Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:51

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (8)


əvvəli

“Mәrhum Mirzә Hüseyn xan Müşirüddövlәni tanıyıram, amma o Nәcәfәli xam kimdir? Onu tanımıram.”

Dedim:

“O da Şeyx Möhsün xan İstambulda sәfәr olan vaxt general konsul idi. Sonra da kargüzar vәzifәsi ilә Misirә vә Bağdada getdi. Öz dövrünün rәhmsiz adamlarından biri idi. Onun qoyduğu bidәtlәr İstambulda vә sair Osmanlı ölkәlәrindә hәlә dә icra olunur, biçarә iranlıların evini yıxır. Onun zülmü vә bidәtlәrindәn İran dövlәti vә millәtinin şәrәfinә, heysiyyәtinә vurulan vә vurulmaqda olan rüsvayçılıq lәkәsi deyilmәklә başa gәlәn deyil.

O kafәr oğlunun zülmün şәrh etsәk,

Başqa bir lәfz ilә danışaq gәrәk.”

Mәşәdi Hәsәn dedi:

“İndi haraya gedәk?”

“Karvanı darülfünün mәktәbinә tәrәf çәk,” -- dedim.

“Gözüm üstә,” -- dedi.

“Siz mәni sarbanlığa qәbul etsәniz, mәnim heç bir sözüm yoxdur.”

“Mәn dәvә olaram,” -- dedim.

“Amma, bilmirәm, ağa bunu qәbul edәr, ya yox.”

Bir az zarafatlaşdıq. Gülә-gülә yola düşdük. Mәdrәsәnin qapısına çatdıq. Qapıda bir fәrraş dayanmışdı. Mәn ona dedim:

“Qardaşım, biz burada qәribik, sәyahәt üçün bu şәhәrә gәlmişik, mәdrәsәni gәzib tamaşa elәmәyә izin verәrsәnmi?”

Fәrraş dedi:

“Tamaşa elәmәk olar. Ancaq bu gün cümәdir, heç kәs yoxdur.”

Doğrudan da, bizim heç yadımızda deyildi ki, bu gün cümәdir. Dedim:

“Heç olmasa mәktәbin vәziyyәti ilә azacıq tanış ola bilәrikmi?”

Fәrraş etiraz etmәdi. Bizi darülfünunun içәrisinә apardı. Hәr şey öz qaydasında idi. Hәqiqәtәn dә adam onları gördükcә fәrәhlәnirdi. Divardan hesab dәrsi, diktә vә inşadan imtahan üçün yazı taxtaları asılmışdı. Gedib onlardan birinin qarşısında dayandım, onu öpdüm, üz-gözümü onun üzәrinә sürtdüm. Seyid soruşdu:

“Bu nә üçündür? Taxtanı öpmәyin nә mәnası var?”

Dedim:

“Ağa, bu taxtalar müqәddәsdir. Kaş İranın hәr bir şәhәrindә min yerdә bu müqәddәs taxtalardan asıla idi. Çünki bunlar mәnim vә sәnin başıucalığına sәbәb olar.”

Seyid dedi:

“Qәribәdir, quru taxtadan sәnә, mәnә nә kimi başıucalıq ola bilәr?”

Dedim:

“Ağa, sәnә daha bir sözüm yoxdur deyәm.”

Xülasә, oradan, da çıxıb mәnzilә gәldik. Çox yorulmuşduq. Tez şamı yeyib yatdıq. Sabah nahar çağınadәk mәnzildә oturduq; Mәşәdi Hәsәn gәlib çıxmadı. Nahardan sonra bir az yatdım. Bir vaxt gördüm Yusif әmi mәni oyadır.

“Nә xәbәr var?” -- deyә soruşdum.

Dedi:

“Hacı Mәhәmmәd Hәsәn Әmin Zәrb adam göndәrib sizi istәyir.”

“De ki, mәnzildә yoxdur,” -- dedim.


“Olmaz, çünki әvvәl soruşdular, mәn dedim siz evdәsiniz.”



Әlacsız qalıb ayağa durdum, amma heç könlüm istәmirdi. Çünki әvvәl dә onu görәndә vәziyyәtindәn xoşum gәlmәmişdi. Sәxavәtli adam deyil. İki dәfә Mәkkәyә gedib. Hәr dәfә bizim evdә neçә gün qonaq qalıb. Rәhmәtlik atam onun zәhmәtlәrini çox çәkmişdi. Ancaq atam ölәndәn sonra mәnә bir başsağlılı da yazmadı. Bundan әlavә, çox tamahkar vә nadürüst kişidir. Hәr bir biçarәni çәnginә salan kimi aldadıb, on tümәnlik firuzәni әlli tümәnә sırıyacaq. Әksinә, birinin barmağında yüz tümәnlik brilyant üzük görәrsә, onu min hiylә ilә on tümәnә әlindәn alacaq. Allah xatirinә bir adama salam belә vermәz. Mәlum idi ki, mәni çağırmaqdan da mәqsәdi ancaq bir şey qoparmaq idi. Nә elәyәsәn, getmәk lazım idi.

Otaqdan çıxdım. Gördüm, qapı ağzında bir başı әmmamәli qoca kişi dayanıb. Mәni görәn kimi dedi:

“Hacı Әmin Zәrb sizi istәyir.”

Onunla birlikdә gedib Hacının hücrәsinә çatdıq. Hücrәyә daxil olub salam verdim.

“Ay әleykәssәlam, ağa Mirzә İbrahim bәy. Ya allah, buyur. Ay qoçaq, neçә gündür buradasan, bәs nә üçün mәni bir yoxlamamısan? Dünәn mәnә sәnin burada olmağını Hacıxan xәbәr verdi. Kefin, әhvalın necәdir? Mәrhum Hacının vәfatı mәni çox mütәәssir elәdi. Allah ona rәhmәt elәsin. Sizin vә ailәnizin başı sağ olsun. Haradan gәlirsiniz?”

“Mәşhәddәn gәlirәm,” -- dedim.

“Hacı Mәliki gördünüzmü?”

“Xeyr.”

“Bәs nә üçün?”

“Tanışlığım yox idi. Elә bir adam da olmadı ki, mәni onun yanına aparsın.”

“Bәs Mәşhәddә nә aldın?”

“Heç bir şeyi.”

