Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Əli Əhmədovdan Qərb diplomatlarına qarşı ittiham


Əli Əhmədov
Əli Əhmədov
«Mən belə hesab edirəm ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin həm mandatı, həm də qarşısında duran vəzifələri ilk növbədə, öz dövlətlərini Azərbaycanda təmsil etməkdən ibarətdir. Amma Azərbaycandakı bəzi diplomatik korpusların nümayəndələrinin müxalifət partiyaları ilə görüşünün qapalı keçirilməsi və görüşün mövzusu haqqında ictimaiyyətə məlumat verilməməsi, ən yumşaq şəkildə desək, qəribə görünür».

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov partiyanın rəsmi saytına deyib.

Ə. Əhmədov bildirib ki, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri ictimaiyyətdən gizlin söhbətlərin aparılmasında meylli olmamalıdırlar. Onun fikrincə, belə hadisələr, gizli şəkildə görüşlərin keçirilməsi ola bilsin ki, onların niyyətlərində normal olmayan məqamlardan xəbər verir:

«Mən bilmirəm, aprelin 16-da nəzərdə tutulan mitinqi müxalifət, yoxsa ora toplaşanların hamısı bir yerdə təyin edib. Amma yəqin ki, görüşdə həmin mitinq planları müzakirə edilib».

YAP sədrinin müavini deyib ki, Azərbaycan dövləti, hökuməti və cəmiyyəti ölkədə baş verən bütün hadisələrin məsuliyyətini daşıyırlar:

«Çünki ictimai-siyasi sabitlik, əmin-amanlıq, dinclik hər bir Azərbaycan vətəndaşının faydalandığı reallıqlardır. Azərbaycandan kənarda olan ölkələrdə baş verən hadisələri göz önünə gətirsək, sabitliyin, dincliyin, əmin-amanlığın insanlar üçün nə qədər böyük sərvət, dəyər olduğunu aydın şəkildə təsəvvür edərik. Xalqımızın yaratdığı hökumət və hakimiyyət bu sabitliyi qorumağa borcludur. Xalq öz hökumətini ona görə yaradıb ki, onun normal yaşaması üçün səmərəli mühit formalaşdırsın. Bu mühiti də hökumətimiz təmin edib. Hökumətimiz indiyə qədər sabitliyi qoruyub və bundan sonra da qorumaq niyyətindədir. Çünki siyasi mövqeyindən və düşüncə tərzindən asılı olmayaraq bu sabitlikdən və əmin-amanlıqdan hər kəs faydalanır»,- deyə Ə. Əhmədov qeyd edib.
XS
SM
MD
LG