Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:50

Mirzə Ələkbər Sabir. Ağlaşma















Nə rəvadır əğniyalar baxa ac qalana, ya rəb!
Bu nə söz ki, ac qalana oluna iana, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyaya xeyri oların yeməklərindən?
Yeməyib acından ölsə dəxi xoş bəhana, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!
Nəyimə gərək ki. yeksər qırılıb ölür də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
Nə rəva baxam fəqirə, ürəyim bulana, ya rəb!

Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda sədayə
Ki, gərək kömək olunsun füqərayi-binəvayə....
Elə puldu göndərilsin о yana-bu yana, ya rəb!

Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan!
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?
Onu vermək olmur axır hər ölən-qalana, ya rəb!

Füqəralar əğniyanın tanısın neçin yaxasın?
Əgər acdı qarnı satsın papağın, çulun-çuxasın;
Edər əğniya da başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşi filanü filana, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolana, ya rəb!
XS
SM
MD
LG