“Çox gözәl, mәnim burada bir qәdәr Sultanabad xalçası varımdır. Çox gözәl maldır. Misirdә, İstambulda yaxşı satılar. Bunları özünlә apar. Sizә ucuz hesab elәrәm. Çox gözәl, çörәkli maldır. ”

“Xeyr, heç bir şey almayacağam,” -- dedim.

Dedi:

“Pulun yoxdursa, sonra göndәrәrsәn.”

Dedim:

“Xeyr, heç bir şey almayacağam.”

Hacı әl çәkmәdi:

“Onda Misirdә әla yeriyәn on batman firuzә varımdır. Barı bunları al.”

“Әrz elәdim ki, heç nә almayacağam.”

“Elәdә bәs niyә buraya gәlmisәn?”

“Ancaq gәzmәyә, sәyahәt elәmәyә.”

“Yaxşı, Tehranı necә gördün, bәyәndinmi?”

“Doğrusu, Tehranda ürәyiaçan bir şey görmәdim.”

“Necә ki, yәni görmәdim?”

“Bu şәhәrdә sizin kimi sәrvәtli şәxs olduğu halda indiyәdәk vәtәndә ticarәtin tәrәqqisi, әmtәә vә ticarәt mallarının artması üçün kompaniyalar, milli bank tәsis olunmalı idi. Bu vaxtadәk buradan Tәbrizә bir dәmir yolu çәkilmәyibdir ki, sizin gәlirinizin çoxalmasına, ticarәt әlaqәlәrinin genişlәnmәsinә, vәtәnin isә abadlaşmasına vә әhalinin rahatlığına sәbәb ola idi. Bunlardan әlavә, paytaxt olan belә bir böyük şәhәrdә varlılardan neçә nәfәriniz bir yerә toplaşmamısınız ki, әlbir olub millәtin yetim vә başsız balaları üçün bir yetimxana açaydınız, bununla da bu dünyada başınız uca olaydı. Axirәt dünyasında da rәhmәt qazana idiniz.”

Dedi:

“Maşallah, İbrahim bәy, elә bir ucdan bu kimi mühüm mәsәlәlәri sayırsan, daha bilmirsәn ki, bunların hamısı üçün pul lazımdır. Pul harada idi, ay rәhmәtliyin oğlu.”

Dedim:

“Hacı әmi, bu nә fәrmayişdi. İyirmi ildir ki, İranın bütün gәliri sizin cibinizә dolur. Misirdә özünüzdәn eşitdim ki, bir dәnә yüz tümәnlik cәvahiri divan vә saray adamlarına beş yüz tümәnә satırsınız. Bundan әlavә, İranın bütün şәhәrlәrinin bazarlarında çuval-çuval, xırman-xırman qara puldur ki, sәpilibdir. Hәr yeri sizin qara pullar bürümüşdür. Camaat deyir: siz iyirmi beş kürur qara pulu İranın bu başından o başına sәpmisiniz. Bunların hamısının sәrmayәsi daş çatlasa üç yüz tümәndәn artıq olmaz. "Gör tәfavüt haradan haraya kimidir?"”

Gördüm mәclisdә oturanlar dodaqlarını dişlәyib mәnә işarә edirlәr ki, sus. Mәlum mәsәlәdir ki, bu sözlәr Hacının da mәzaqına xoş gәlmәyәcәk idi. Hirslәnib yerindәn qalxdı, qeyz ilә dedi:

“Füzulluq sәnә atandan miras qalmışdır.”

Sonra qollarını çırmadı; bununla göstәrmәk istәyirdi ki, dәstәmaz alıb namaz qılmaq әzmindәdir. Bu bәhanә ilә qapıya tәrәf yönәldi vә yaxasını mәnim acı sözlәrimin әlindәn qurtardı. Mәn qaldım, bir dә o mәclisdә әylәşәnlәr. Onların hamısı mәnim Hacı ilә olan cәsarәtli danışıqlarıma tәәccüb edir, heyrәtlә bir-birinin üzünә baxırdılar. Nәhayәt, onlardan biri mәndәn soruşdu:

“Mәşәdi, sәn haralısan?”

“Cәhәnnәmliyәm,” -- deyib, ayağa qalxdım. Mәlum oldu km, Hacı mәni ona görә çağırmışdı ki, özünün dediyi kimi, xalçadan, firuzәdәn bir qәdәr mәnә satsın, mәnim bütün var-yoxumu bu alverdә әlә keçirmәklә köhnә haqq-salam vә duz-çörәk borcunu ödәmiş olsun.

Xülasә, Tehranda üç-dörd gün dә qalandan sonra ayın onunda Mәşәdi Hәsәni göndәrdim poçtda dördatlı bir furqon kirayә elәyib, bizi Qәzvinә çatdırsın. Özüm dә Hacıxanla vidalaşmağa getdim. Onların qapısına çatdıqda Qulamәlini gördüm.

Dedim:

“Hacıxana deyin filankәs gәlib.”

Hacıxan qapıya çıxdı, dedi:

“Bismillah, buyurun!”

“Vidalaşmağa gәlmişәm,” -- dedim.

Dedi:

“Nә danışırsan?”

“Bәli, getmәk lazımdır.”

Soruşdu:

“Nә vaxt, haraya?”

Dedim:

“Bu gün, Qәzvinә tәrәf yola düşürәm. Oradan da Azәrbaycana gedәcәyәm.”

“Ay baba, nә tәlәsirsәn?” -- dedi.

“Daha bәsdir, çox pis keçdi. Bu ölkәdә mәnim dilxoşluğum yalnız o möhtәrәm cәnabı görmәkdәn ibarәt oldu. Mәni o böyük şәxsiyyәtlә tanış etdiyinizә görә sizә son dәrәcә minnәtdaram. Nә qәdәr tәşәkkür etsәm dә azdır. Doğrudan da, böyük adamdır. Mәnim bәndәçiliyimi ona çatdırın. Ona hәmişә xeyir-dua edәcәyәm.”

Dedi:

“Әmin Zәrbi gördün?”

“İnşaallah, xeyrini görәrsәn,” -- dedim.

