Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:44

Mirzə Ələkbər Sabir. Bəhri-təvil


BƏHRİ-TƏVİL

I

Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki, işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əşqi rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfri-şiyəmlər necə cürətlə rəqəmlər yazıb islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamda, hər ölkədə, hər şəhrdə, dinarü-dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağa geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət, aman, ey vah! Ay allah, bu qövm oldu nə gümrah, bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah!

Salıb aləmə pərxaş, bular lal ola, ey kaş, düşə başlarına daş! Xüdaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fənakarə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət, biri həm axırı ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsı var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət, anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət....


Budur aləmi-nisvan!

Budur hali-müsəlman!

Gərəkdir edə məhdud

Öz övladını insan!



Sən, əmma, hələ qanma!

Inanmırsan inanma!

Fərəhlən əməlindən!

Utanmırsan, utanma!


II



Ey əzizim, xələfım, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi, imanını, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə vəqf eləyib, şamü səhər, hər nə qədər rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, təlim edərək, sərv-qədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nura olan sevgili övladını tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü maarif deyilən boş, əbəs, insana cəfəng işlər ilə fıkrini, həm əqlini, vicdanını məhdud qılıb ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, küçədə, bazarda öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sənətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudayə ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt о zamandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib adəti-quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda tutulmaq da var, əmma, onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökümət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin künci-fərağət, sənə bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, о yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qünçə-dəhən, sim-bədən, rəşki-çəmən, zülfü səmən, gözləri ahuyi-xütən, göpgözəl, ağappaq, о ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan, bu əməldən ucalarsan....


İvan namın alarsan,

Amilyanov olarsan,

Nə qədər olsa da ömrün

О yerlərdə qalarsan.
XS
SM
MD
LG