Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:09

Mirzə Ələkbər Sabir. Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah!















Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah!

Fəryadıma yet kim, yanıram atəşə, billah!



İslamə xələl qatmadadır bir neçə bədxah,

İstərlər ola bəndələrin taği və gümrah,

Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!

Lahövlə vəla qüvvətə illa və billah!



Məktəblər açıb eyləyin ehsanı, -- deyirlər,

Məktəbdə qoyun ustulu, daskanı, -- deyirlər,

Рәrpuç eləyin çubü fələqqanı, -- deyirlər,

Dişrə çıxarın həzrəti-mollanı, -- deyirlər,

Molla qovula, yəni müəllim gələ, vah-vah!

Lahövlə vəla qüvvətə illa və billah!



Mən anlamıram kim, nola mənayi-müəllim?

Qırx-əlli manat pul ala hər ay müəllim?

Bir tazə üsulə ola ifayi-müəllim?

Pulları ala, söyləyə-oxqay-müəllim?

Molla ona həsrətlə çəkə küçədə ah ... ah!....

Lahövlə vəla qüvvətə illa və billah!



Bir ildi, bir az сох da olur, yoxdu damağım,

Nə çatmır əlim bir işə, nə getmir ayağım,

Hərdən yeni bir söz danışır oğlan-uşağım,

Taqqıldayır, allah da şahiddi, qulağım,

Port-Artur, hürriyyət, Mancuriya, qah-qah!....

Lahövlə vəla qüvvətə illa və billah!



And olsun ötən günlərə, divanə olublar!

İslamə də, imanə də biganə olublar!

Billahi başım çıxmayır aya nə olublar!?

Hürriyyətə-mürriyyətə məstanə olublar....

Bah-bah!.... Yenə bah-bah!.... Yenə bah-bah!.... Yenə bah-bah!....

Lahövlə vəla qüvvətə illa və billah!



Ax, ay keçən illər, nola bir də dolaneydiz,

Tazə yenə beş yüz il olunca dayaneydiz,

Elmi, ədəbi, fəzli, kəmalatı daneydiz,

Ey bildir, inişil, nola odlara yaneydiz!

Та eyləmiyeydiz də bu qafılləri agah!

Lahövlə vəla qüvvətə illa və billah!



Bilməm nə işim vardı, başım harda qızışdı,

Elm ilə belə düşmən olan qövm barışdı,

Təcdidi vəfa birlə maariflə sarışdı,

Rahət yata bilməm, mənə qəm muri darışdı.

Etməkmi olar bir də bu uymuşları ikrah?

Lahövlə vəla qüvvətə illa və billah!
XS
SM
MD
LG