“Mәgәr ondan bir xeyir gәlәr ki, mәn dә görüm. Qara torpaq onun xeyrini görsün. İndiyәdәk mәnә neçә dәfә müәyyәn işlәr tapşırıb, zәhmәtini çәkmişәm. Onların müqabilindә günlәrin birindә mәnә bir firuzә bağışladı. Özü dә onu çox tәriflәdi. Sonra kimә göstәrdim, bircә qran qiymәt qoydular. Mәn dә bu Qulamәliyә bağışladım.” -- Üzünü Qulamәliyә tәrәf tutub dedi:

“Qulamәli, belә deyilmi?”

Qulamәli dedi:

“Bәli, cibimdәdir!”

Vidalaşdıq. Nә qәdәr xahiş elәdi ki, yola salmağa gәlsin, mәn razı olmadım. İki tümәn Qulamәliyә әnam verib xudahafizlәşdim.

Mәnzilә çatandan az sonra Mәşәdi Hәsәn dә gәlib çıxdı. Dedi:

“İki saatdan sonra furqon hazır olacaq.”

Dalandar gәlib haqq-hesab elәdi, beş tümәn yarım ona verdim. Çox razı qaldı. Yük-yapı yığışdırıb hambala verdim. Mәşәdi Hәsәnә dedim:

“Bir az xırım-xırda almalıyıq.”

Mәşәdi Hәsәn dedi:

“Elәdә Yusif әmi hamballa getsin, biz poçta yaxın olan bu küçә ilә gedәk, bu yolda meyvә satanlar çoxdur.”

Yusif әmi hamballa getdi. Biz dә karvansaranın aşağı qapısından çıxıb, dar bir küçәyә çatdıq. Gördüm çadrasız bir arvad qapıların birindәn çıxıb, dalanın o biri tәrәfindәki evә girdi. Mәşәdi Hәsәndәn soruşdum:

“Bura hamamdır?”

“Yox, evdir,” -- dedi.

“Bәs arvad nә üçün lüt idi?”

“Xeyr, lüt deyildi, köynәyi, alt paltarı var idi.”

“Yox, canım, mәn özüm gördüm, köynәyi var idi, amma alt paltarı yox idi.”

“Burada arvadlar çox qısa alt paltarı geyirlәr. Onun altından kişilәrin şalvarı kimi bir şalvar da geyirlәr. Amma evdә bәzәn alt şalvarını geymirlәr. Küçә xәlvәt olduğundan arvad belә xәyal elәdi ki, heç kәs yoxdur. Çadrasız qonşusunun evinә gedirdi, bizә rast gәldi.”

Dedim:

“Pәnah allaha, bu necә hayasızlıqdır? Müsәlman millәtlәrinin heç birindә belә paltar yoxdur. Әgәr hicab ayәsinin hörmәtini belә saxlayacaqdılarsa, bunların dini varsa, onda mәn kafәrәm.”

Doğrudan da, tәәccübümün hәddi yox idi. Mәşәdi Hәsәndәn soruşdum:

“Bәs bunları әrlәri görmürlәrmi?”

Mәşәdi Hәsәn gülüb dedi:

“Niyә görmürlәr? Hamının paltarları belәdir. Bütün İranda ruhanilәrin, vәzirlәrin, seyidlәrin, kasıbların, dövlәtlilәrin arvadlarının paltarı belәdir.”

Dedim:

“Mәn ölüm, düzünü de, sәnin arvadın da belә paltar geyinir?”

Dedi:

“Mәnә vә ya başqasına mәxsus deyil, әrz elәdim ki, bütün arvadların paltarı gördüyün kimidir.”

Xülasә, çaparxanaya gәlib çatdıq. Hәlә Yusif әmi ilә hambal gәlmәmişdilәr. Özüm gedib Qәzvinәdәk furqon kirәsini verdim. On dörd tümәn yarım elәdi. İran tacirlәri geyimindә bir nәfәrin orada dayandığını gördüm. Deyәsәn, bir şey gözlәyirdi. Mәni görcәk yaxın gәlib salam verdi vә dedi:

“Mәn dә Qәzvinә gedәcәyәm, sәhәrdәn burada gözlәyirәm ki, bir nәfәr yol yoldaşı tapıla. İndiyәcәn rast gәlmәdi. Әgәr razı olsanız dörd tümәn yarım mәn verim, furqonda üçümüz oturaq.”

Fikirlәşdim ki, bu adamın yoldaşlığından bizә bir zәrәr toxuna bilmәz. Ancaq tanımadığıma görә Mәşәdi Hәsәnin üzünә baxdım. O da işarә ilә bildirdi ki, zәrәri yoxdur. Mәn o şәxsin xahişini qәbul elәdim. Razı qalıb, tәşәkkür elәdi. Bu әsnada Yusif әmi dә gәlib çatdı. Yükümüzü furqonun dalına bağladıq. Әldә lazım olacaq xam-xırda da kalyaskanın içindә yerbәyer elәyib әylәşdik. İki imperial da Mәşәdi Hәsәnә bağışlayıb, zәhmәtlәrimә görә ondan halallıq istәdim. Mәndәn razılıq edib, xeyir-dua verdi. Vidalaşdıq:

“Xudahafiz!”

“Allah amanında!”

Bu Mәşәdi Hәsәn olduqca yaxşı adam idi. Bizim çox zәhmәtimizi çәkdi.

Yola düşdük. Burada yadıma düşdü ki, Tehran sәyahәtinin xülasәsini yazım. Ola bilsin ki, gәlәcәkdә dәrdә dәyәr. O tәfsilin icmalı belәdir:

Mәmlәkәtin padşahı İran tәqvimini açıb qoyub qabağına. Baxır görsün ova getmәk üçün hansı gün, saat xoşdur. Bütün vәzirlәr, sәrkәrdәlәr, başçılar vә qulluqçular özlәri üçün yeni lәqәb tapmaq, hәr hansı bir qeyri-qanuni vasitә ilә olur-olsun mәqamlarını yüksәltmәk mümkün olduğu tәqdirdә isә öz rәqiblәrini tutduqları mәnsәbdәn nә kimi böhtan vә iftira ilә aşağı salmaq fikrindәdirlәr. Hamı belә xәyalda vә fikirdәdir, hәtta hәr qapıçı belә, bir vilayәtә hakim olmaq ümidindәdir. Özü dә bu kimi adamlar az deyil.

