Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:04

Çörəyi daşdan çıxanlar…


«Bura qatır gəlsə dırnaq, quş gəlsə qanad salar…»
«Bura qatır gəlsə dırnaq, quş gəlsə qanad salar…»

Bakıdan Güzdəyə qədər asfalt yol olsa da, sonra gediş-gəliş çətinləşir. Güzdək kəndindən karxanalara aparan çalın-çarpaz yollarda yalnız böyük yük maşınları ilə hərəkət etmək mümkündür. Əgər bu yolları minik avtomobili ilə qət etmək qərarına gəlsən, gərək onda düşünməyəsən ki, maşının altı tez-tez yerə dəyib zədələnəcək. Güzdəkdəki daş karxanaları və ora aparan yollar Azərbaycanın xalq nağıllarında tez-tez işlədilən bir məşhur deyimi yada salır: «Bura qatır gəlsə dırnaq, quş gəlsə qanad salar…»


Əslində, karxanaların yollarından yük maşınlarının sürücüləri də şikayətlənir. Onlar deyirlər ki, bəzən bütün qazanclarını maşının təmirinə verirlər. Ancaq görünür, bəzən insan texnikadan da dözümlü olur. Hər halda karxanalarda 10 il, 15 il çalışan insanlara rəst gəlmək olar. Əksəriyyəti də rayonlardan gələnlərdir:



- Hamısı rayonlardan gələnlərdir. Burada şəhər adamı yoxdur. Şamaxıdan, Cəlilabaddan, Masallıdan gəliblər. Tez-tez də zəhərlənirlər. Çünki gəlib həftəylə qalırlar. Yeməkləri keyfiyyətli olmur…

Respublika Əmək Müfəttişliyi Bakı ətrafı daş karxanalarında monitorinqlər aparıb. Monitorinqin nəticələrinə görə, karxanalarda çalışanların əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb. Müfəttişlikdən bildirirlər ki, belə hallar üzə çıxdıqca onlar karxana rəhbərliklərinə xəbərdarlıqlar edirlər. Xəbərdarlıqlara əməl etməyən karxanalar isə cərimə edilir. Ancaq problem heç də yalnız karxanalarda işin rəsmən əmək qanunvericiliyinin tələblərinə cavab verməməsində deyil. Karxanalardakı fəhlələr çox cüzi əməkhaqqına çalışırlar. Bəzən gün ərzində hətta 15-20 maşına daş yükləsələr də, qazancları bir o qədər də yüksək olmur. Ancaq belə bir iş rejimində çalışmağı onlar ən uğurlu günlər adlandırırlar. Çünki bəzən karxanalarda işıqlar söndüyündən işsiz qalırlar. İşsiz qalmaq isə evə əliboş qayıtmaq deməkdir. Baş çəkdiyim karxanaların birində də elə işıqlar sönmüşdü. Fəhlələr gündüz olmasına baxmayaraq, adətən gecələr dincəldikləri dəmir vaqondakı dəmir çarpayılara elə tozlu paltarlardaca uzanıb işıqların yanmasını gözləyirdilər:



- İşıqlar sönüb gözləyirik. Elə indicə işdən qayıtmışıq.

- Bir maşını neçəyə yükləyirsiniz?


- 4 manata. 4 nəfər işləyirik, adama 1 manat düşür. İş olanda günə 20 maşın daş yükləyirik. Daşın altından çıxarırıq pulu…


Onlar beş nəfərdi. Beşi də Neftçala rayonundan gəliblər. Vaqonda isə cəmi dörd dəmir çarpayı var. Demələrinə görə, gecələr növbə ilə istirahət edirlər. Adətən bir həftə işləyib, sonra evlərinə dönürlər. Onlar olmadığı müddətdə isə bu vaqonda başqaları gecələyir:


- Bu gün işləmirsiniz, deməli, qazancınız olmayacaq?
- Bəli?


- Bəs onda nə yeyirsiniz, nə içirsiniz?


- Gələndə özümüzlə rayondan ərzaq alırıq. Hardasa 60 manatlıq. Həftə ərzində işləsək, evə təqribən 100 manat aparmaq olur…



Fəhlələrin deməsinə görə, rayonda əkin-biçinlə məşğul olmaq onlara sərf etmir. Ona görə də iş dalıyca Bakıya gəlib daş karxanalarında çalışırlar. Əslində, bu karxanalarda da qazancları elə də böyük olmur. Ancaq rayonda işsizlikdən borca düşdüklərindən məcburiyyət üzündən karxanalara üz tutmalı olurlar:

- Allah haqqı keçən həftə unun kisəsini 24 manata almışam. Borc içində üzürük. 300 manatdan çox borcum var. Hamısı işsizlikdən, yemək-içməkdən yaranıb.


- Mənim borcum daha çoxdur. Sələminə götürmüşəm. Xəstəm var idi…


Bakı ətrafı kəndlərdə yüzlərlə belə daş karxanaları var. Hamısında da vəziyyət təqribən eynidir. Yerli mediada gedən yazılara görə, bu karxanaları ayrı-ayrı vəzifəli şəxslər himayə edir. Elə ona görə də bu karxanalarda borc içində üzən adamların əmək müqaviləsi olmadan ağır şərtlər altında işləməsinin qarşısı alınmır. Qarşıdan isə qış gəlir. Fəhlələr deyirlər ki, qar-yağış karxanalara özü ilə yeni-yeni çətinliklər gətirir. Biz Güzdəkdəki daş karxanalarında olanda sərt külək əsirdi. Küləyin qaldırdığı toz göyün üzünü tamam görünməz etmişdi…


XS
SM
MD
LG