İstәkanı qarışdırır çöpnәn

Vә çayın tәmini kәsir qәtәn,

Mәn problu, özüm tәmiz gümüşәm.

Dәxi mәn bilmirәm nә eylәmişәm—

Ki, çayın rәngi yox, nә tәmi gәlir,

Nә xoş әtri, nә lәzzәti bilinir?

Vazehi beylәdir bәyan edirәm—

Amma indi belә güman edirәm—

Ki, sәbәbkar beylә әmrә, baba,

Ya Maşadır ya da qara Truba.

(göstәrir Maşanı vә Trubanı. Truba üzünü tutub yana, oxuyur bu beyti).

T r u b a

"Xabi nuşini bamidadi rәhil,

Baz darәd piyadәra zisәbil" [1]

[1] Sədi Şirazi. Səfər səhərinin yuxusu piyadanı yoldan qoyar.

S a m a v a r

(Trubanın sözünü kәsib acıqlı sәslә çığırır onun üstünә).

Kәs sәsin, biәdәb vә nalayiq!

Nә üçün üz verib sәnә şadlıq?

Biz bәladә vә fikrdә, qәmdә,

Amma siz hәm fәrәhdә, hәm dәmdә,

Çayı sizsiz hәmişә zaye edәn,

Oluruq biz xәcil nahaqdәn.

Gәrәk indi mәnә bәyan edәsiz,

Hansınız olmusuz buna bais?

M a ş a

(Samavara)

Yoxdu, vallah, baba, mәnim xәbәrim,

Dәymәyib mәndәn heç kәsә zәrәrim.

T r u b a

(Samavara)

Şahid olsun bu әmrә ol qadir,

Olmayıb mәndәn heç günah sadir.

Gәlmişәm mәn bu sinnә, görmәmişәm

Nalayıq iş, günah etmәmişәm.

Bәnzәrәm sәrvә, qәdd-qamәtli,

Olmuşam mәn ziyadә qiymәtli.

Ondan ötrü ki, tәk mәnәm mahir—

Ki, kömür bir dәqiqәdә qızarır.

P a d n o s

Nisfi-şәbdir, belә güman edirәm,

(Maşa vә Trubaya işarә edir)

Bunların barәsindә söz verirәm—

Ki, müqәssir deyillәr heç birisi,

Ondan ötrü ki, bunlar hәr ikisi

Heç deyil çay busatına daxil,

Oldu indi mәnә yәqin hasil—

Ki, müqәssir bu işdә biz deyilik,

Necә ki, cәmimiz bunu görürük.

(bir az duruxur)

Baba, indi gör ağlıma nә gәlir:

Hamıya gün kimi müşәxxәsdir—-

Ki, çayın gәr suyu bir az lil ola,

Olmaz heç rәngi dә onun әsla.

Gәrçi su lazımınca qaynamadı,

Çayın olmaz nә lәzzәti, nә dadı.

İndi mәn beylә mәslәhәt görürәm,

Çağıraq Nökәri buraya bu dәm.

Soruşaq biz hәqiqәtin ondan,

Odu bәlkә bizi bәlayә salan.

S a m a v a r

(Padnosa)

Mәrhәba, mәrhәba sәnә olsun!

(üzünü tutur uşaqlara)

Çağırın Nökәri ki, tez gәlsin

(Padnosa işarә edir)

Әsb tazi әgәr zәif bәvәd

(o biri uşaqlara işarә edir)

Hәmçinin öz tәvileyi xәr beh.

Әrәb at gәr ölә zәiflikdәn,

Yaxşıdır bir tәvilә eşşәkdәn.

gәlir nökәr Әli, köhnә vә cındır paltarda, әllәri kömürçü әli kimi qara vә çirkli, Samavara baş әyir.

S a m a v a r

(nökәrә)

Niyә sәn çirklisәn, a bәdheybәt?

Bu әtәklәr nәçün olub neybәt?

Ә l i

Silirәm bunlar ilә qab-qaşığı.

Nәlbәki, istәkanları, qaşığı.

(әli ilә göstәrir)

S a m a v a r

(irәli çağırıb әtәklәrini qoxlayır, sonra üzünü turşudub deyir)

Neftә sәn batmısan, belә bilirәm.

Ә l i

(әtәklәrini göstәrir)

Lampanı bunlar ilә mәn silirәm.

S a m a v a r

(Padnosa)

Yaz, bәradәr, bu sözlәri kağıza—

Ki, düşә istәyәndә yadımıza.

(Padnos götürür kağızı, qәlәmi vә yazır)

S a m a v a r

(Әliyә)

Doğrusun indi sәn gәrәk deyәsәn,

Nә su ilә çayı qoyursan sәn?

Ә l i

Demәyibdir hәlә mәnә birisi—

Ki, suyun vardı yaxşısı vә pisi.

