Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:58

Mirzə Ələkbər Sabir. Ay can, ay can!















Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....

Qıl yaymayırdı əsla zalımların gözündən,
Rüsvay idik cahanda məlunların sözündən,
Ax, ax! Nə yaxşı oldu, iş düşdü öz-özündən,
Əlləşməmiş qutardıq zəhmətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Badi-səba, apar ver, Molla Qəvama müjdə,
Yazsın, de, Lənkəranda Molla Səlama müjdə,
Söylə, о da yetirsin cümlə əvama müjdə;
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Munbərdə rəqsə gəlsin behcətdən, ay can, ay can!....

Ərz et bəşarət ilə Qafqaydakı vücudə:
Jurnal, qəzet qapandı, durma, yıxıl sücudə,
Hər nə bilirsən eylə qeybətdə, rübərüdə,
Yazmaz dəxi yazanlar bidətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Get Qübbəyə səlam et Molla Hacı Babayə,
Söylə tutuldu cumlə jurnal, qəzet vəbayə,
Mömün müridlər ilə dur qoş səda-sədayə,
Ümmətlərin yığılsın hər kətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....

Yatdı qəzet yazanlar, fursət dəxi sizindir,
Qarşıda var orucluq, söhbət dəxi sizindir,
Məsciddə mənbər üzrə lənət dəxi sizindir,
Ayrılmayın ölüncə lənətdən, ay can, ay can!....
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
XS
SM
MD
LG