Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:48

“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI”NIN NƏŞRI BARƏDƏ ISAKOVA YAZDIĞIM MƏKTUBUN SURƏTI


Mirzə Fətəli Axundov

“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI”NIN NƏŞRI
BARƏDƏ ISAKOVA YAZDIĞIM MƏKTUBUN
SURƏTI

Mərhəmətli cənab Yakov Alekseyeviç!

Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur
ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd
edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə
“Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması
vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi
oriæinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən
axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin
fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu
kitabı istər oriæinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə
görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını
əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi
mənə bildirməyinizi xahiş edirəm.

Əgər sizdən mə’lumat aldıqdan sonra mən sizin şərtlərinizə razılıq
versəm, o zaman xahiş edirəm ki, hörmətli Vartanovun adına
“cavab-qəbul” teleqrafla mənimlə müqavilənamə bağlanması haqda
e’tibarnamə göndərəsiniz.

Onu da nəzərdə tutun ki, mən bu kitabın fransız, alman və ingilis
dillərinə də tərcümə edilməsini arzu edirəm və müəyyən şərt əsasında
bu dillərdə tərcümələri Peterburqda çap etmək ixtiyarını da sizə
verməyə hazıram. Odur ki, həmin kitabı göstərdiyim dillərə tərcümə
etdirmək və sonra bir və ya bir neçə dəfə çap etmək üçün hansı şərtlər
əsasında, ixtiyar almaq arzusunda olduğunuzu mənə bildirməyi
sizdən xahiş edirəm.
Əgər mən sizin göstərdiyiniz şərtlərə razılıq versəm, bu cavabı aldıqdan
sonra xahiş edirəm ki, həmin kitabı ruscaya tərcüməsindən,
dərhal göstərilən Avropa dillərinə tərcümə etmək üçün nəzərdə tutduğunuz
mütərcimlərə sərəncam verəsiniz.

Farsca oriæinal mütləq çap edilməlidir. Əks təqdirdə, mən əsərin
təkcə tərcümələrinin oriæinalsız çap olunmasına icazə verə bilmərəm.
Əsərin farsca oriæinalı Rusiyaya tabe olan bütün müsəlman ölkələrində,
o cümlədən ədəbi dili əsasən fars dili olan və yenicə Rusiyaya
ilhaq edilmiş Orta Asiyada, habelə ingilislərin təsəllütü altında olan
Hindistanın hər yerində, xüsusilə Bombey quberniyasında zərrə qədər
çətinlik və təzyiqə rast gəlmədən satıla bilər. Ancaq onun Iranda və
Türkiyədə aşkar satılmasına ümid bağlamaq olmaz. Bu ölkələrdə onu
tam inanılmış xüsusi adamlar vasitəsilə yaymaq olar.
Müsəlmanların bu əsəri aşkar alıb oxumağa cəsarət etmədiklərini
əvvəlcədən nəzərdə tutan müəllif bir növ hiylə işlədərək, öz kitabının
başlanğıcında guya naşir tərəfindən yazılmış çox gözəl və aydın bir məktub yerləşdirmişdir. Bu məktubda başqa məsələlərlə yanaşı,
müəllif “Kəmalüddövlə”yə qarşı onun müdafiəçisi olan dərin mə’lumatlı
üləmanı və müsəlman ruhanilərini bu kitabın onların əllərinə
keçən nüsxələrini yandırıb məhv etməkdən çəkinməyə çağırır. Müəllif
onları inandırmaq istəyir ki, bu cür tədbirlərlə, əsərin milyonlarla
nüsxəsi müxtəlif əllərdə olan Kəmalüddövlənin fikirlərinin kütlələr
arasında yayılması yolunu zərrə qədər də olsun, bağlamaq olmaz. O
həmin üləma və ruhanilərə məsləhət görür ki, bu allahsızın fikirlərinin
tə’sirini və gücünü ağıllı və əsaslı tənqid vasitəsilə azaldıb məhv
etsinlər.

