Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:49

Qorxulu nağıllar…


Nadir Ağabalayev: «Sərxoş polislər məni dövrəyə almışdılar...»
Nadir Ağabalayev: «Sərxoş polislər məni dövrəyə almışdılar...»

İşgəncə haqqında Azərbaycan məhkəmələrində 11 il əvvəl danışmağa başladılar. Bəlkə o vaxta qədər də kimsə məhkəmədə işgəncədən danışmışdı. Ancaq ilk dəfə bu dəhşətli ifadələr 1996-cı ildən eşidilməyə başladı. Çünki həmin məhkəmələrdə jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirdi və cəmiyyət söylənənlərdən xəbər tuturdu.


...1995-ci ilin mart hadisələrində günahlandırılan Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olmuş bu gənclərin məhkəmədə nəql etdikləri qorxulu nağıllara oxşayırdı. Ancaq onlar deyirdilər ki, nağıldan yox, gerçəklikdən danışırlar. Onlara işgəncə verən adamların, işgəncə gördükləri yerlərin adlarını çəkirdilər, işgəncə üsullarını təsvir edirdilər. Bakı Şəhər Baş Polis İdarəsinin 4-cü mərtəbəsində, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qaranlıq otaqlarında necə başıaşağı salınıb maskalı adamların ayaqlarının altına taxta parçalarıyla, dəyənəklə vurmalarından, 10-15 nəfərin adamı özündən gedənə qədər döymələrindən, tələb olunan ifadələrə qol çəkməyəcəkləri halda, ailələrinin qadın üzvlərini zorlayacaqlarıyla hədələnmələrindən danışırdılar...


Hakimlər onların danışdıqlarını cəfəngiyyat adlandırırdılar, hökmlərində yazırdılar ki, bu ifadələr müttəhimlərin özlərini müdafiə üçün dediklərindən başqa bir şey deyil. Həmin gənclərin danışdıqları beynəlxalq və o vaxt təzə-təzə yaranan yerli hüquq müdafiə təşkilatlarının hesabatlarına salınırdı. Hesabatların səhifələrindən 20-30 yaşlı bu gənclərin ağrılı hekayələri boylanırdı. Onların arasında elələri vardı ki, hüquq müdafiəçilərinə məhz onlara işgəncə veriləndən sonra məktub yazırdılar.


İndi keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin çoxu həbsdən çıxıb və çoxu da xaricdə mühacir kimi yaşayır.


Azərbaycan 1996-cı ildə BMT-nin İşgəncələr Əleyhinə Beynəlxalq Konvensiyasına, 2002-ci ildə isə Avropa Şurasının İşgəncələr Əleyhinə Konvensiyalarına qoşulub. Bununla da üzərinə işgəncələrlə bağlı şikayətləri araşdıracağı, işgəncə verənləri cəzalandıracağı haqqında öhdəlik götürüb. Azərbaycan qanunvericiliyi işgəncəni və hər cür zorakılığı yolverilməz sayır.


ABŞ Dövlət Departamentinin insan haqlarıyla bağlı sonuncu illik hesabatında isə keçən il polis bölmələrində və cəzaçəkmə yerlərində işgəncəylə baglı ən azı 3 ölüm hadisəsinin qeydə alındığı xüsusi vurğulanır.


«İşgəncə insana çox güclü ruhi və fiziki iztirabların yetirilməsidir»


Bəs işgəncə nədir, hansı hərəkətlər beynəlxalq hüquqda işgəncə sayılır?


Hüquqşünas İntiqam Əliyev: «Avropa Məhkəməsi qərarlarında işgəncəyə belə tərif verib; işgəncə insana çox güclü ruhi və fiziki iztirabların yetirilməsidir».


Əliyev bir müddətdir ki, işgəncə faktlarıyla bağlı araşdırmalar aparır, bu sahədə beynəlxalq təcrübəni öyrənir: «Şəxsin barmaqlarının qapı arasına qoyulub sıxılması da işgəncə ola bilər. Məsələn, Sərdar Cəlaloğlunun işiylə baglı Avropa Məhkəməsi dedi ki, onun falaqqalanması işgəncədir. Onun ayaqlarının altına dəyənəklə vurublar, ayaqları şişib. Şəxsin uzun müddət susuz saxlanması, yaxud yaxınlarının öldürülməsiylə qorxudulması da işgəncənin formalarıdır. Başqa qeyri-insani və insan ləyaqətini alçaldan rəftardan işgəncənin fərqi odur ki, işgəncədə işgəncə tətbiq edən adamın niyyəti, məqsədi olur».