Tacir tәbәqәsi dә әsla ticarәti tәrәqqi etdirmәk, onu genişlәndirmәk xәyalında deyildir. Onlar ata-babalarının getdiklәri yolla gedirlәr. Bütün Tehranda bir dәnә kompani vә ya şirkәt tәsis olunmayıbdır ki, mәmlәkәtin әmtәәsi vә mәhsullarını rәvaclandırsın. Bir neçә nәfәrin kifayәt qәdәr sәrmayәsi varsa da bir-birinә qarşılıqlı inamları yoxdur. Hәtta müamilәlәrdә dә bir-birlәri ilә çox ehtiyatlı davranırlar. Hәr kәs başqasını aldatmaq, bir növ badalaq gәlmәk fikrindәdir. İngiltәrә vә rus dövlәtlәri kimi bir-birinin hәrәkәtlәrinә vә rәftarına göz qoyurlar.

Dükançılar vә alverçilәr dә qara pul haqqında düşünürlәr. Bu gün yetmiş şahı bir qrandır, sabah sәksәn şahı bir qran olur. Yoxsullar çörәk tapmaq fikrindәdirlәr. Çörәyin batmanı bu gün iki qrana, sabah üç qranadır. İki böyük qonşu dövlәtin sәfirlәri dә öz siyasi mәqsәdlәrini irәlilәtmәyә can atırlar. Heç kәs vәtәnin qayğısına qalmır, vәtәn sevgisindәn heç bir kәsdә iz, әsәr görünmür. Hamısı ağıldan naqis, inamdan kasıb, ölü ikәn diri, diri ikәn ölüdürlәr.

Nәhayәt, kalyaskamız Qәzvinә doğru yola düşdü. Bizim kalyaskamızla gedәn yoldaşdan soruşdum:

“Sizin adınız nәdir?”

“Hacı Qulamrzadır,” -- dedi.

O da mәnim adımı soruşdu.

“İbrahimdir,” -- dedim.

“Haralısınız?” -- deyә soruşdum.

“Qәzvinliyәm,” -- dedi.

Düşündüm ki, yaxşı oldu, yoldaşımız yola bәlәddir. Tehrandan Qәzvinә gedәn bu yol tәrifә layiqdir. Yol hәr yerdә düz və hamardır. Mәnzillәr abad vә gözәldir. Doğrudan da, demәk olar ki, bu yol İranın әn gözәl yoludur. Yәni әslindә bundan başqa bir yolu yoxdur. Hacı Qulamrza yol üstündәki kәndlәri vә dayanacaqları bir-bir göstәrir, tәriflәyirdi. Hәr bir mәnzilә çatan kimi atları dәyişirdilәr. Әsla mәәttәlçilik olmurdu. Bir gecә yolda qaldıq. Müsafirlәr üçün hәr cür rahatlıq vәsaiti hazır idi. Biz mәnzilә çatan kimi samovar gәtirdilәr. Çay dәmlәdik, xidmәtçilәr nәzakәtlә danışır vә davranırdılar. Sübh namazından sonra atları kalyaskaya qoşdular, oturub yola, düşdük. Şam namazına az qalmış Qәzvinә çatdıq. Hacıdan soruşdum:

“Sizcә, hansı karvansarada mәnzil tutsaq yaxşıdır?”

“Şәhәrin girәcәyindә bir mehmanxana var,” -- dedi. -- “Sizin üçün ora yaxşı vә münasibdir. Әgәr orada düşsәniz rahat olarsınız.”

Mehmanxanaya gәlib çatdıq, gördüm doğrudan da gözәl yerdir. Çoxlu otatları var idi. Birini bizә verdilәr. Gecәsinә iki qran istәdilәr. Әlbәttә, çox ucuz idi. Otaqda miz, sәndәl, çarpayı, yorğan-döşәk vә sair әsasiyyә sәliqә ilә düzülmüşdü. Hacı ilә görüşüb ondan ayrıldıq. Mehmanxana xidmәtçisi samovarı gәtirib dedi:

“Şam üçün çilov istәyirsiniz, ya plov?”

“Mәgәr aşpazxana vә yemәyiniz dә var?” -- dedim.

“Hәr nә istәsәniz vardır,” -- dedi.

“Әgәr cücә xuruşu ilә çilov versәniz yaxşı olar.”

“Gözüm üstә,” -- dedi.

Çay içib, namaz qıldıq. Şam gәtirdilәr: bir mәcmәyi hesabi çilov, xuruş, şәrbәt, ayran, pendir vә göyәrti. Olduqca tәmiz vә sәliqәli idi. İştaha ilә yedik. Sabahısı gün Hacı Qulamrza bizim görüşümüzә gәldi. Bir az söhbәt elәdik, durub gedәndә sabah gecә üçün bizi qonaq çağırıb vәdimizi aldı.

O getdi. Biz dә mәnzildәn çıxdıq. Bazarın yolunu soruşduq. Dedilәr bu xiyabanı düz gedәrsiniz, alaqapıya çatarsınız, oradan da sol tәrәfә dönüb bazara gedәrsiniz. Gәzә-gәzә bazara gedib çatdıq.

Qәzvin şәhәri vaxtilә paytaxt idi. Ancaq indi rövnәqdәn düşmüşdür, olduqca xarab vә çirkin bir şәhәrdir. Avropa şәhәrlәrinin yanında heç kәnd dә sayılmaz. Çünki Avropa şәhәrlәrinin sanki dәr-divarının da ruhu vә duyğusu var. Camaatın gәl-gedindәn, xalqın müamilayә mәşğul olmasından oranın ticarәtinin rövnәqini görmәk olar. O şәhәrlәrdә bir nәfәr belә işsiz görmәk mümkün deyil. Hamı işlәyir. Milli sәrvәti artırmaq, mәmlәkәti abadlaşdırmaq üçün çalışırlar. Bunun әksinә olaraq, İranda hara baxırsan, görürsәn hәr bir bucaqda tәnbәl vә işsiz adamlar dәstә-dәstә toplaşıb oturublar. Şәhәrlәrin hamısı qәbiristana oxşayır. Başdan-başa xarabadır. Adam bәsirәt gözü ilә baxsa görәr ki, şәhәrin dәr-divarı ağız açıb uca sәslә deyir: "Mәnim sahibim yoxdur, mәni abadlaşdırmaq üçün heç bir tәdbir görülmür".

Çox heyifsilәndim, ancaq nә edәsәn? Yusif әmiyә dedim:

“Yusif әmi, gedәk bir yemәkxanaya bir tikә çörәk yeyәk.”