Nəşriyyatçı bu məktubunda yüksək məqam sahibi olan üləmanın
belə bir tənqidi yazmağa böyük qabiliyyətləri olduğuna əmin olduğunu
bildirir. O göstərir ki, müqəddəs imamlar dinin haqq olduğunu
inkar edən dinsizlər və allahsızlarla apardıqları bir çox mübahisələrdə
hərifin haqqında hər cür qəddarlıq etməyə qadir olmalarına baxmayaraq,
özlərinin tam həlimliyi ilə yanaşı duran əsaslı təkziblərlə onların dəlillərini
rədd edərək, dinsizləri və allahsızları tərksilah edib, yenidən
müqəddəs dinin ağuşuna atmışlar. Əks təqdirdə, dəyərli tənqid olmadan,
yalnız kobud söyüşlərlə Kəmalüddövlə əleyhinə başlanan tə’qib
və ədavət, ancaq yüksək məqam sahibi olan üləmanın onun dəlilləri
qarşısında acizliyini göstərər və nəzərdə tutulan məqsəd ələ gəlməz.
Avropalı oxucular üçün bu məktubun heç bir əhəmiyyəti olmadığına
görə, mən onu hələ tərcümə etməmişəm. Siz əsərin rusca nəşrinə
öz tərəfinizdən müqəddimə əlavə edə bilərsiniz və onda göstərə bilərsiniz
ki, islam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə
elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin
səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə
qarşı laqeydliyi və e’tinasızlığının səbəblərini heç kəs başa düşməmişdir.
Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz
dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər
böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan
mənfur dinidir. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin
müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini
ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda
sonuncu Iran şahı Yəzdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin
əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin
əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir.

Yalnız Kəmalüddövlə hazırkı əsrdə Firdovsinin fikrini
başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir.
Müqəddimədə habelə demək lazımdır ki, elə bir böyük siyasi və
ya dini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış
olsun. Tərcümədən aydın olduğu kimi, o, başqa məsələlərlə yanaşı,
müsəlmanlara elə fikirlər aşılamağa çalışır ki, bu fikirlər avropalı oxuculara
çoxdan mə’lumdur. Lakin avropalı oxucular bu fikirlərin əsərdə
təkrarının yersiz olduğunu düşünməməlidirlər. Çünki bu kitab avropalılar
üçün deyil, müsəlmanlar üçün yazılmışdır. Həmin fikirlər isə
avropalılar üçün deyil, müsəlmanlar üçün tamamilə yenidir. Mütərcim
isə onlar məhz ona görə tərcümədə saxlamağa məcbur idi ki, müəllifin
öz xalqına nələri təbliğ etdiyinin avropalılar bilsinlər. Eyni zamanda,
tərcümədən bunu da anlamaq olar ki, islamizmin bir çox sirləri bu
günə qədər həm avropalıların, həm də müsəlmanların nəzərindən örtülü
qalmışdır; yalnız bu kitabda oxuyarkən, həm müsəlmanlar islamizm
haqqında tam aydın təsəvvür əldə edə bilərlər ki, indiyə qədər
həm onlar və həm də bunlar üçün eyni dərəcədə namə’lum idi.
Ola bilsin ki, bu əsərin bə’zi yerləri, sizin fikrinizcə, zəif görünsün.
Ancaq siz onlara toxunmamalısınız. Birinci – ona görə ki, müəllif
həmin zəif nöqtələr vasitəsilə bu əsər haqqında tənqid yazılmasını
tə’min etməyi ürəkdən arzulayır. Çünki ancaq tənqid bu əsərin bütün
dünyaya yayılmasına kömək edə bilər. Ikinci – ona görə ki, bu zəif
nöqtələr müəllifin sadəlövhlüyünü göstərə bilər ki, o, həmin vasitə ilə
Avropanın dərin düşüncəli mütəfəkkir və filosoflarının hüsn-təvəccöhünü
özünə cəlb etməyi nəzərdə tutur. Müəllif mütəfəkkir və filosof
deyil, o, Avropa azadxahları (liberalları) ruhunda olan bir nəfər ziyalı
müsəlmandır. Özü isə fars, ərəb və türk dilləri üzrə filoloqdur.
Əsərin oriæinalını çap etmək üçün mümkün qədər ən gözəl, aydın
oxunan və iri şriftlər seçmək lazımdır. Haşiyələr isə oriæinaldan kiçik,
lakin aydın oxunan şriftlərlə yığıla bilər. Əsərin təshihi çox diqqətlə
icra edilməlidir. Bilmirəm, xristianlardan farsca bilən elə bir adam tanıyırmısınız
ki, təshih işini oriæinala uyğun apara bilsin.
Mən güman edirəm ki, bu kitabın və onun tərcümələrinin nəşrinə
senzura ziddinə və habelə xristian dini əleyhinə bir kəlmə də yazılmamışdır.
Bəlkə də, əksinə olaraq, mənim fikrimcə, bu əsər bizim hökumətimiz
üçün eyni zamanda faydasız da deyildir. Çünki bu əsərin əvvəlindən
sonuna qədər hər yerdə avropalıların yaşayış qaydaları, əxlaqı, insanpərvərliyi, ədalətliliyi, qanunları və ən’ənələri tə’riflənib,
müsəlmanlar, arasında hökm sürən kobudluq, rəhmsizlik, əxlaqsıqlıq,
vəhşilik pislənir. Bu o deməkdir ki, Rusiya torpaqlarında yaşayan
müsəlmanlar, əgər “Kəmalüddövlə”nin ideyalarını mənimsəmiş
olsalar, mütləq müsəlman despotlara qarşı nifrət edəcəklər... Bunu anladıqdan
sonra rusların himayəsi altında canları, malları və namuslarının
toxunulmazlığı tamamilə tə’min olunmuş müsəlmanlar ruslardan
ürküb qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa
düşərlər ki, özlərinin Irandakı və Türkiyədəki qardaşları acınacaqlı
vəziyyətdə və dəhşətli ehtiyac içində yaşayırlar. Onlar rus xalqı ilə
qaynayıb qovuşacaq və dini e’tiqaddan doğan fanatizm və müridizm
əbədi olaraq onların arasından məhv olub gedəcəkdir.