«Hərəsi bir ayağımı qoltuqlarına götürüb başladılar «dubinka»yla vurmağa»


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 2003-cü ilin prezident seçkisindən sonra həmin ilin oktyabrın 19-da həbs olunmuşdu.


Sərdar Cəlaloğlu: «Avropa Məhkəməsinin qərarında da göstərilib ki, pəncələrimi və baldırlarımı sıradan çıxarıblar. Buna qədimlərdə falaqqa üsulu deyirdilər. Bu üsulla mənə işgəncə veriblər».


Cəlaloğlu danışır ki, həbs olunan gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona dörd saat işgəncə veriblər. Bu hadisə 2003-cü ildə, Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş üzvlərinin onlara verilən işgəncələrlə bağlı danışdıqları vaxtdan yeddi il sonra baş verib. Hansı ki, bu müddətdə hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycanda işgəncə olması haqqında deyilənləri birağızdan təkzib edirdilər. Sərdar Cəlaloğlu ona verilən işgəncələr haqqında bunları danışır: «Əllərimi arxamda qandallayıb stulda oturtmuşdular. Dindirmə gedirdi. Suallara cavab verməkdən imtina edəndə, arxadan üzü maskalı, hərbi formada olan iki nəfər məni stuldan sürüyüb yerə yıxdı. Hərəsi bir ayağımı qoltuqlarına götürüb, öz ayaqlarını budlarımın üstünə qoyub başladılar «dubinka»yla ayaqlarımın altına vurmağa. Onsuz da müqavimət göstərə bilmirdim. Ayaqlarımın altı həddən artıq ağrıyanda çəkmək istədim, onda da baldırlarıma zərbələr vururdular...»


Cəlaloğlunun dedikləri Avropa İnsan Haqları Məhkəməsinin qərarında təsdiqini tapsa da, Azərbaycanın heç bir məhkəmə instansiyası deyilənləri qəbul etmədi. 2003-cü ilin 15-16 oktyabr hadisələriylə bağlı keçirilmiş məhkəmədə ATƏT-in müşahidəçisi olmuş Müzəffər Baxışov deyir ki, əslində, həmin məhkəmələrdə müttəhimlərə işgəncələr verildiyi sübut olunmuşdu: «Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu proseslərə baxılarkən tam sübuta yetirildi ki, doğrudan da Sərdar Cəlaloğluna, İbrahim İbrahimliyə və digər təqsirləndirilən şəxslərə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələr verilib. Ancaq təəssüf ki, məhkəmə sübutlara düzgün qiymət vermədi. Əfsuslar ki, bu, Azərbaycan reallığıdır».


2003-cü ilin 15-16 oktyabr hadisələrində polisin mitinqçilərə qarşı törətdiyi zorakılıqlar, həmin aksiyalarda iştirak etmiş adamlara qarşı həbs olunandan sonra işgəncələr verilməsi «Human Rights Watch» da daxil olmaqla bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında və bəyanatlarında yer aldı.


…Denis Bribosia Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsidir. Onun təmsil etdiyi təşkilatın fəaliyyəti üç meyar əsasında qurulub: Demokratiya, insan haqları və qanunun aliliyi: «Bu üç meyar bütövlükdə cəmiyyətin formalaşdırılmasına təsirini göstərir. Bu, Avropa İnsan Hüquqları Konvensiyası əsasında insan hüquqlarının müdafiə olunmasından başlanır. Eyni zamanda, İşgəncələrə Qarşı Avropa Konvensiyasına əsasən bu iş həyata keçirilir. Bütün bu konvensiyaların icrasına monitorinq mexanizmi var. Biz daima həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti qruplarıyla, müxtəlif təşkilatlarla sıx əlaqədə işləyirik ki, bu konvensiyaların Azərbaycanda tam şəkildə tətbiq olunmasına nail olunsun».


Azərbaycanda işgəncələr haqqında danışanda, beynəlxalq təşkilatların nümayəndələrinin ilk vurğuladıqları ölkədəki işgəncələrin vəziyyətiylə bağlı narahatlıqdır. «Azərbaycan hökuməti işgəncələr əleyhinə ölçü götürməsə, bu, beynəlxalq aləmdə çox pis bir işarə kimi qəbul olunacaq». Bunu İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilatın proqram meneceri Mariana Bastos Duarte deyib. Onun sözlərinə görə, Azərbaycanda qanunvericilik var, amma vətəndaşlara işgəncə verdiyinə görə cəzalandırılanların sayı çox deyil:

Sərdar Cəlaloğlunun işiylə baglı Avropa Məhkəməsi dedi ki, onun falaqqalanması işgəncədir
«Cinayət adətən cəzasız qalır. Bu cür cəzasızlığa görə, zərərçəkənlərin, işgəncəylə üzləşmiş insanların təzminat almaq imkanları da məhduddur».