Yemәkxana sorağını aldıq. Bir çilovpәz dükanı göstәrdilәr. Oraya getdik, baxıb gördüm o qәdәr kirlidir ki, içәri girmәk mümkün deyil. Hәlә yemәk bir tәrәfә qalsın. Qayıdıb gәldik, Yusif әmi dedi:

“Avropanın bütün hakimlәri yalandan deyirlәr ki, xәstәliklәrin mikrobları çirkdәn әmәlә gәlir. Әgәr bu doğrudursa, bәs nә üçün bunlar bu qәdәr çirkin içindә xәstәlәnmirlәr?”

Dedim:

“Gedәk mәscidә, namaz qılıb qayıdaq mәnzilә, naharı da elә orada elәrik.”

Mәscidi-şaha getdik. Hәqiqәtәn, çox әla mәsciddir.

Amma nә faydası?... Eşikdәn nә qәdәr әzәmәtli görünürsә içәridәn yüz o qәdәr yoxsuldur. Hәsirlәri hәr tәrәfdә yırtıq-yırtıq idi. İki nәfәr bir bucaqda iki iri daş qoyub, üstündә qoz sındırır, lәpәsini ayırırdı. Başqa tәrәfdә neçә nәfәr oturub nar yeyirdi. O biri tәrәfdә qovun yeyib, qabıqlarını vә tumunu yerә tökmüşdülәr.... Mәsciddәn çıxdıq. Neçә addım uzaqlıqdan hay-küy sәsi eşidildi. Dürüst qulaq asdım, bildim ki, mәdrәsәdir, tüllabın sәsidir. Mәdrәsәyә getdik. Çox böyük vә mötәbәr binası var idi. Deyirlәr, Sәfәvi şahlarından biri oranı qayırtdırıbdır. Hücrәlәrin birinin sәkisindә bir axundu dәstәmaz alan gördüm, ancaq haman hücrәdәn iki nәfәrin sәs-küyü dә eşidilirdi. Öz-özümә dedim: "Bir halda ki, axund iki müsәlmanın davasını görür, onlara necә etina elәmәyib dәstәmaz alır?" Onun bu halәti mәni tәәccüblәndirdi. Hücrәyә baxıb iki tәlәbәnin üz-üzә әylәşdiyini, hәr birinin әlindә bir kitab, dava-cәncәllә mәşğul olduğunu gördüm. Bәzәn biri kitabı göyә qaldırır, sanki tәrәfin başına vurmaq istәyirdi. O birisi dә onun kimi elәyirdi. Sözün qısası "lәm vә lanüslәm" sәsi әrşә çatırdı. Qәribә hәngamә idi.

Dәstәmazını alıb mәs çәkmәkdә olan axunddan soruşdum:

“Cәnab axund, bunlar nә üçün dava elәyirlәr?”

“Dava elәyәn yoxdur,” -- dedi.

“Bәs bunları görmürsәnmi?” -- deyә tәәccüblә soruşdum.

“Dava elәmirlәr, mübahisә elәyirlәr,” -- dedi.

“Nә üstә mübahisә elәyirlәr?”

“Elmi mübahisә elәyirlәr.”

“Bәs öz sözlәrini nә üçün mülayim, şirin dillә bir-birinә demirlәr?”

“Mәgәr gülmәklә, yumşaqlıqla elm öyrәnmәk olar?”

“Mәn әrz elәmәdim ki, bir-birinә gülsünlәr, mәn siznәn danışan kimi söhbәt elәsinlәr.”

Axund qeyzlә mәni başdan-ayağa süzüb dedi:

“Sәn türksәn?”

“Bәli, dedim,” -- azәrbaycanlıyam.

Bir söz demәyib ötdüm. Sonra gördüm bütün hücrәlәrdә belә bir hәngamә vardır. Yusif әmiyә dedim:



“Yusif әmi, gәl gedәk. Bu ölkәdә nәyә baxsan kәdәrlidir. Daha mәn bircә bunu bilmәmişdim ki, elm öyrәtmәk üçün gәrәk qışqırıb nәrә çәkәsәn.”

Mәdrәsәdәn bir neçә addım uzaqlaşmamış birdәn "çәkil, çәkil" sәsi ucaldı. Fәrraşların "gözünü yum", "üzünü çevir", "yuxarı get", "aşağı gәl" deyә saldıqları qışqırıq sәsi göylәrin qulağını batırırdı. Gördüm hәr iki tәrәfdәn fәrraşlar cәrgә ilә gәlirlәr. Şahrudda gördüyüm kimi idi. Fәrraşların sırası arasından bir kalyaska keçirdi. Camaat küçәdә üzünü divara çevirib dayanmışdı. Şahrudda da bu tәmtәraqı görmüşdüm. Amma orada camaatın üzünü divara çevirmәsini görmәmişdim. Biz dә camaata qoşulub, üzümüzü divara tutduq. Yusif әmiyә Şahrudda öyrәtmişdilәr ki, belә vaxt ruku elәsin, yәni әyilib ikiqat olsun. Yazıq kişi üzü divara tәzim halında dayandı. Mәlumdur ki, arxası xanıma idi. Fәrraşlar belә xәyal elәdilәr ki, istehza üçün belә etmiş, qәsdәn dalını xanıma göstәrir. Mәn dә üzü divara dayanmışdım. Bir vaxt gördüm vurhavurdur. Yazıq Yusif әminin baş-gözünә hey yumruq, sillә, dәyәnәkdir ki, dam-divardan yağır. Biçarә hey qışqırıb deyirdi ki: "Baba, mәni niyә vurursunuz, axı mәnim tәqsirim nәdir?"

Mәn dә irәli gedib dedim:

“Canım, axı müsәlmansınız, bu biçarә qәribi nә üçün döyürsünüz?”

Dedilәr: bu köpәk oğlu şahzadә xanıma әdәbsizlik edibdir.

Ağızlarına gәlәn söyüşü verdilәr. Kalyaska çıxıb getdi. Fәrraşlar Yusif әmini aparmaq istәdilәr. Mәn nә etmәli olduğuma mәәttәl qalmışdım. Ona-buna yalvarmağa başladım:

“Ay baba, vallah, bu kişi qәribdir, sizin yerin vәziyyәtini bilmir. O, öz alәmindә tәzim elәmişdi....”