Kor-koranə fanatizmin təlqininə uyaraq, öz ruhlarını müsəlman
sultanının hakimiyyəti altında yaşamaqla “bağışlatmaq” təmənnası ilə
müsəlmanların Türkiyəyə köçüb getmək əhval-ruhiyyəsinə son qoyulacaq.
Eləcə də, təkcə Qafqaz ölkəsində hər il milyonlarca pulun heç
bir faydası olmadan göyə sovrulmasına səbəb olan Məkkə ziyarətinə
meyl aradan qalxacaqdır. Qafqaz müsəlmanlarında savadlanmaq
həvəsi, elmləri öyrənmək cəhdləri əmələ gələcək, onların əxlaq və
tərbiyəsi yaxşılaşacaq, onların arasında oğurluq və müxtəlif cinayətlər,
xüsusilə, çox zaman ehtiyac üzündən deyil, savadsızlıq və mədəniyyətsizlik
üzündən “igidlik əlaməti” sayılan soyğunçuluq hadisələri
azalacaqdır. Indiyə qədər əhalinin əksəriyyətini rus dilini öyrənməkdən
çəkindirən ancaq dini əqidələrdir; ruhanilər xalqı inandırmaq istəyirlər
ki, rus dilini öyrənmək günahların bağışlanmasına mane olur.
Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüddövlənin ideyalarını
mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi
üçün əsrlər keçməlidir. Əksinə, əksəriyyətinin savadsız olmasına
baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə
arasında çox sür’ətlə yayıla bilər. Çünki savadlı müsəlmanlardan bir
nəfəri kitabı oxuyub mətləbi başa düşdükdən sonra, onun mündəricəsini
şifahi surətdə nağıl etmək yolu ilə onun fikirlərini yüzlərcə öz
həmvətənlərinə aşılayacaqdır.
Indi hər hansı bir dinə, xüsusilə köhnəlmiş dinlərə qarşı dinsizcəsinə
mühakiməyə olan həvəs o qədər güclüdür ki, əsəri oxuyan şəxsin
onun məzmununu başqalarına söyləməsinin qarşısını ancaq inkvizisiya
yolu ilə almaq ola bilər. Tezliklə siz görəcəksiniz ki, bu kitabın şöhrəti sür’ətlə
Irana və Türkiyəyə yayılacaq, Qafqazdakı kitab satıcıları isə
bu kitabın nüsxələrini göndərmək barədə həmin ölkələrdə yaşayan
şəkkaklardan (dini şübhə ilə baxanlarda – Mütərcim) ardı-arası kəsilməz
gizli sifarişlər alacaqdırlar. Mənim fikrimcə, təkcə Rusiya üçün
deyil, başqa Avropa dövlətləri üçün də həm siyasi cəhətdən, həm də
Şərqdəki insanlarla həmdərdlik nöqteyi-nəzərindən məktəblərdə
oxuyan müsəlman yeniyetmələrini bu kitabın nüsxələri ilə təchiz
etmək lazımdır və faydalı bir işdir ki, bu vasitə ilə onların şüurunda insanlıq
vəzifələrinə və mədəniyyətə dair düşüncələri inkişaf etdirmək,
onların avropalılarla, yə’ni xristianlarla yaxınlaşdırmaq mümkün olsun.
Müəllif axirət haqqında düşünənlərdən deyil; o, bu kimi şeylərə
heç bir əhəmiyyət vermir. O, ancaq o dinə üstünlük verir ki, insanı bu
dünyada xoşbəxt və azad edə bilsin. Əgər mənim arzularıma rəğmən,
senzura oriæinalda, ya da tərcümədə bu və ya başqa bir dəyişiklik
əmələ gətirmək fikrində olarsa, o zaman əsəri məndən aldığınız vəziyyətdə
mənə qaytarmağınızı xahiş edirəm. Çünki mən heç bir dəyişikliklə
razılaşa bilməyəcəyəm.