«İşgəncəyə məruz qalan 50 nəfərdən 3-ü ölüb»


Elçin Behbudov Azərbaycanda işgəncələr əleyhinə mübarizə aparan yerli təşkilatın rəhbəridir. O, İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilatla və Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsiylə sıx əlaqədə işləyir. Behbudovun ölkədəki işgəncələrin vəziyyətiylə bağlı bu il üçün hazırladığı hesabatı dekabrın sonu, yanvarın əvvəlində hazır olacaq və beynəlxalq təşkilatlara, yerli hökumət nümayəndələrinə göndəriləcək. O, deyir ki, hesabatın yekununa iki ay qalmış üç nəfərin işgəncədən ölməsi, onlarla adamın işgəncədən əziyyət çəkməsi çox pis göstəricidir: «Azərbaycanda dəhşətli işgəncə faktları mövcuddur. Özündə kifayət qədər cəsarət tapanlar gəlib bizə yazılı şəkildə müraciət edirlər. 3 nəfər güc strukturlarında işgəncə nəticəsində ölüb. İşgəncələr ibtidai istintaq vaxtı, polis şöbələrində, bölmələrində ilkin ifadə alınan zaman verilir...»


Elçin Behbudovun sözlərinə görə, əvvəlki illərdə işgəncədən ölənlərin sayı indikindən çox olub.


«Sərxoş polislər baş nayihəmə zərbələr endirirdilər»


Sərdar Cəlaloğlundan fərqli olaraq Nadir Ağabalayev siyasətlə məşğul olmur. Siyasi motivlə tutulmayıb. İttiham olunduğu maddə ölüm işiylə bağlı olub. O da ilkin istintaq vaxtı polis şöbəsində işgəncə görənlərdəndir. Deyir ki, gözləriylə görməsəydi, 21-ci əsrdə polis şöbəsində bu cür işgəncə verilməsini ağlından da keçirməzdi: «Sərxoş polislər məni dövrəyə almışdılar, gözləmədiyim istiqamətlərdən baş nayihəmə zərbələr endirirdilər. Dəyənəklə ayaqlarıma, ayaqlarımın altına vururdular. Ondan sonra məni ayağa qaldırdılar. Əlbəttə, dayana bilmirdim, birdən buraxdılar, başım divara dəydi. Sonra sürüyə-sürüyə kameraya atdılar. Döşəməsi metlaxdan olan kamerada gecəni üst paltarsız qaldım, sətəlcəm oldum...»


Nadir Ağabalayev danışır ki, ona işgəncə verəndə törətmədiyi cinayəti boynuna qoymaq üçün hazır ifadələrə qol çəkməsini tələb edirlərmiş. O isə qol çəkmirmiş. Ona işgəncə verilməsi haqqında məhkəmədə şikayət verib, ancaq şikayəti əsassız sayılıb.


Hüquqşünas İntiqam Əliyev isə deyir ki, işgəncə görən şikayəti işgəncədən dərhal sonra versə, sonradan işgəncəni sübut etmək bu qədər çətin olmaz: «Təəssüf ki, bir çox hallarda vətəndaşlar işgəncə faktları barəsində yalnız məhkəmədə məlumat verirlər. Halbuki bu şikayətlər məhkəmə prosesinə qədər verilməlidir. Təəssüf ki, çoxlarının vəkil tutmağa imkanı çatmır, ya da bəzilərinin qanundan xəbəri olmur. Ona görə də bunu vaxtında etmirlər, bu isə ciddi problemlər yaradır. Şikayəti hadisə baş verən kimi, ya da az sonra vermək lazımdır».


Nadir Ağabalayev isə deyir ki, o, şikayət vermək imkanında olmayıb. Ona görə yox ki, hüquqlarından xəbərsizmiş, əksinə, elə hüquqlarını bildiyi üçün tez şikayət vermək istəyirmiş, vəkil tələb edirmiş. Ancaq: «Xahiş edirdim ki, vəkilə ehtiyacım var. Onlar gülüb məni ələ salırdılar».


«Hakimlər işgəncə faktlarının üstündən keçməyə çalışırlar»


Ağabalayev bildirir ki, uzun müddət ittiham olunduğu cinayəti etmədiyiylə baglı mübarizə aparıb, sonda məhkəmə ona bəraət verib. Ancaq ona işgəncə verildiyini məhkəmələrdə sübut edə bilməyib. Hakimlər onun dediklərini əsassız sayıblar.


