Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:08

Mirzə Ələkbər Sabir. Arzu















Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!

Düşəydi daş о günə kim, qəzet-məzet sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət olaydı!

Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!

Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm nə Japonya,
Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!

Nə "Nəfxi Sur Cəhangir", nə "Məlik-Mütəkəllim",
Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!

Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,
Nə biədəb yeni türklərdə bunca cürət olaydı!

Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!
Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!

О köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:
Gərək bu əsrə görə boylə, boylə adət olaydı!

Bu bişüurların ağlına, kəmalına bax bir!
Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!
XS
SM
MD
LG