Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:36

ABŞ anti-Amerika hökumətlərinə təzyiqləri artırır


Fidel Kastro Venesuela prezidenti Huqo Çavezlə söhbət edir, Havana, 29 yanvar 2007
Fidel Kastro Venesuela prezidenti Huqo Çavezlə söhbət edir, Havana, 29 yanvar 2007

Son bir neçə gündə ABŞ administrasiyası anti-Amerika hökumətlərinə qarşı təzyiqləri artıran bir neçə əhəmiyyətli addım atıb.


Oktyabrın 24-də prezidenti Corc Buş dünya dövlətlərinə müraciət edərək onları Kuba xalqını Kastro rejimindən xilas etməyə çağırıb. Buş ABŞ Dövlət Departamentindəki çıxışında deyib: «Kubanın hakim elitası üçün hakimiyyəti əldə saxlamaq xalqın firavanlığından üstündür. Bu hökumətin rəhbərliyi altında kubalıların həyatı yaxşılaşmayacaq. Bu yaxşılaşma bir diktatorun digəri ilə əvəzlənməsi ilə də baş verməyəcək. Biz yeni sifətlərlə köhnə üsuli-idarəni, yeni zəncirlərlə saxlanan köhnə sistemi müdafiə etməyəcəyik».


Səhhətində ciddi problemləri olan Fidel Kastronun zəifləməsi ölkədə yeni siyasi vəziyyət yaradıb və ABŞ prezidenti dünyanı Kastrosuz Kubaya hazırlaşmağa çağırıb. Kuba dissidentlərinin və siyasi məhbusların ailə üzvlərinin də iştirak etdiyi tədbirdə prezident Buş Kubadakı demokratik mübarizənin əsas yükünün Kuba xalqının üzərində olduğunu vurğulayıb və üzünü Kubanın təhlükəsizlik orqanları nümayəndələrinə tutaraq deyib: «Kubalılar öz layiq olduqları azadlıqlarını müdafiə etməyə qalxanda siz seçim etməli olacaqsınız: Siz biabır olmuş və ölməkdə olan rejimi müdafiə etmək üçün öz xalqınıza qarşı qüvvə tətbiq edəcəksiniz, yoxsa öz xalqınızın dəyişiklik arzusuna şərik olacaqsınız?»


Kuba hökuməti bu çıxışa dərhal reaksiya verərək ABŞ-ı Kubaya qarşı aqressiv niyyətlərdə və nifrət etməkdə ittiham etmişdir.


«Vaşinqton Post» və «Nyu-York Times» qəzetlərinin yazdığına görə ABŞ ümid edir ki, Rusiya və Çindən fərqli olaraq ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri oxşar birtərəfli sanksiyalar tətbiq etməklə İrana təzyiqi artıracaqlar

Digər bir qərarla ABŞ administrasiyası İrana qarşı presedenti olmayan birtərəfli sanksiyalar paketi qəbul edib. Oktyabrın 24-də ABŞ dövlət katibi Kondoliza Rays və Xəzinədarlıq katibi Henri Paulsenin birgə təqdim etdikləri paketdə İrana qarşı 1979-cu ildən bəri ən kəskin sanksiyalar elan edilib. Paket ABŞ vətəndaşlarına üç əsas İran bankı ilə işləməyi qadağan edir, ABŞ-ın əlaqədar maliyyə qurumlarını bu bankların və onların filiallarının maliyyəsini dondurmağa təlimatlandırır və digər dünya ölkələrini də eyni addımları atmağa çağırır.


ABŞ administrasiyası 13382 saylı prezident qərarı ilə İran İnqilabi Qvardiya Korpusunu, İran Müdafiə Nazirliyini və İran Silahlı Qüvvələrinin Logistika idarəsini kütləvi qırğın silahlarını əldə etməkdə ittiham edir. Həmin sənədlə İranın iki əsas bankı-«Bank Melli İran» və «Mellat» bankı bu layihələri maliyyələşdirməkdə ittiham edilir. ABŞ administrasiyası həmçinin İranın elitar Qüds korpusunu terroru himayə etməkdə və İranın üçüncü iri bankı «Sədarət» bankını həmin layihələri dəstəkləməkdə ittiham edir.


Bu üç bankın maliyyə əməliyyatlarını dondurmağa qərar verməklə ABŞ fakitiki İran iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. ABŞ dövlət katibi bu qərarı izah edərkən bildirib ki, 125 minlik İran İnqilabi Qvardiya korpusu İranın ən iri silahlı birləşməsidir və bu qüvvə İran iqtisadiyyatı ilə elə sıx əlaqədədir ki, bunlardan birinə zərbə vurmadan digərini hədəfə almaq qeyri-mümkündür.


İranın 15 minlik Qüds elitar korpusu xeyli müddət idi ki, Yaxın Şərqdə Hizbullah, Həməs, İslami Cihada ciddi dəstək verməklə ABŞ-ı qıcıqlandırırdı və İraqda ABŞ əsgərlərinin ölümünə bais olan bir nömrəli anti-Amerika silahlı qüvvəsi kimi diqqəti çəkirdi. «Vaşinqton Post» qəzeti 25 Oktyabr saylı nəşrində İraqdakı Amerika hərbi qüvvələrinin komandanı general Devid Petreusdan sitat gətirərək yazır ki, «Qüds qüvvələri İraqdakı siyasətə nəzarət edir və bu barədə heç bir fikir çaşqınlığı olmamalıdır».


ABŞ-ın birtərəfli sanksiyaları eyni sanksiyaların BMT Təhlükəsizlik Şurasında qəbulunun Rusiya və Çin tərəfindən əngəlləndiyi dövrə təsadüf edir. «Vaşinqton Post» və «Nyu-York Times» qəzetlərinin yazdığına görə ABŞ ümid edir ki, Rusiya və Çindən fərqli olaraq ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri oxşar birtərəfli sanksiyalar tətbiq etməklə İrana təzyiqi artıracaqlar.


«Vaşinqton Post» Kondoliza Raysdan sitat gətirərək yazır: «Əgər bu məsələ diplomatik yolla həll edilməlidirsə, onda beynəlxalq ictimaiyyət xeyli dərəcədə sərt olmalıdır».


XS
SM
MD
LG