Yerli məhkəmələr bu cür qərar çıxaranda hüquq-mühafizə orqanları da asanlıqla deyirlər ki, əslində, polis şöbələrində işgəncə olmur, vətəndaş onlara böhtan atır. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov hesab edir ki, işgəncə ola-ola hakimlərin buna göz yumması, məhkəmə hökmlərində işgəncələrin verilməsinin göstərilməməsi ilk növbədə hakimlərin müstəqil olmamasıyla bağlıdır: «Hakimlər müstəqil qərar çıxara bilmirlər. Mən neçə dəfə məhkəmələrdə müşahidəçi qismində olmuşam. Görürəm ki, hakimlər işgəncə faktlarının üstündən keçməyə çalışırlar. Onda da günahsız adam işgəncələrə görə çevrilib olur cinayətkar».


Hüquqşünas İntiqam Əliyevsə deyir ki, məhkəmələrin işgəncə faktlarını sübut etməyi iddia edənin üstünə qoyması işgəncə görmüş adamı çətin vəziyyətə salır: «Azərbaycan məhkəmələri bildirir ki, sübut elə ki, səni doğrudan da döyüblər. Avropa Məhkəməsi isə başqa cür edir. Bu, bütün dünyada belədir. Avropa Məhkəməsi deyir ki, əgər şikayət varsa ki, adam işgəncəyə məruz qalıb, bu halda sübutetmə yükü dövlətin üzərinə düşür. Dövlət ciddi araşdırma aparmalı, deyirsə ki, yox, bu adamı həbsxanada döyməyiblər, bunu faktlarla sübut etməlidir. Azərbaycanda bu faktlar araşdırılmır və sübutetmə yükü də şəxsin üstünə qoyulur».


«İşgəncə faktları gizlədilir, ört-basdır edilir»


İşgəncə verənlərin cəzalandırılmasına gəldikdə, bu, çox nadir hallarda olur. Tək-tək hallarda işgəncə görənin özü və yaxınları fotoşəkillər, tutarlı rəylər toplayanda işgəncəni sübut edə bilirlər. 2006-cı ildə Mingəçevir Şəhər Polis Şöbəsində işgəncə nəticəsində ölmüş adamın işi belələrindəndir. Onda da hüquq müdafiə təşkilatları, mətbuat bu işi gündəlikdə saxladı, geniş araşdırmalar aparıldı və nəticədə polis şöbəsinin dörd zabiti işgəncə verdiklərinə görə həbs olundu. Bu ilin iyulunda isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə işgəncə verdiklərinə görə həmin polisləri 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etdi.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il hansısa polisin işgəncə verməsi faktı qeydə alınmayıb. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə deyir ki, o, şikayətləri sənədləşdirib hüquq-mühafizə orqanlarına göndərir: «Biz bu hesabatları hazırlayırıq. Araşdırmaqsa dövlətin üzərinə düşür. Ancaq çox nöqsanlar var, məsələn, işgəncə faktları gizlədilir, ört-basdır edilir, elə olur ki, müraciətlərimizə düzgün cavablar verilmir».


«Human Rights Watch» təşkilatının icraçı direktoru Kennet Ross da bu yay Bakıda hüquq-mühafizə orqanları rəhbərləriylə görüşündə işgəncə verən polislərin cəzalandırılmasının vacib olduğunu demişdi. Baş prokuror Zakir Qaralovla görüşündən sonra isə bunları bildirmişdi: «Biz işgəncələr haqqında, işgəncənin Azərbaycanda böyük problem olduğu barədə ətraflı söhbət etdik. Baş prokuror məhbuslara işgəncə verildiyinə görə mühakimə olunmuş hüquq-mühafizə orqanları işçilərinin siyahısını xahişimiz əsasında bizə təqdim etdi. Hökumətin işgəncələrə biganə qalmayacağını cəmiyyətə aydın bildirməsi üçün zorakılıq edən polis işçilərinin cəzalandırılması çox vacibdir. İşgəncələrlə bağlı çoxlu məlumat daxil olsa da, məsuliyyətə cəlb olunma hallarının cüzi olduğunu görürük. Yəni hökumətin işgəncə probleminə reaksiyası bu problemin miqyasına adekvat deyil».


