Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:57

Mirzə Ələkbər Sabir. Fəxriyyə















Hərçənd əsirani-qüyudati-zamanız,
Hərçənd düçarani-bəliyyati-cahanız,
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi hamanız....
Turanlılarız, adiyi-şüğli-sələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan....
Əslafımıza çünki həqiqi xələfız biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Ol gün ki, Məlikşah Büzürk eylədi rəhlət,
Etdik iki namərd vəzirə təbəiyyət,
Qırdıq о qədər bir-birimizdən ki, nəhayət
Düşmən qatıb əl, taxtımızı eylədi qarət....
Öz həqqimizi gözləməyə bitərəfiz biz!
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!

Bir vəqt olub leşkəri-Çingizə tərəfdar,
Xarəzmləri məhv elədik qətl ilə yekbar,
Xarəzmlərin şahı fərar eylədi naçar,
Məscidləri, məktəbləri yıxdıq yerə təkrar....
Həqqa ki, səzavari-nişanü şərəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Bir vəqt də dəvayi-səlib oldu mühəyya,
Dəvada firəngilərə qalib gəlib, əmma
Dincəlməyib etdik yenə bir faciə bərpa,
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa....
Guya ki, biyabanda bitən bir ələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anatoluya dolduq,
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq....
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt salıb təfriqə olduq iki qismət,
Teymur şaha bir paramız etdi himayət,
Xan Yıldırıma bir paramız qıldı itaət,
Qanlar saçılıb Ankarada qopdu qiyamət....
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!!!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Teymur şahi-ləngə olub tabeyi-fərman,
Xan Toxtamışı eylədik al qanına qəltan,
Та oldu Qızıl Ordaların dövləti talan,
Məsko şahına faidəbəxş oldu bu meydan....
Əlyövm uruslaşmaq ilə zişərəfis biz!
Öz dinimizin başına əngəlkələfis biz!

Bir vəqt Şah Ismayilü Sultani-Səlimə
Məftun olaraq eylədik islamı dünimə,
Qoyduq iki tazə adı bir dini-qədimə,
Saldı bu təşəyyö, bü təsənnün bizi bimə....
Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

Nadir bu iki xəstəliyi tutdu nəzərdə,
İstərdi əlac eyləyə bu qorxulu dərdə,
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,
Məqtulən onun nəşini qoyduq quru yerdə....
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz dinimizin başına əngəlkələfiz biz!

İndi yenə var tazə xəbər, yaxşı təmaşa,
İranlılıq, osmanlılıq ismi olub ehya,
Bir qitə yer üstündə qopub bir yekə dəva,
Meydan ki, qızışdı olarıq məhv sərapa....
Onsuz da əgərçənd ki, yeksər tələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
XS
SM
MD
LG