Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:14

«Putin hakimiyyətdə qalmağa məhkumdur…»


Putinin varidatının 35-40 milyard dolları keçdiyi bildirilir
Putinin varidatının 35-40 milyard dolları keçdiyi bildirilir

Dekabrın 12-də Piterson Beynəlxalq İqtisadiyyat İnstitutunun nümayəndəsi Anders Aslund «Vaşinqton Post» qəzetində «Rusiyanın yeni oliqarxiyası. Putin və dostları üçün sual doğuran müqavilələr mənbəyi» başlıqlı məqalə ilə çıxış edib.


Məqalədə müəllif iddia edir ki, Putin bu və ya digər formada hakimiyyətdə qalmağa məhkumdur, çünki prezidentliyi ərzində müxtəlif şirkətlər vasitəsilə topladığı 30-40 milyard dollara yaxın pulu başqa cür qoruya bilməz.


Anders Aslun yazır ki, hələ bir neçə il əvvəl Rusiyanın məşhur jurnalistlərindən biri ondan Putinin varidatının 35-40 milyardı keçib-keçmədiyini soruşmuşdu. Daha sonra müəllif Polşanın «Vprost» jurnalının «Forbs» jurnalına cavab olaraq Şərqi Avropanın ən varlı adamlarının siyahısını dərc etdiyini qeyd edir və bu siyahıda diqqəti heç kimin tanımadığı Gennadi Timçenkonun üzərinə çəkir. Müəllif yazır ki, Timçenko Cenevrədə yaşayan bir kiçik neft alverçisidir və varidatı 20 milyard dollarla ölçülür. Aslund onu da qeyd edir ki, Timçenko əslən Peterburqdandır və Putinlə eyni zonada bağ mülkü var. Müəllif yazır ki, hələ 2004-cü ildə Rusiya siyasətçisi İvan Rıbkin Putini ölkənin ən böyük oliqarxı olmaqda ittiham etmişdi və bildirmişdi ki, Putin bu varidatı üç adamın adı altında saxlayır ki, bunlardan biri də Gennadi Timçenkodur. Rıbkin iddia edirdi ki, bu qruplaşma Yukosu parçalamaqda şəxsi məqsədlər güdüb. Az sonra Rıbkin yoxa çıxmışdı, yenidən peyda olandan sonra isə bir daha bu mövzuya qayıtmadı.



Post-sovet ölkələrində ümumən korrupsiyanın azaldığı bir vaxtda Rusiyada korrupsiya getdikcə güclənir və həm Rusiya, həm də Putin üçün əsas problem odur ki, bu dərəcədə korrupsiyalaşan sistem uzun müddət sabit qala bilməz

Müəllif yazır ki, müsadirəsi 2003-cü ildə başlamış Yukos şirkəti sual doğuran vergi yayınmalarında ittiham olunurdu və onun parçalanmasından iri pay qazananlar arasında dövlət maliyyəsi ilə işləyən RosNeft də var idi ki, onun da sədri Putinin yaxın məsləhətçisi və tərəfdaşı İqor Seçin idi. RosNeft bu əməliyyatda Yukosun 100 milyard dollarlıq əmlakını ələ keçirdi ki, bunun da 7-12 milyard dollar civarında qiymətləndirilən hissəsi ABŞ investorlarına məxsus pay idi.


Aslund yazır ki, 2004-cü ildə ABŞ dövləti açıq şəkildə Putinin bu müsadirəsini təqdir etdi. Müəllif o zamankı ABŞ dövlət katibi Kolin Paueldən aşağıdakı sitatı gətirir: «Rusiya xalqı post-sovet erasından tam xaos dövrünə girmişdi. Burada çoxlu azadlıq var idi, amma bu azadlıq dövlətdən oğurlamaq azadlığı idi və prezident Putin ölkədə qanun-qaydanı bərpa edib demokratik yolla getdi».


Müəllif yazır ki, bu bəyanatdan ruhlanan Putin Yukosun daha iki neft yatağını əlindən alaraq RosNeftə verdi və bu əməliyyata «ilin fırıldağı» adını qoyan iqtisadi müşavir Andrey İllarionov dərhal vəzifəsindən azad edildi. ABŞ investorlarının isə pulu batdı, çünki, Avropadan fərqli olaraq Rusiya və ABŞ arasında kommersiya müqavilələrinin qorunması üçün heç bir dövlətlərarası müqavilə yox idi və ABŞ investorları onları müflis edənləri məhkəməyə belə verə bilmədilər.


Daha sonra Anders Aslund prezident Putinin daha bir Peterburqlu dostu, keçmiş KQB zabiti Leonid Reymanın adını çəkir. Putinin kommunikasiya üzrə nazir təyin etdiyi bu şəxs Sürix məhkəməsinin gəldiyi qərara görə Rusiya Telekommunikasiyaları şirkətinin həqiqi sahibidir və təkcə bu şirkətdəki varidatı 6 milyard dollardır. Bu məsələ ilə əlaqədar qalxan səs-küydən sonra belə Reyman öz vəzifəsində qaldı ki, bu da Putinin ona verdiyi dəstəyin göstəricisidir.


Müəllif qeyd edir ki, Putinçi biznesmenlərdən biri Oleq Şvartsman «Kommersant» qəzetinə açıq-aydın müsahibə verərək KQB-nin xeyrinə bir sıra özəl obyektlərə hücum çəkməsindən fəxrlə danışıb və bunu «məxməri reprivatizasiya» adlandırıb. Digər bir Putinçi siyasi təhlilçi-Stanislav Belkovski Almaniyanın «Di Velt» qəzetinə müsahibə verərək Putinin SurqutNeftQaz, QazProm və Qunvor şirkətlərində 40 milyard dollarlıq səhmlərə nəzarət etdiyini deyib.


Yekunda müəllif «Transparency İnternational» təşkilatına istinad edərək yazır ki, digər post-sovet ölkələrində ümumən korrupsiyanın azaldığı bir vaxtda Rusiyada korrupsiya getdikcə güclənir və həm Rusiya, həm də Putin üçün əsas problem odur ki, bu dərəcədə korrupsiyalaşan sistem uzun müddət sabit qala bilməz.


XS
SM
MD
LG