«Su istəyirdim vermirdilər, deyirdim ki, ayaqüstə dayana bilmirəm, deyirdilər sənə elə belə lazımdır»


İşgəncə qurbanları daha çox fiziki işgəncələri göstərirlər. Beynəlxalq hüquqa görə, adamın ac saxlanması, ona yemək, dərman verilməməsi də işgəncədir. İki ay əvvəl Xalq Cəbhəsi Partiyasının Naxçıvan şöbəsinin fəallarından olan Ələsgər İsmayılov Sədərəkdə həbs olunanda polis şöbəsində ona bu cür işgəncələr verildiyindən danışır: «Sentyabrın 20-də bir gün axşama kimi mənə işgəncələr verildi. Su istəyirdim vermirdilər, təzyiqim vardı, deyirdim ki, ayaqüstə dayana bilmirəm, deyirdilər sənə elə belə lazımdır».


Ələsgər İsmayılovun hekayəsini indi Azərbaycanda çoxları bilir. Onu polis şöbəsindən ruhi xəstəxanaya göndərdilər. Bir müddət sonrasa oradan buraxdılar.


Hüquq-mühafizə orqanları ölkədə insan hüquqlarının təmin olunmasından necə həvəslə danışırlarsa, işgəncə və zorakılıqların olmasından da o cür həvəssiz danışır, agızucu məlumatlar verirlər.


Mingəçevir Şəhər Polis Şöbəsində işgəncənin nümunələri


Daxili İşlər Nazirliyindənsə ancaq onu bildirdilər ki, belə şikayətlər olanda araşdırılır.


«Azərbaycan polisi alman polislərinə dərs keçəcək...»


İnsan Hüquqları üzrə Ombudsman Aparatında isə işgəncə faktları ilə bağlı müraciətlər üçün «qaynar xətt» fəaliyyət göstərir. İşgəncələrlə bağlı məlumatların necə araşdırılmasını, şikayətlərin daha çox hardan göndərilməsini, nəticələrin necə olmasını öyrənmək üçün «qaynar xətt»in nömrələrinə zəng etdim. Məlum oldu ki, onların nömrəsi - 396 68 86 heç təyin olunmayıb.


İkinci nömrədən - 370 98 96-dan isə dedilər ki, bu haqda ancaq Mətbuat Xidməti rəhbərliyinin icazəsi olandan sonra danışa bilərlər. Bir neçə gün Mətbuat Xidmətinə zəng etsəm, Ombudsman Aparatına getsəm də, səlahiyyətli şəxsi tapa bilmədim ki, bilmədim.


Beynəlxalq təşkilatlar isə polislər üçün təlimlər keçməklə işgəncə və zorakılıqların aradan qaldırılmasına nail olacaqlarına inanırlar.


Söhbət etdiyim bu iki polis Avropa Şurasının təşkil etdiyi təlimlərdə iştirak ediblər:


- Professional olmağa çalışırıq. Avropa Konvensiyasına hələ təzə-təzə uyğunlaşırıq. Çalışırıq ki, insan hüquqlarını qoruyaq;


- Mən belə görürəm ki, biz Avropadan gələnlərdən çox bilirik. Hətta özləri də dedilər ki, Azərbaycan polisi Almaniyaya gəlib bizim polislərə dərs keçəcək...


«Polislər onun başına torba keçirib döyüblər, bədəninə elektrik cərəyanı buraxıblar»


Mən bu araşdırmanı Nadir Ağabalayevin ona verilmiş işgəncələrlə bağlı dövlət orqanlarına neçənci dəfə şikayət yazması və Sərdar Cəlaloğluna verilmiş işgəncə faktının Avropa İnsan Haqları Məhkəməsinin tələbiylə Nəsimi Rayon Məhkəməsində başlanmış araşdırması haqda xəbərlə qurtarmaq istəyirdim. Ancaq İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovdan xəbər gəldi. Behbudov dedi ki, Bayıl həbsxanasında keçirdiyi sonuncu monitorinq zamanı Vahid Məmmədov adlı müttəhimin polis şöbəsində işgəncəyə məruz qalması faktını üzə çıxarıb. Müttəhim Elçin Behbudova deyib ki, bu ilin avqustunda, istintaq vaxtı polislər onun başına torba keçirib döyüblər, bədəninə elektrik cərəyanı buraxıblar. Ayaqlarının altına isə rezin dəyənəklə vurublar. Müttəhim deyib ki, bu üsullarla etmədiyi cinayəti boynuna qoymaq istəyirmişlər. Elçin Behbudov bu şikayəti Daxili İşlər naziri Ramil Usubova göndərib. Ondan araşdırma gözləyir. İndi 2007-ci ildir…


XS
SM
MD
LG