Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:10

«Putin Rusiya mətbuatını necə susdurub?»


Harri Kasparov «Wall Street Journal»da məqaləsində Rusiyadakı vəziyyətdən yazır
Harri Kasparov «Wall Street Journal»da məqaləsində Rusiyadakı vəziyyətdən yazır

«Necə olub ki, mən indiyə qədər sağ qalmışam? Bu haqda düşünəndə görürəm ki, bu möcüzədir». Bu sözləri uzun illərdir Çeçenistandakı qətlləri qorxub-çəkinmədən araşdırmaqla məşğul olan Rusiyanın sonuncu araşdırmaçı jurnalisti Anna Politkovskaya bir neçə il əvvəl demişdi. İndi o, isveçrəli rejissor Erik Berkrautun «Annaya məktub» adlı sənədli filminin qəhrəmanıdır. Dünən Nyu-Yorkda «Human Rights Watch»un film festivalında bu filmin premyerası oldu. Bu barədə Harri Kasparov «Wall Street Journal»dakı məqaləsində yazır.


Öz fəaliyyəti ilə çoxlu güclü düşmən qazanmış 48 yaşlı Politkovskaya 2006-cı il oktyabrın 7-də mənzilinin qarşısında güllələnmişdi. Kasparov yazır ki, prezident kreslosunda Putini əvəz etmiş Medvedyev iyunun 11-də Moskvada keçirilmiş Ümümdünya Rusiya Mətbuatı Konqresində media azadlığını dəstəkləyəcəyinə söz vermişdi. Ancaq mənzərə dəyişməz olaraq qalır. Bu yaxınlarda Medvedyev kiril qrafikalı internetin zəruriliyindən danışıb. Keçmiş sovet respublikalarında rusdilli media orqanlarının bağlanmasını tənqid edib. O, hətta Rusiya televiziyalarının keyfiyyətindən də məmnunluqla danışıb. Hansı ki, Rusiya Televiziya Akademiyasının prezidenti Vladimir Pozner bu günlərdə etiraf edib ki, o, öz proqramına qonaqları dəvət etməzdən əvvəl onların siyahısını əvvəlcə kanalın rəhbərliyinə təqdim edir. Hansının dəvət edib-edə bilməyəcəyini öyrənir.


Kasparov yazır ki, 2000-ci ildə Sualtı Kurs Atom gəmisi Barents dənizində qəzaya uğrayanda gəmi heyətinin xilasetmə əməliyyatının uğursuzluğu cəmiyyətdə böyük etiraza səbəb olmuşdu. Həmin vaxtdan Putin mətbuatı susdurmağa başladı. Ona yaxın qüvvələr media orqanlarını ələ keçirdi. Əhalinin böyük əksəriyyətinin informasiya aldığı əsas media vasitəsi olan televiziyalar üçün qadağan olunmuş mövzular müəyyənləşdirildi.


Kasparov davam edib yazır ki, Boris Yetsinin dövrünə aid korrupsiya qalmaqalları rusiyalıların yaddaşında ona görə qalıb ki, həmin qalmaqallar barəsində o vaxt mətbuat məlumat verirdi. 90-cı illərdə bir-birləriylə çəkişən oliqarxlar bu didişmələrini mediada da aparırdılar. Putini əhatə edən oliqarxlarsa mediaya nəzarəti tam ələ alıblar. Ona görə də onların belə böyük varidatı hansı yolla əldə etmələrindən cəmiyyət çox az məlumatlıdır.


2000-ci ildə «Forbes» jurnalının dünya milyarderləri siyahısında bir dənə də rus yox idi. 2005-ci ildə isə bu siyahıda 36 rus peyda oldu. Bu gün isə onların sayı 87-dir. Bu, Almaniya Yaponiya milyarderlərinin birgə sayından çoxdur. Rusiya əhalisinin 13 faizinin aylıq gəliri isə 150 dollardan azdır və yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.


Kasparov onu da yazır ki, ümid edək ki, Politkovskaya haqqındakı bu sənədli film Rusiyadakı korrupsiya və senzuraya Qərbin daha böyük diqqətini cəlb edəcək. Bu film martda Praqada nümayiş olunanda Çexiyanın sabiq prezidenti Vaslav Havel demişdi ki, bu filmə çox adamın, xüsusilə də neft-qaz iyindən başı gicəllənən rus siyasətçilərini öpüb qucaqlayanların baxması yaxşı olardı.


XS
SM
MD
LG