Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

Mirzə Ələkbər Sabir. Türk aləminin Şekspiri olan Namiq Kamal həzrətlərinin "Amalımız-əfkarımız iqbali vətəndir" mətləli şerinə nəzireyi-təməsxüranə















Amalımız, əfkarımız ifnayi-vətəndir,

Kinü qərəzü hirs bizə rahi-bədəndir,

Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam susuz olsa, su yox bardağımızda,

Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub rütbəvü ikram alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Qafqazlı adı aləmə ikrah rəsandır,

Quldur, qoçumuz zülmdə məşhuri-cahandır,

Kim dersə tərəqqi edəriz, məncə, yalandır,

Bəxlü həsədə adət edib kam alırız biz,

Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.



Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,

Gər min də maarif sözü dünyaya saçılsın,

Məktəbdə nə hörmət ki, о samana qaçılsın?

Meyxanada votqa vurarız, kam alırız biz,

Qafqazlılarız, məst olarız, nam alırız biz.



Avropalı öz millətin ihya edir, etsin,

Şənü şərəfi-qövmünü ihya edir, etsin,

Insanlıq adın dəhrdə ibqa edir, etsin,

Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,

Başa yumuruq zolladırız, kam alırız biz.
XS
SM
MD
LG