Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Obama niyə məscidə getməlidir?


«Obama İslamla Amerikanı qarşı-qarşıya qoyan monolit düşüncə tərzini sındıra bilər»
«Obama İslamla Amerikanı qarşı-qarşıya qoyan monolit düşüncə tərzini sındıra bilər»

İyunun 26-da «Nyu-York Taymz» qəzeti Barak Obamanın müsəlman-xristian münasibətlərində oynaya biləcək rolu barədə Rocer Koenin məqaləsini dərc edib. Bir vaxtlar Bosniyadakı hadisələri işıqlandırmış yazar qeyd edir ki, Amerikadakı son seçki kampaniyası dövründə müsəlmanlara münasibət çox həssasdır. Koen yazır ki, bəlkə də bu həssaslığa səbəb onun Bosniyadakı təcrübəsidir: «Eyni xoru biz onda da eşidərdik: Necə Bosniya və Kosovo müsəlmanları əslində «Türkdürlər» və yüksək doğum göstəriciləri ilə xristianlara qarşı «demoqrafik genosiddə» bulunurlar, necə onlar Türkiyədən Balkanlara qədər uzanan «müsəlman ayparası» qurmaq üçün planlar cızırlar və necə onlar hərbi əsirləri diri-diri şişə çəkirlər. Bütün bunlar deyilən vaxtı isə, təbii ki, Bosniyalı müsəlmanları xristian serblər konsentrasiya düşərgələrinə doldururdular ki, bu yerlər də Avropada həmişəlik yoxa çıxdığı hesab olunan qəddarlıqla həyata keçirilən işgəncə və sistematik ölüm mərkəzləri idi».


Müəllif qeyd edir ki, müsəlmanlara qarşı bütün bunlar baş verəndə hələ 2001-ci ilin sentyabr hadisələri olmamışdı, hələ əslən Misirdən olan Bat Yeor «Avrabiya» terminini uydurub Avropanın müsəlman emiqrantlar tərəfindən nəzarətə götürüləcəyini yazmamışdı, hələ Pat Buxanan «Qərbin Ölümü» kitabını yazmamışdı və Amerikalıları İslamı dünyanın sonuna gətirəcək terrorla eyniləşdirməyə hər cür üsulla inandırmağa başlamamışdılar.


Obama bu seçki kampaniyası ərzində kilsə və sinaqoqlara baş çəksə də, bir dəfə də olsun məscidə ayaq basmayıb. Onun kampaniyası və o, özü sonradan buna görə üzr istəsə də onunla görüşə gəlmiş başı bağlı müsəlman qadınları onun arxasında durmağa qoymayıb

Müəllif mübahisənin o biri tərəfinin də arqumentlərinə nəzər salaraq 2005-ci ildə Haaqada Ayan Hirsi Əli ilə gizli görüşünü yada salır. Onda islamçı radikallar Ayan Hirsi Əliyə ölüm hökmü kəsmişdilər və bu səbəbdən onunla görüş gizli keçirilirdi. Həmin vaxt Ayan Hirsi Əli demişdi ki, İslam sülh dini deyil və zorakılıq ideologiyası məhz müsəlman dininin özündən qaynaqlanır. Burada Rocer Koen bir daha xatırladır ki, «təbii ki, Quran İnsan Haqları Bəyannaməsi deyil: bəzi Quran ayələrindən də Əl-Qaidə və digər islamçı radikallar tərəfindən istifadə edirlər ki, öz qatil aktlarını əsaslandırsınlar. Təbii ki, İslam, özünün siyasi ifadəsində plüralizm, demokratiya və qadın hüquqları haqqındakı müasir anlayışlarla çox zaman barışmaz ziddiyyətə girir». «Lakin ona «ən zorakı din» demək yox. Beyrutdan Bağdada, oradan Qahirəyə və oradan da İstanbula qədər mən məhz İslamdan qaynaqlanan qonaqpərvərlik, səxavət və müdrikliyin möcüzələrini görmüşəm»-, deyə müəllif qeyd edir.
Öz dediklərini əsaslandırmaq üçün müəllif bu ilin əvvəlində Barak Obamanın Cakartada vaxtilə təhsil aldığı köhnə məktəbi misal gətirir. Müəllif qeyd edir ki, ora səfəri zamanı Amerika isteblişmentinin mədrəsə adlandırdığı bu məktəbə baş çəkib. Məktəbin direktoru ona məktəbin iri məscidini və kiçik kilsəsini göstərib və daha sonra ona İndoneziyanın simvolunda öz əksini tapmış bir şüara diqqətini cəlb edib: «Müxtəliflikdə birlik». Müəllif yazır ki, bu şüarı əməli şəkildə həmin məktəbdə görüb ki, orada təhsil alanların 85%-i müsəlman, qalanı xristian idi. Koen qeyd edir ki, Amerikanı da məhz bu cür görmək istərdi, stereotiplərsiz, dini təhqirlərsiz.


Rocer Koen qeyd edir ki, Obamanın tam adı Barak Hüseyn Obama və onun Keniyalı atası müsəlman olduğundan, onun İsrailə bağlılığı şübhə altına salındığından və Amerikada bir müsəlman xofu yaşandığından, o, daha ehtiyatlı olmağa məcbur olur. Bu yerdə müəllif «Taymz» dərgisinin yazarı Andrea Eliotdan sitat gətirərək qeyd edir ki, Obama bu seçki kampaniyası ərzində kilsə və sinaqoqlara baş çəksə də, bir dəfə də olsun məscidə ayaq basmayıb. Onun kampaniyası və o, özü sonradan buna görə üzr istəsə də onunla görüşə gəlmiş başı bağlı müsəlman qadınları onun arxasında durmağa qoymayıb.


Müəllif Obamanın dəfələrlə seçki kampaniyasında cəsarət nümayiş etdirdiyini qeyd edərək öz təklifini ortaya qoyur: «Obama məscidə baş çəkməlidir». Müəllif ümid edir ki, bu addım İudaizm və Xristian dini kimi dünya dini olan İslamla Amerikanı qarşı-qarşıya qoyan monolit düşüncə tərzini sındıra bilər. Müəllif qeyd edir ki, o, şübhə etmir ki, «Obama güclü İsrail tərəfdarıdır. Amma vacib olanı odur ki, o, İslama da qərəzsiz yanaşsın. Bu istər İranla dialoqun, istərsə də İsrail-Fələstin danışıqlarının baş tutması üçün təməl şərtidir».


Müəllif yekunda Avropa parlamentinin hollandiyalı üzvündən sitat gətirərək yazır ki, Avropada da İslamdan, müsəlmanlardan və emiqrantlardan qorxu dərin kök salıb. «İslama dair aparılan qorxu kampaniyası qlobal biznesdir. O, cəhalət və bilgisizliyin üzərində çiçəklənir. Obamanın unikal bir imkanı var ki, bu zənciri qırsın ki, burada müsəlmanların terroru pisləməsi də az rol oynamır. Uzunmüddətli planda dünyanı daha təhlükəsiz etmək üçün bundan böyük iş görülə bilməz»-, deyə Rocer Koen fikirlərini yekunlaşdırır.


XS
SM
MD
LG