Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:42

Mirzə Ələkbər Sabir. Leyli və Məcnun















Ey dövlətimin zəvalı, oğlum!
Ey başı ağır bəlalı oğlum!

Ey məktəbü dərsin aşinası!
Ey rişteyi-elm mübtəlası!

Şad oldum о gün ki, sən doğuldun,
Min şükr elədim ki, oğlum oldun.

Derdim ki, gözəl xələf olarsan,
Bir ailəyə şərəf olarsan.

Şüğlü hünərimi yad edərsən,
Atanı, ananı şad edərsən;

Dünyadən olursa irtihalım
Ancaq sənə tərk olur mənalım.

Bilməzdim olursan elmə şeyda,
Şuridə edər səni bu sevda.

Bəzi oxumuş rəfiqi-bədxah
Tədbirimi çaşdırıbmış, ey vah!

Uydum olara, səni oxutdum,
Səd heyf ki, əqlimi unutdum!

Kəsdim öz əlimlə öz ayağım,
Xamuş elədim mən öz çirağım.

Girəm bu xəta düşüb özümdən,
Göz nurimi saçmışam gözümdən.

Sən həm niyə bunca səhv edirsən,
Göz nuri kimi uzaq gedirsən?

Bunca oxudun, yorul da bari,
Bir dəfə burax bu zəhrimari!

Pul qalmadı, baxmışam hesabə, --
Getdi qələmə, kağız, kitabə....

Jurnalü kitab yüz-yüz olmaz,
Bu xərc ticarətə düz olmaz.

Dəftərsə beş-altı cild bəsdir,
Ey naxələfım, bu nə həvəsdir!

Çernil, qrafıl, pero, karandaş
İcad edəni olaydı şil, kaş!

İnsaf eləməzmisən ki, yandım,
Puli nə əzab ilə qazandım!

Bihudə işə nə xərc edirsən,
Bu könlümü hərcü mərc edirsən!

Xərcin tükənib kəsilmir ardı,
Billah, dəxi pullarım qutardı!

Xasə əridi, üzüldü canın,
Soldu gül üzün, qaraldı qanın;

Vazeh bu ki, xəstədir məzacın,
Ya rəb, kim edər sənin əlacın?!

Nə var yeyib-içməyin, nə xabın,
Təhsilədir ancaq irtikabın.

Nə seyrü səfanı xoşlayırsan,
Nə dərsü kitabı boşlayırsan.

Mırt-mırt oxuyub mırıldayırsan,
Qarğa kimi hey qırıldayırsan.

Əyyami-baharü güldür, oğlum!
Qoyma məni qəmdə, güldür, oğlum!

Həmsinnlərin səfadə, bağda,
Həməsrlərin çəməndə, dağda.

Bəzisi gəzib də kiştzari,
Quş əldə gözətləyir şikari;

Bəziləri bir tərəfdə xəlvət,
Adətcə edərlər eyşü-işrət;

Bəzisi olub qumarə məşğul,
Bəzisi şərabə, yarə məşğul.

Hər bir nəfəri bir işdə çalak,
Hər digəri bir əməldə bibak.

Hər gün əbəveyni şad edirlər,
Hörmətlərin izdiyad edirlər.

Xoş ol əbəveynə kim, bu minval
Hər daim olur cahanda xoşhal.
XS
SM
MD
LG