Gördüm bu sözlәrin heç bir tәsiri yoxdur. Yadıma düşdü ki, belә mәqamlarda bu ölkәnin mәnfur rәsminә görә pul hәr bir müşkülü asanlaşdırır. Cibimdәn yavaşca bir beşqranlıq çıxartdım. Pulu görәn kimi heylәri açıldı, mum kimi yumşaldılar. Әlimdәn pulu cәld qapıb getdilәr, biz dә xilas olduq. Amma Yusif әmi ağlayırdı. Mәn ondan utanırdım. Ancaq yazıq bilmirdi ki, mәn özüm Tehranda ondan daha pis kötәk yemişәm. Nә isә, ona dil-ağız elәyib, biçarәni bir qәdәr sakitlәşdirdim, mәnzilә getdik. Nahar әvәzinә dalbadal papiros çәkib tüstü yedik. Öz-özümә deyirdim ki: "Әgәr sabah gecәni Hacı Qulamrzaya vәdә vermәsәydik, elә bu saat bu şәhәrdәn çıxıb gedәrdik". Sözün qısası, iyirmi dörd saat mәnzildә oturub heç yerә çıxmadıq. Sabahısı gün axşamçağı Hacının adamı gәlib, mehmanxana xidmәtçisindәn mәnim mәnzilimi soruşdu, göstәrdilәr. Gәlib salam verdi, dedi:

“Buyurun gedәk, Hacı sizi gözlәyir.”

Gördüm Yusif әminin könlü yoxdur, dedim:

“Yaxşı deyil, vәdә vermişik, getmәk lazımdır. Darıxma, inşaallah, sabah bu şәhәrdәn çıxıb gedәrik.”

Ayağa durub, Hacının adamı ilә birlikdә mәnzildәn çıxdıq. Hacı öz evinin qapısı qabağında bizi hörmәtlә qarşıladı. Yol göstәrib, qonaq otağına apardı. Bizdәn başqa on-on iki nәfәr dә qonaq var idi. Salam verib әylәşdik. Xoş-beş vә kef-әhvaldan sonra hәr tәrәfdәn söhbәt başlandı. Qonaqlardan biri dedi:

“Bu gün Hacı Novruzәlinin oğlunun halına ürәyim yandı. Başdan-ayağa lüt idi. Bir eşşәyә tikan yüklәyib, satmaq üçün çöldәn şәhәrә gәlirdi. Mәlum idi ki, dolanacaqları ancaq bununladır.”

O biri dedi:

“Bizә nә, öz günahıdır.”

Üçüncüsü dedi:

“Yox, elә deyil, onların özlәrinin nә günahı var, bütün bu tәqsirlәr axund molla Әhmәd pişnamazın boynunadır. Bu yazıqların başına külü o әlәdi.”

Dördüncüsü dedi:

“Ağayi-mәn, bunlar nә sözdür; bütün bunlar allahın işlәridir. Onun sәbәbi bizdәn gizlidir. Elә, ola bilsin, Hacı Novruzәli dә o qәdәr var-dövlәti zülm ilә tollamış imiş. Buna görә dә üç-dörd il әrzindә mәhv olub aradan getdi.”

Guya bizim kimi qәrib olan başqa birisi soruşdu:

“Hacı Novruzәli kimdir, indi haradadır?”

Ona nәql etdilәr ki, Hacı Novruzәli Gәrrus әhalisindәn olan mötәbәr bir tacir idi. Üç arvaddan sәkkiz oğlu, üç qızı var idi. Ölәndә övladlarına altmış min tümәn nәqd, çoxlu mülk qoyub getdi. Mәmlәkәtin ruhanilәrindәn hәr biri bu bәdbәxt vәrәsәlәrin bir-ikisini yanlayıb, hәrәsini bir tәrәfә çәkdi. İmam Cümә Hacı Novruzәlinin vәsisi, hәm dә oğlu onun kürәkәni idi. İstәyirdi Hacının bütün var-dövlәtinә tәk özü sahib çıxsın. Nәhayәt, iş mәhkәmәyә, dava-mürafiәyә düşdü. İki dәfә hakim dәyişildi. Hәr biri irsdәn öz yağlı payını әlә keçirib kәnara çәkildi. Vәrәsәlәr yenә dә çәkiş-bәrkişdә idilәr. Gah bunu tutub dama basırdılar, gah o birini. Bәzәn dә bir-ikisi bәstdә otururdu. Hakimlәr o şәxsin irsindәn vәrәsәlәrdәn daha çox pay apardılar. Axırda vәrәsәlәrә cüzi bir şey qaldı. Onlardan ikisi şüursuz idi. Әllәrinә keçәn irsi qumara qoydular. İndi heç bir şeylәri yoxdur. Baş götürüb Hәştәrxana qaçdılar, arvad-uşaqları burada ac qalıblar. Hacının o altmış min tümәn sәrvәtindәn bu gün ki, onun vәfatından dörd il keçir, altmış dinar qalmayıbdır.

Qonaqlar çox heyifsilәndilәr. Hey çay-qәlyan idi ki, gәlirdi. Söhbәt dә getdikcә qızışırdı.

Mәclisin yuxarı başında oturan bir şәxs üzünü qonaqlardan birinә tutub-ucadan dedi.

“Cәnab Şәmsüşşüәra, tәzәlikdә bir şey qәlәmә almısınızmı?”

Haman şәxs xüsusi bir naz-qәmzә ilә dedi:

“Bәli, әmirzadә hәzrәtlәrinә bir şey yazmışam, sabah cümәdir, aparıb hüzurunda oxuyacağam.”

Әlini qoltuq cibinә salıb, bir kağız çıxartdı, әtrafa göz gәzdirib, hamının diqqәtlә onu dinlәmәsini yәqin etdikdәn sonra şerini oxudu. Dinlәyәnlәr isә hәr bir beytin axırında "әhsәn!", "bәrәkallah!" idi ki, dövrәdәn yağdırırdılar. Onlardan biri dedi:

“Afәrin sizin incә xәyalınıza! Bәh-bәh, nә gözәl şer yaratmısınız.” -- Sonra üzünü mәnә tutub: -- “Necәdi, Mәşәdi?” -- deyә soruşdu. Dedim:

“Mәnim belә şeylәrdәn başım çıxmır.”

“Necә yәni başım çıxmır? Bu sözlәr başdan ayağa ruhdur!”