Bir daha təkrar edirəm ki, mən bu kitabın müəllifi deyil, ancaq sahibiyəm.
Ona görə də sizdən xahiş edirəm ki, istər oriæinalda, istərsə
də tərcümələrin hər hansında olursa olsun, mənim adımı çəkməyəsiniz.
Çünki mən hal-hazırda savadsızlığı üzündən onun faydası üçün
çalışdığımı başa düşməyən xalqımın qəzəb və ədavət hissini özümə
qarşı çevirmək istəmirəm. Oriæinalın müəllifi Kəmalüddövlə adlanır.
Tərcüməçi üçün də özünüz bir təxəllüs düşünüb yazınız.
Tərcümə çapdan çıxarkən, siz öz mülahizənizə görə onun mündəricəsinə
uyğun sərlövhə tərtib edə bilərsiniz. Sizin sərlövhənizi fars
dilini bilən bir adam özünüzün diktə etdiyiniz kimi, oriæinal üçün də
tərcümə edə bilər. Sonra həm oriæinalın, həm də tərcümənin çapdan
çıxmasına dair, oxucu kütlələrində əsərə maraq oyandıra bilən ifadələrlə
bir neçə dəfə yazmağı, yə’ni, adətən sizdə mə’mul olduğu kimi,
lazımi e’lanlar verməyi unutmayın.
Oriæinalın və onun tərcüməsinin nəşrini Kəmalüddövlənin, Cəmalüddövlənin,
Firdovsi və sairə bu kimi məşhur adamların şəkilləri ilə,
habelə əsərin mündəricəsinə görə özünüzün düşündüyünüz başqa təsvirlərlə,
məsələn, minbər, vaiz və camaatın olduğu məscid təsviri, xüsusilə,
belə bir səhnənin təsviri ilə ki, Ələmut meydanında Əla-Zikrihissəlam
minbərin ətrafına müxtəlif rəngli dörd bayraq sancaraq, öz islahatları haqqında
xalqa mə’lumat vermək üçün təntənə ilə minbərin
üstünə qalxır; habelə peyğəmbərin “müqəddəs” sayılan övladına yas
tutaraq, fəzanı hay-havarla doldurduqları mərasimin təsviri və sairə
ilə bəzəməyi lazım bilirsinizmi?

Məktubun sonunda hər cür təsadüfə qarşı sizə bunu da xatırlatmağı
yersiz hesab etmirəm ki, əgər mənə mə’lum olmayan hər hansı bir səbəbə
görə, bu kitabı və onun tərcüməsini nəşr etmək sizə mümkün olmazsa,
bu xüsusda dərhal məni xəbərdar ediniz. O zaman mən onları
Peterburqda göstərəcəyim şəxsə verməyinizi xahiş edərəm ki, o da
əsərin nəşr edilməsini Peterburqda olan başqa bir nəşriyyatçıya təklif
edə bilər.

Səmimi ehtiram və sonsuz sədaqətlə sizə
ixlası olan M.F.Axundzadə.
12 fevral 1875-ci il, Tiflis.
XS
SM
MD
LG