Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

«Maqsud İbrahimbəyovu məhkəməyə verəcəyəm»


Sabir Hüseynov: «Elmar ölsə də, atası sağdır, onun cavabını mən verəcəyəm»
Sabir Hüseynov: «Elmar ölsə də, atası sağdır, onun cavabını mən verəcəyəm»

Yazıçı və deputat Maqsud İbrahimbəyov iddia edir ki, guya Elmar Hüseynov qətlə yetirilən gün ABŞ-da ictimai fondların topladığı və məbləği 6 rəqəmlə ölçülən pul Elmarda olub və pulun olduğu göy rəngli idman çantası izsiz-soraqsız yoxa çıxıb. «Yeni Müsavat»a müsahibə verən mərhum jurnalistin atası Sabir Hüseynovsa yazıçının iddiasının yalan olduğunu bildirir.


«Ayıbdı vallah. Adamın 90 yaşı var, heç bilmir sağı hardadır, solu harda. Amma ölən adamla intriqa aparır, onun ruhunu incidir, şər-böhtan yazır. Elmarın sağlığında da onların intriqaları olmuşdu. Amma bu səviyyəyə çatmırdı. İndi bilir ki, Elmar sağ deyil və onun layiqli cavabını verməyəcək. Ona görə də ağzına gələni danışır».


«-Elmarın ölümündən sonra Maqsud İbrahimbəyovun onunla bağlı şər-böhtan, təhqir dolu bir kitabı da çıxmışdı. Bu məsələni necə çözməyi düşünürsünüz?


- Hökmən bu məsələni çözəcəyəm. Onun telefonunu tapıb öncə görüşməyə çalışacağam. Qoy şahidlərini, sübutlarını ortaya qoysun, bir məqalə yazsın. Yox, əgər sübutu yoxdursa, onda təkzib verib, üzr istəsin. Əks halda, onu məhkəməyə verəcəyəm. Lazım olsa, sözümü Avropa Məhkəməsində də deyəcəm.


Hamı bilir ki, Elmarın qətlinin ilkin istintaqına ABŞ-dan, Türkiyədən xəfiyyələr gəlmişdi. Necə oldu ki, Maqsudun «tapıb üzə çıxardığı» məsələni o cür peşəkar agentlər aşkarlaya bilmədilər? Amerikada hansısa fond Elmara pul göndərsəydi, FBR qətlin səhəri bunu mütləq aşkarlayardı.


Narahat olmasın, Elmar ölsə də, atası sağdır, onun cavabını mən verəcəyəm».


«Ayna» yazır ki, Azərbaycan Qəbələ RLS-in yanacaqla təminatını dayandırdı.


Qəzet bildirir ki, Rəsmi Bakı stansiyaya göndərilən benzin və yanacaq-sürtkü məhsullarının qiymətini artırmaq istəyir.


Azərbaycan hökuməti Rusiyanın Qəbələdəki analitik-informasiya mərkəzi - Qəbələ radiolokasiya stansiyasının neft məhsulları ilə təminatı sahəsində öz üzərinə düşən öhdəliklərdə müəyyən dəyişiklik etmək niyyətindədir. Məlumatlı mənbələrdən «Ayna»ya verilən eksklüziv məlumata görə, Azərbaycan tərəfi sentyabr ayının sonlarında Qəbələ RLS-in təminatı üçün ənənəvi olaraq göndərilən neft məhsullarının - benzin və yanacaq-sürtkü məhsullarının qiymətlərində dəyişiklik etmək niyyətini Rusiyanın Müdafiə Nazirliyinə çatdırıb. Bakı neft məhsullarının yeni qiymətinin müəyyənləşdirilməsi üçün Moskva ilə birgə müzakirələr aparmaq istədiyini bildirib.


«Ekspress» yazır ki, Xəzərin statusu ilə bağlı bəyannamə layihəsinə gələn həftə Tehranda baxılacaq.


«Xəzərin hüquqi statusu ilə bağlı gələcək konvensiya məsələləri üzrə 5 ölkənin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) razılığının əldə olunması üçün nəzərdə tutulmuş Xəzəryanı dövlətlərin bəyannamə layihəsi gələn həftə Tehranda keçiriləcək Xəzər sammitində müzakirə olunacaq». Bu barədə jurnalistlərə RF-nin xarici işlər naziri Sergey Lavrov məlumat verib.


«Beş ölkənin prezidenti tərəfindən bəyannamənin imzalanması status məsələlərinin birdəfəlik həlli istiqamətində atılan mühüm addım olacaq» - deyə Lavrov bildirib. Nazir, həmçinin, qeyd edib ki, qarşıdakı sammitdə Xəzərin statusu ilə bağlı razılaşdırılmamış məsələlər də müzakirə olunacaq. «Biz ümid edirik ki, prezidentlər fikir mübadiləsi yolu ilə qalan məsələlərin tezliklə həll olunması üzrə apardığımız işin gələcək istiqamətini müəyyən edə biləcəklər» - deyə nazir bəyan edib.


Xalq yazıçısı Əkrəm Əylisli Qarabağa getməyə razıdır. «Üç nöqtə» bu barədə yazıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanma perspektivinə toxunan yazıçı qeyd edib ki, o, «müharibə perspektivini yaxşı görmür»: «Mən bir dəfə Milli Məclisdə dedim ki, şərəfsiz sülh ola bilməz. Şərəfsiz müharibələr olur. Məsələ burasındadır ki, bu iki qonşu gec-tez bir-biri ilə birgə yaşayacaq. Bu, nə qədər tez olsa o qədər yaxşıdır. Mən bu barədə danışanda xeyli hücumlara məruz qaldım». Əkrəm Əylislinin sözlərinə görə, torpaqların itirilməsi əslində ölkədə onsuz da az olan kəndli təbəqəsinin itirilməsi deməkdir: «Əgər kəndli məhv olub gedirsə, daha o torpaqları kim əkib becərəcək? O zaman o torpaqlar bizim nəyimizə gərəkdir? Bu məsələ tezliklə həllini tapmalıdır».


Əkrəm Əylisli sovet dövründə Ermənistanla əlaqələrin olmasından da söz açıb. Bildirib ki, o vaxt erməni ziyalıları içərisində Qrant Matevosiyanla yaradıcılıq əlaqələri saxlayıb. «Qrant artıq həyatda yoxdur. Motevosiyanın Azərbaycana sevgisini görmüşəm. Onu hər iki xalqın bir yerdə olmasını ürəkdən arzulayan bir şəxs kimi tanımışam. Biz bir yerdə yaşamalıyıq. Bu bizim iqtisadiyyata da, mənəviyyata da xeyirlidir»,- deyən Ə.Əylislinin sözlərinə görə, hazırda söhbət yalnız ərazi və torpaq üstündə gedir, halbuki insan amili də vacib məsələlərdən biridir.


XS
SM
MD
LG