“Heç bir ruhu yoxdur,” -- dedim. -- “Bu üslub çoxdandır ki, köhnәlibdir. Bu günün tәlәblәri bu mәdhlәrdә bir ruh qoymayıb qalsın. Dünyanın heç bir yerindә bu kimi yalan sözlәrin mininә bir qara pul da vermirlәr. Ancaq bu ölkәdә onların müştәrisi var. Onun da sәbәbi işsizlik, arsızlıq, elmsizlik vә qәflәtdir. Xüsusi bir alçaqlıq lazımdır ki, adam bilә-bilә zalimә adil deyә, cahilә alim sifәti verә, xәsisi sәxavәtli tәqdim edib tәriflәyә. Hәlә bununla da kifayәtlәnmәyib mәnasız yalanlar uydurduğuna görә özünü öyә. Daha zaman o zaman deyil ki, ağıllı bir adam yalan sözlәrә uysun. Lәyaqәtsiz adamlara mәdh yazan şairin işi dә kafın kәşidәsini vә ya nunun dairәsini gözәl çәkәn xәttatın işi kimi daha indi fәzilәt hesab olunmur. Sәn mәtlәbi düzgün yaz, qoy kafın kәşidәsi lap әyri olsun, ürәyini sıxma, bütün münsiflәr deyәcәklәr ki, doğrudur. Bu gün ilan kimi burulan zülfün, sünbül kimi kәkilin bazarı kasaddır. Daha incә beli tükә oxşatmaq heç kәsin tükünü belә tәrpәtmir. Qaşın kamanı sınmış, ahu gözlәr dә bu kamanın tәhlükәsindәn xilas olmuşdur. Dodağın xalı әvәzinә daş kömürdәn danışmaq lazımdır. Sәrv vә şümşad qamәtlilәr barәsindә söhbәti qısalatmaq, Mazandaran meşәlәrinin girdәkan vә şam ağaclarından danışmaq lazımdır. Gümüşbәdәnlilәrin әtәyini burax, әlini gümüş vә dәmir mәdәnlәrinin sinәsi üzәrinә qoy, eyş-işrәt büsatını yığışdırıb, vәtәn xalçası dәzgahını işә sal. Bu gün gülüstan bülbülünün cәh-cәhi yox, dәmir yol fiti eşitmәk vaxtıdır. Ağlı zay edәn badә qoy hәyasız saqinin özündә qalsın, vәtәnin tiryәk ticarәtini genişlәndir. Şam vә pәrvanә hekayәsi köhnәldi. Mum-şam karxanasından danış! Şәkәr lәblәrin söhbәtini dәrdli aşiqlәrin öhdәsinә burax. Sәn şәkәr çuğundurunun mahnısını bәstәlә!

Әlqәrәz, gәlәcәk nәslin әxlaqını pozan bu kimi söhbәtlәri tulla getsin. Vәtәn sevgisi, vәtәnin sәrvәti, vәtәnin abadlığı haqqında bir nәğmә qoş! Axı belә şairlikdәn sizin dünya vә axirәtiniz üçün nә kimi bir fayda ola bilәr? Vәtәnimiz bu mürüvvәtsiz hakimlәrin zülmündәn elә xarab olmamışdır ki, onun abadlığını tәsәvvür etmәk bir daha mümkün olsun. Sizin sәdaqәtdә hәzrәt Yusifә, şan-şöhrәtdә hәzrәt Süleymana oxşatdığınız bu zalım Әmirzadә tәrbiyәsiz bir qәddardır. Bu gün bazarda Yusif peyğәmbәrә tay tutduğunuz o zalımın anasının nikbәtindәn mәnim yanımda әylәşәn bu biçarә Yusifin başına oyun qalmadı ki, açmamış olsunlar. Çomaq, yumruq, sillә, tәpik ... әllәrindәn hәr nә gәldisә әsirgәmәdilәr. Bir adam da tapılmadı ki, bunun halına yansın, yaxud onun nә günahın sahibi olduğunu soruşsun. Öldürsәydilәr dә bir adam onun sәbәbini soruşmazdı. Allah gözü insana görmәk üçün bәxş etmişdir. Gәrәk o xanım üzünü örtülü saxlasın. Bir ovuc atasından xәbәrsizin әlinә ağac verib xalqın canına salmasın. Hәr yoldan keçәnә demәsinlәr "kor ol!", "gözlәrini yum!", "üzünü divara çevir!"... Axı bunun nә mәnası var? Mәgәr bu da müsәlmançılığdandır? Әgәr sәn şairsәn, hәrgah sәnin şerin hikmәtindәn xәbәrin varsa, bizim hal-hazırkı әhvalımı şerә çәkib şәhәrdә yay. Qoy xalq bilsin ki, İranda nә xәbәrdir. Sәn şairsәnsә hәmvәtәnlәrinә öz bәşәri hüquqlarını başa sal, qoy bu bir ovuc alçağın tәcavüzlәri müqabilindә onlar daha dözmәsinlәr. Bütün millәtlәr bilir ki, iranlılar vaxtilә yer üzünün birinci mәdәni xalqlarından idilәr. Onlar başqa millәtlәrdәn daha artıq şәrәf vә iftixarla yaşayırdılar. Bәs indi necә oldu ki, bütün xalqların içәrisindә vәhşi hesab olunur? Әcnәbilәr ona alçaq nәzәrlә baxırlar. Mәn özüm iranlıyam. Beş aydır ki, vәtәnimi görmәk, onu ziyarәt etmәk әzmilә bu bәdbәxt ölkәyә gәlmişәm. Hәr gün, hәr tәrәfdә, hәr bir idarәdә, onun hәr bir şöbәsindә o qәdәr haqsızlığa rast gәlmişәm ki, ürәyim bir tikә qan olub, yemәkdәn, yatmaqdan, istirahәtdәn, әylәnmәkdәn qalmışam. Ancaq sizin bütün bunlardan xәbәriniz yoxdur. Tәәssüflәr olsun ki, sizin damarlarınızdakı qan soyuyub donmuş, insan hissiyyatından mәhrumsunuz....”

Tәәssüratımın şiddәtindәn boğazım elә tıxandı ki, az qaldı boğulam. Әlacsızlıqdan sözümü kәsib sakit dayandım.