P a d n o s

(Әliyә)

Qaynadıbsanmı sәn mәnә degilәn,

Çay qoyanda suyu babamda dünәn?

Ә l i

Bilmәdim qaynadı ya qaynamadı,

Çünki hәr vaxt qaidәm belәdi:

Açıram mәn sudan bir az әlimә,

Su әgәr tәsir eylәdi dәrimә,

Mәn haman vaxt çayı dәmlәyirәm.

P a d n o s

(onun sözünü kәsir)

Bilirәm belәdir, yәqin edirәm

әli ilә işarә edir ki, dәxi danışmasın. Padnos yazdığı kağızı götürüb, oturanlara başı ilә ayağa qalxmağı bildirir, cәmiәn dururlar.

P a d n o s

(oxuyur)

Nökәrin sözlәrindәn indi bizә,

Belә mәlum oldu cümlәmizә,

Әvvәla, bizlәri silir nәynәn?

Neftә batmış cırıq әtәklәrinәn.

Saniyәn, Nökәr heç özü bilmir,

Nә su ilә hәmişә çayı qoyur.

Salisәn, zәhmәti qәbul etmәz

Vә suyu lazımınca qaynatmaz

Bizә çün beylә aşikar oldu—

Ki, sәbәb qiylü qalә mәhz budu.

Elәyәk indi biz ağaya xәbәr—

Ki, müqәssir gәrәk ola Nökәr.

Ә l i

Bir dәqiqә әgәr mәcal verәsiz

Vә mәnim sözlәrimә lütf edәsiz.

İnanasız ki, yoxdu burda mәnim—

Hәm günahım, hәmi dә tәqsirim.

Nökәrәm mәn, adım Әli nökәr,

Hansı nökәr bu tövr qulluq edәr?

(әtәklәrini göstәrir)

Edirәm altı aydı mәn xidmәt,

Amma görmәm mәvacibi heç vәqt.

Köhnә paltar mәnim vәzifәmdir.

Belә paltar görәk nә alәmdir?

Bircә dәsmal verib mәnә xanım,

Onilә evdә qab-qacağı silim.

O da itmişdi çay qoyanda dünәn,

Nәyinәn bunları sileydim mәn?

(uşaqları göstәrir)

S a m a v a r

(Samavar başını әyib aşağa, bir az fikir edir)

Bәlәdәm zatına sәnin, Nökәr,

Dәymәz heç bir pula bu cür sözlәr.

İş qurtardı vә qaldı bircә sözüm,

Bundan әqdәm dedim sizә mәn özüm—

Ki, tutaq insaf ilә hәr işi biz,

Bunu da indi siz nәzәrdә tutuz.

Nә üçün eşşәyi kәnara qoyaq

Vә günahsız palanı tapdalayaq?

Hansı evdә olar belә neybәt,

(Әlini göstәrir)

Bu qoyan çayә kim edәr rәğbәt?

Çünki rәğbәt edәr buna ağamız

Qiylü qalә sәbәb odur şәksiz.

Bu qoyan çay ona güvarә gәlir,

Hansı ki, ağzının dadın bilmir.

Hansı ki, çay içir nәdәn ötәri—

Ki, içirlәr çayı hәm özgәlәri.

Amma keçmiş zamanda mәn bәdbәxt

Eylәr idim bir evdә mәn xidmәt,

Ax cavanlıq, şükufәsi ömrün!

Doğrudur çatmaz heç keçәn günә gün.

Mәn o evdә nә tövr ömr elәdim!

Olmaz idi o evdә dәrdü qәmim.

Çay içәn vәqtdә mәni nökәr

Mizin üstә qoyardı şamü sәhәr,

Çay tökәrdi hәmişә xanım özü.

Heç olarmı belә günün әvәzi!

Görmürәm beylә hörmәti indi,

Nökәrin mәnzili mәkanımdı.

Hәr tәrәfdә kömür, sabın, piy, şam,

Qalaram orda mәn sәhәr, axşam.

Mәnә rәhm etmәyib hәmin nadan

(Nökәri göstәrir)

Çirklәnәndә silir mәni qumnan.

Amma bilmir onu ki qırmızı yağ

Mәni eylәr hәmi tәmiz, hәmi ağ.

Heyf o qәndә, o çayә, ay ağalar—

Ki, onu xar edәr belә nökәr!

Etmişәm beylә tәcrübә hasil:

Çay qoyub içmәyi bilәn aqil

Çün tutar çox ziyadә qәdrimizi,

Silәr o bizlәri hәmişә özü.

Nökәrә vermәz o çayı-qәndi,

Çayi pis dәmlәyib tökәn kimdi?

Xanımın borcudur çayı tökmәk,

Necә xoşdur belә çayı içmәk!

Pәrdә salınır.

Dekabrın 2-sindә 1889. Baş Noraşen.
XS
SM
MD
LG