Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:11

Mirzə Ələkbər Sabir. Bizə nə?















Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Biz məgər aclara vəqf eyləmişik malımızı,
Та ki, hər müstəhəqə bəzl edək əmvalımızı?
Biz müraat edərik ancaq öz əhvalımızı,
Daima bəsləyərik naz ilə ətfalımızı.
Atasız tiflləri basdı boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bu da sözdürmü, qazandıqlarımız parələri
Hey verək boğmalasın Zəngəzur avarələri?
Bizlərə dəxli nədir -- yoxdur əgər çarələri?
Qoy ağarsın füqəra gözlərinin qarələri!
Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!
Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura!
Qarlı dağlarda soyuqdan ölənin canı gora!
Olmadı qismət о bədbəxtə aranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Bizə göstərmə, əzizim, о qəm oylaqlarını,
Yazda çox gəzmişik al güllər açan dağlarını,
Yığmışıq dəhyekini, boşlamışıq bağlarını,
Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını....
Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Hələlik tullamışıq xaneyi-viranələri,
Dolanıb kişvəri-Tiflisdə kaşanələri
Tapdıq axır Lizalar tək neçə cananələri,
Çilçıraqlarla işıqlandırırıq xanələri,
Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!
XS
SM
MD
LG