Mәclisdәkilәr mat, mәbhut qalıb mәnim üzümә heyran-heyran baxırdılar. Az sonra özlәrini әlә aldılar. Bu mәsәlәlәrdәn tamamilә uzaq olduqlarına görә yenә dә Şәmsüşşüәranı tәriflәmәyә başladılar. Qonaqlardan biri dedi:

“Mәşәdi, daş kömür, ya mәdәn kömürü nәyimizә gәrәkdir? Biz hamımız odun yandırırıq, kömürümüz dә var. Şәmsüşşüәranın bu gözәl fikirlәrinin mәziyyәtlәrini dә hamılıqca bilirik. Әgәr siz qanmadınız daha bizim günahımız nәdir?”

Mәsәlәnin başqa şәkil aldığını gördüm. Onlar mәni cahil hesab etmәk, avam yerinә qoymaq xәyalında idilәr. Daha çarә yox idi. İndi bunlarla başqa cür davranmaq lazım idi. Dedim:

“Ağa, gecә uzundur, söhbәtimiz dә şirin. İzin versәniz sizә bir mәsәl әrz elәrәm.”

“Buyurun, nә eybi var,” -- dedi.

Dedim:

“Günlәrin birindә әfqan alimlәrindәn biri Herat mәdrәsәlәrindәn birindә tәlәbәlәrә dәrs verirdi. Hamınızın tanıdığınız Mehdi bәy Şәqaqinin dә qәzadan haman dәrs mәclisinә yolu düşür. Tam etinasızlıqla keçib müdәrrisin mәsnәdinin yanında әylәşir. Müdәrris onun div heykәlini, kәndli paltarını görüb diksinir, fikri dağılır, ancaq bir söz demir.”

Dәrsini qurtarandan sonra üzünü Mehdi bәyә tutub deyir:

“Dediyim dәrsi sәn dә qandınmı?”

Mehdi bәy gülümsәyib deyir:

“Bәli, mәn dә anladım.”

“Dәrs nә barәdә idi?” -- deyә müdәrris soruşur.

“Dәrs idi dә....” -- deyә Mehdi bәy cavab verir.

“Necә yәni "dәrs idi dә...." Axı dәrs nәdәn idi?”

“Eyham vә kinayәdәn idi.”

Doğrudan da, dәrs bu iki mәsәlә barәsindә imiş. Müdәrris bununla da kifayәtlәnmәyәrәk deyir:

“Dәrsin eyham vә kinayәdәn olmasına söz yox, doğrudur. Ancaq bu ona dәlil ola bilmәz ki, sәn eyhamın mәnasını anlamısan. Әgәr bilirsәn, bismillah, buyur görәk.”

Mehdi bәy mәnalı-mәnalı müdәrrisi başdan-ayağa süzüb deyir:

“Kinayәni bir misalla demәk mәncә daha yaxşı olar. Mәsәlәn, mәnim bir nökәrim var, adı Mübarәkdir. Sizin dә bir nökәriniz var, onun da adı Mübarәkdir. Bu iki mübarәk bir-biri ilә dalaşır. Mәnim nökәrim Mübarәk sәnin Mübarәkini vurur yerә vә mübarәk başına....”

Әlbәttә, bu mәsәlәdәn sonra müәllimin necә bir hala düşmәsi aydındır. İndi mәn dә sizә әrz etmәliyәm ki, mәnim mübarәk fikrim sizin Şәmsüşşüәranın mübarәk fikrini murdarladı. Mәnim әzizim, zülm vәtәnimizi yıxıb ayaqlar altına salmış, siz isә cәhalәtin şiddәtindәn nә onu görür, nә dә onu dәf etmәk fikrindәsiniz. Sizin elminiz vә fәzilәtiniz yalnız bundan ibarәtdir ki, bir-iki tәmtәraqlı sözü quyruq-quyruğa bağlayıb, bir ovuc әn alçaq, hamıdan rәzil adamlara yalançı mәdhlәr söylәyәsiniz. Bu yalanları toxuyanın adını da Mәliküşşüәra, Şәmsüşşüәra qoyub, mәclisin yuxarı başında әylәşdirirsiniz. Onunla danışanda hәr sözbaşı mübarәk başına and içirsiniz, özünüzü onun nökәri adlandırırsınız. Sizin bu rәftarınız, yaltaqlığınız onu tamamilә özündәn müştәbeh salır. Yazıq elә düşünür ki, doğrudan da yer üzünün әn bilikli adamıdır. Halbuki mәmuli elm vә fәnlәr haqqında heç bir mәktәbli uşaqla da mübahisәyә girә bilmәz. Onun yeganә fәzilәti varsa, o da yalan toxumaq vә әhvalat uydurmaqdan ibarәtdir.

Mәn bilirdim ki, ev sahibi Şamsüşşüәradan utanır. Mәclisdәkilәrdәn ancaq bir-iki nәfәri mәnә tәmayül göstәrirdilәr. Ancaq qalanlarının hamısı mәni bu dәqiqә öldürüb tikә-tikә doğramaq istәyirdilәr. Onlardan biri dedi:

“Baba, bunlarla işiniz olmasın, türkdürlәr. Bunlar sadәlövh vә tәrbiyәsiz olurlar.”

O biri dedi:

““Qonağın kafәr olsa da ona hörmәt elә” buyurmuşlar.”

Şam gәtirdilәr. Yedik. Qәhvә içib qәlyan çәkdikdәn sonra mәclis dağıldı. Ev sahibinin nökәri fanar tutub bizi mәnzilә çatdırdı.

Әvvәlcә qәrara gәlmişdim ki, Qәzvindә üç gün qalam. Amma Yusif әminin başına gәlәn hadisәdәn sonra daha orada qalmaq niyyәtindәn vaz keçdim. Yusif әmiyә söz verdiyim kimi, sabahı gün sәhәr tezdәn gedib çarvadar gәtirdim. Şeylәri yüklәyib Qәzvindәn çıxmağa hazırlaşdıq. Carvadarın adı İbrahim idi. Özü dә Zәncanlı idi. Lazım olan xam-xırdı alıb, axşamüstü yük-yapla mәnzildәn çıxdıq. Şәhәrin kәnarında karvanın dayandığı yerdә gecәlәdik ki, sәhәr oradan Әrdәbil şәhәrinә tәrәf yola düşәk.

davamı
XS
SM
MD
LG